Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
Yeni qanunun qəbulunda məqsəd mövcud qanunvericiliyin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin daha effektiv qorunması, sosial təminat mexanizmlərinin gücləndirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılmasıdır. Bu qanunun qüvvəyə minməsilə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli 499-1Q nömrəli qanunu ləğv olunub.
"Uşaq hüquqları haqqında" yeni qanun ölkədə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.
Qanuna əsasən, ölkədə yaşayan hər bir uşaq mənşəyindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailəsinin sosial və maddi vəziyyətindən asılı olmayaraq eyni hüquq və azadlıqlara malikdir. Heç bir uşaq hər hansı xüsusiyyətinə görə fərqləndirilə və ya hüquqlarından məhrum edilə bilməz. Eyni zamanda Azərbaycanda yaşayan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar da qanunvericilikdə və beynəlxalq öhdəliklərdə başqa hal nəzərdə tutulmadığı təqdirdə bu qanunun təmin etdiyi bütün hüquq və imkanlardan yararlana biləcəklər.
Qanunda göstərilir ki, hər bir uşaq cəmiyyətdə bərabər hüquqlara sahibdir və heç bir halda ayrı-seçkiliklə üzləşməməlidir. Uşaqlar valideynlərinin və ya onları əvəz edən şəxslərin davranışlarına görə məsul tutulmur, bu səbəbdən onların hüquqlarının məhdudlaşdırılmasına da yol verilmir. Həmçinin uşağın nikah daxilində və ya nikahdankənar dünyaya gəlməsi onun hüquqlarına heç bir təsir göstərmir və hər iki valideynlə bağlı eyni hüquqlara malik olması təmin edilir. Dövlət eyni zamanda uşağın şəxsiyyətinin qorunmasına xüsusi önəm verir, onun adı, vətəndaşlığı və ailə bağlarının saxlanılması hüququnu müdafiə edir.
Qanuna əsasən, hər bir uşağın şəxsi və ailə həyatı dövlət tərəfindən qanunla qorunur və bu sahədə məxfiliyin saxlanılması təmin edilir. Qanunda nəzərdə tutulan istisna hallar xaric, uşağın şəxsi həyatına hər hansı müdaxilə yolverilməz sayılır. Eyni zamanda uşaqlar qanunsuz izlənmə, onların görüntüsünün və ya səsinin icazəsiz qeydə alınmasından hüquqi şəkildə müdafiə olunur. Beləliklə, video və foto çəkilişi, səs yazısı və digər oxşar müdaxilələr yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür.
Səkkiz fəsil, 63 maddədən ibarət qanunda uşaqlara qarşı cismani cəza anlayışı ayrıca təsbit olunur və bu cür halların yolverilməzliyi açıq şəkildə vurğulanır.
Qanun uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları özündə ehtiva edir. Erkən evliliklərin qarşısının alınması, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququnun, şərəf və ləyaqətinin, fərdiliyinin və sosial müdafiəsinin təmin edilməsi, eləcə də uşaq alveri və istismarının qadağan olunması və digər məsələlər ilə bağlı irəli sürülən təkliflər sənəddə öz əksini tapıb.
Uşaqlar hər bir cəmiyyətin gələcəyidir. Onların sağlam, təhlükəsiz və hüquqları qorunan mühitdə böyüməsi sabahın daha güclü cəmiyyətinin formalaşmasına kömək edir. Yeni qanun da məhz bu məqsədə xidmət edir. Xüsusilə müasir dövrdə uşaqların təhlükəsizliyi və rifahı məsələsi daha böyük əhəmiyyət daşıyır. Qanun bu sahədə dövlətin məsuliyyətini daha da artırır.
Yeni hüquqi qaydalar dövlət qurumlarının fəaliyyətini daha koordinasiyalı hala gətirir. Aidiyyəti qurumlar uşaqlarla bağlı məsələlərə daha operativ yanaşa biləcəklər. Xüsusilə risk altında olan uşaqların vaxtında müəyyən edilməsi və müdafiəsi daha səmərəli olacaq. Bu qanun eyni zamanda ailə institutunun güclənməsinə də töhfə verəcək. Çünki uşağın hüquqlarının qorunması ailədə sağlam münasibətlərin formalaşmasını stimullaşdırır. Sağlam ailə isə sağlam cəmiyyət deməkdir. Cəmiyyətdə hər bir fərd bu qanunun əhəmiyyətini dərk etməlidir. Çünki uşaqların hüquqlarının qorunması bütün cəmiyyətin ortaq məsuliyyətidir.
Unutmayaq ki, uşağa göstərilən qayğı, əslində, ölkənin gələcəyinə göstərilən qayğıdır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"