08 İyul 2026 09:00
177
PARLAMENT
A- A+
Rəqəmsal inkişaf strategiyasının hüquqi bazası formalaşdırılır

Rəqəmsal inkişaf strategiyasının hüquqi bazası formalaşdırılır


İyulun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyətinin iyulun 3-də İran İslam Respublikasına səfəri barədə məlumat verib. Qeyd edilib ki, səfərdə məqsəd İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək olub. 

Spiker diqqətə çatdırıb ki, səfər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian, İslam Şurası Məclisinin Sədri Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşüb. Görüşlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə olunub, Azərbaycan xalqının dərin hüzn və ehtiramı İran xalqına çatdırılıb.

Sonra Milli Məclisin Sədri Sahibə Qafarova iclasda 17 məsələnin müzakirə ediləcəyini nəzərə çatdırıb. 

İclasda ilk olaraq  "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "İctimai iştirakçılıq haqqında" və "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) təsdiq olunub. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd olunub ki, təqdim edilən layihə uyğunlaşdırma xarakterlidir. Belə ki, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qanunvericiliyə müvafiq dəyişiklik təklif olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə komitənin müsbət rəyini diqqətə çatdırandan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda daha sonra "Büdcə sistemi haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş), "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanunn layihəsi (ikinci oxunuş) qəbul olunub. 

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan doqquz məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti beş məsələ ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və onların dördü mahiyyətcə bir-birinə yaxındır. Bildirilib ki, bu dörd məsələ və 13-cü məsələ ilə bağlı iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, Milli Kibertəhlükəsizlik Agentliyi İdarə Heyətinin sədri Fərid Zeynalov, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və agentliyin Hüquq departamentinin müdiri Kaul Məmmədov dəvət olunublar. 

Beləliklə, növbəti 4 məsələnin təqdimatları və müzakirələri  birgə, səsvermələri ayrı-ayrı keçirilib. Onların birgə təqdimatını İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov edib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş innovativ fəaliyyətin dəstəklənməsinə dair qanun layihələri dövlətimizin rəqəmsal və texnoloji inkişafın yeni mərhələsi üzrə təşəbbüslərini və strateji hədəflərini özündə əks etdirir. O, bu sənədləri bir-biri ilə sıx bağlı olan, vahid innovasiya zəncirinin hüquqi təminatını yaradan inteqrə edilmiş qanunvericilik paketi kimi dəyərləndirib.

Ölkəmizdə qurulmaqda olan vahid rəqəmsal inkişaf arxitekturasını vurğulayan komitə sədri bildirib ki, innovasiyaların dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ölkənin düşünülmüş, müasir çağırışları nəzərə alan uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. O, Prezident İlham Əliyevin rəqəmsal inkişafı dövlətimizin gələcəyini müəyyən edən mühüm amil kimi qiymətləndirdiyini xatırladaraq, təqdim olunan qanun layihələrinin bu strateji baxışın qanunvericilik müstəvisində həyata keçirilməsinə xidmət etdiyini deyib.

Komitə sədri bildirib ki, layihələr rəqəmsal inkişaf strategiyasının hüquqi bazasının formalaşdırılmasına, innovativ iqtisadiyyatın inkişafına, yeni maliyyələşdirmə mexanizmlərinin, investisiyaların, intellektual mülkiyyətin və startapekosisteminin hüquqi təminatının gücləndirilməsinə yönəlib.

O, layihələri innovasiyalar sahəsində özəl sektorun genişlənməsini, bu sahəyə investisiyaların cəlb edilməsini və Azərbaycanın regional innovasiya mərkəzlərindən birinə çevrilməsini dəstəkləyən mühüm qanunvericilik təşəbbüsü kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, layihələrin məqsədi vençur, kraudfandinq və "mələk investor" kimi maliyyələşmə alətlərinin milli qanunvericilikdə tanınmasını təmin etməkdir. Həmçinin bu layihələr rəqəmsal cəmiyyətin çoxsaylı anlayışlardan ibarət müasir, innovativ leksikonunu formalaşdırır. Qanunvericilik paketi innovasiya layihələrinin həyata keçirilməsində özəl sektoru ciddi şəkildə təşviq edəcək.

Komitə sədri bildirib ki, gündəliyin 9-cu məsələsi olan "Kraudfandinq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) innovasiya layihələrinin yeni maliyyələşmə mexanizmini  hüquqi müstəviyə gətirir. Kraudfandinq vasitəsilə sahibkarlar, xüsusilə startaplar və kiçik biznes subyektləri çoxsaylı investorlardan rəqəmsal platformalar üzərindən vəsait cəlb edə biləcəklər. 

10-cu məsələ olan  Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)  12 normativ-hüquqi akta  dəyişiklikləri nəzərdə tutmaqla "Kraudfandinq haqqında" qanun layihəsinin qəbul edilməsindən sonra onun tətbiqi üçün zəruri və tamamlayıcı hüquqi baza yaradır.

Gündəliyin 11-ci məsələsi olan  Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 6 normativ akta dəyişiklikləri təklif etməklə, mahiyyətcə innovativ sahibkarlığın maliyyələşdirilməsi üçün müasir investisiya və korporativ idarəetmə mexanizmlərini milli qanunvericiliyə gətirir.

Gündəliyin 12-ci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də 6 normativ akta dəyişikliklər təklif etməklə, innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində çoxşaxəli güzəştlər və təşviqlər nəzərdə tutur. Azər Əmiraslanov sonda vurğulayıb ki, təqdim edilən qanunvericilik paketi Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçidində mühüm hüquqi mərhələ olmaqla innovativ sahibkarlığın maliyyələşdirilməsi üçün yeni imkanlar yaradacaq və milli iqtisadiyyatımızda ciddi keyfiyyət dəyişikliklərinə təkan verəcəkdir. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 10-cu, 11-ci və 12-ci məsələlərə dair, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 11 və 12-ci məsələlərə dair komitələrinin rəylərini təqdim ediblər. 

Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Şahin İsmayılov, deputatlar Razi Nurullayev, Nizami Səfərov, Müşfiq Cəfərov, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Mehriban Vəliyeva, Azər Allahverənov, Aydın Mirzəzadə çıxış ediblər, fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Sonra qanun layihələrinin dördü də  ayrı-ayrı səsə qoyularaq birinci oxunuşda qəbul olunub.  

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi ölkəmizin rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Qeyd olunub ki, müasir dövrdə rəqəmsal suverenlik, enerji sistemləri, bank infrastrukturu, elektron hökumət platformaları, dövlət informasiya ehtiyatları, rabitə şəbəkələri, rəqəmsal xidmətlər və vətəndaşların fərdi məlumatları milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elektron hökumət quruculuğu, rəqəmsal xidmətlərin genişləndirilməsi, kibertəhlükəsizlik sisteminin formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qəbul olunan qərarlar yeni rəqəmsal suverenlik siyasətinin sistemli xarakter daşıdığının bariz nümunəsidir.

Nəzərə çatdırılıb ki, qanun layihəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Sənəddə dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur. Həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir. Bununla yanaşı, informasiya infrastrukturu subyektləri, internet provayderlər, hostprovayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.

Məsələnin müzakirəsi zamanı parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Rizvan Nəbiyev, Müşfiq Məmmədli, Sevil Mikayılova çıxış edərək, təklif olunan dəyişikliklərin vacibliyindən danışıblar. Millət vəkilləri rəqəmsallaşmanın dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından önəmli olduğunu qeyd ediblər.

Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Nəzərə çatdırılıb ki, layihə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə  hazırlanıb. Sənədə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.

Qeyd olunub ki, layihə dövlətin fiskal və sosial maraqları ilə sahibkarın maliyyə çevikliyi arasında balanslı yanaşmanı təmin edir. Sənəd vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün əlavə maliyyə mənbələrinin yaradılmasına, qeyri-neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətindən bəhs edib. Bildirilib ki, qanun layihəsi ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını təmin etməyi nəzərdə tutur.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.

Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınaraq, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə iki illik keçid dövrü nəzərdə tutulur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov daha sonra "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər təklifləri ilə birlikdə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri barədə əsaslandırılmış müraciətlərini satınalma komissiyasına təqdim edə bilərlər.

Bununla yanaşı, layihədə göstərilir ki, satınalma komissiyası nəzarət orqanının bir mənbədən satınalma metodunun tətbiqinə dair razılığını aldıqdan sonra müraciətlər əsasında, habelə belə müraciətin edilmədiyi hallarda öz təşəbbüsü ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan qeyri-rezident hüquqi və ya fiziki şəxs tərəfindən icra və  avans təminatının ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə, satınalma komissiyasını formalaşdıran satınalan təşkilat 10 iş günü müddətində bununla bağlı əsaslandırılmış müraciətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edir. Həmin orqan isə 20 iş günü ərzində qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edir.  Qərarın qəbul edildiyi tarixdən 12 ay ərzində həmin qeyri-rezident hüquqi və ya fiziki şəxsdən eyni satınalan təşkilat tərəfindən eyni satınalma predmetinin satın alınmasına tələbat yarandıqda, həmin təchizatçıya münasibətdə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilmə barədə qərarın qəbul edilməsi tələb olunmur.

Deputat Rəşad Mahmudov məsələ ilə bağlı bəzi qeydlərini açıqladıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. Bildirilib ki, layihədə təklif olunan dəyişikliklər ölkəmizdə sığorta sisteminin inkişafına, sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, qanunda nəzərdə tutulan dəyişiklikdə könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödənilməsi müəyyən edilir.

Bununla yanaşı, layihədə sığorta ödənişlərinin sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödənilməsi təklif olunur. Bu dəyişiklik həmçinin Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" Konvensiyasının tələblərinə uyğundur.

Sənəddə habelə sığorta fondunun sabitliyinin qorunması, sistemin proqnozlaşdırıla bilən olması, çox yüksəkgəlirli şəxslərlə orta gəlirli şəxslər arasındakı ödəniş balansının qorunması məqsədilə birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilərək ödənilməsi təklif olunur.

Məsələ barədə deputat Elçin Mirzəbəyli öz fikir və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranın sabiq Ali Rəhbərinin tabutu İraqa gətirilib

09:40
08 İyul

ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

09:30
08 İyul

Uşaqların zərərli təsirlərdən qorunması dövlətin sosial siyasətinin tərkib hissəsidir

09:20
08 İyul

Data suverenliyi rəqəmsal inkişafın əsas komponentidir

09:10
08 İyul

Rəqəmsal inkişaf strategiyasının hüquqi bazası formalaşdırılır

09:00
08 İyul

Ermənistanın konstitusiya imtahanı

08:50
08 İyul

Qarşılıqlı etimad üzərində qurulan strateji tərəfdaşlıq 

08:40
08 İyul

Yeni siyasi dinamika Azərbaycan-ABŞ əlaqələrini gücləndirir

08:30
08 İyul

Siyasi iradədən strateji tərəfdaşlığa

08:20
08 İyul

Azərbaycanın rəqəmsal inkişaf strategiyasında yeni mərhələ

08:10
08 İyul

Azərbaycan diplomatiyasının konturları

08:00
08 İyul

"Metrik Konvensiya"ya qoşulmaq haqqında

01:01
08 İyul

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında

01:00
08 İyul

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
08 İyul

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

00:58
08 İyul

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında

00:57
08 İyul

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 428-VIIQ nömrəli Qanununun tətbiqi barədə 

00:56
08 İyul

“GORAN PAMBIQ” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ SƏHMDARLARININ NƏZƏRİNƏ

00:55
08 İyul

DÇ-2026: Argentina Misiri son dəqiqələrdə vurulan qolla mübarizədən kənarlaşdırıb

22:30
07 İyul

Haaqada Azərbaycan və Niderland parlamentləri arasında geniş fikir mübadiləsi aparılıb

22:26
07 İyul

Kraudfandinq fəaliyyətinin hüquqi əsasları yaradılır

21:28
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!