Xəbər verildiyi kimi, Azərbaycan və Rusiya prezidentlərinin
Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş
anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü ildə Rusiya Federasiyasının
hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində
"Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli təyyarənin
Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi
də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə
razılığa gəliblər.
Bu isə atılan addımların müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində
faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq
səylərini nümayiş etdirir. Eyni zamanda Azərbaycanın yürütdüyü düşünülmüş,
davamlı siyasətin uğurlarından biri kimi qiymətləndirilə bilər.
Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə
açıqlamasında deyib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25
dekabrında vurulması ilə bağlı Azərbaycanın Rusiya qarşısında irəli sürdüyü
bütün tələblərin yerinə yetiriləcəyi haqda hər iki ölkənin xarici işlər
nazirliklərinin birgə bəyanatı ölkələrimiz arasında əlaqələrin normal qonşuluq,
qarşılıqlı fayda və hörmət çərçivəsində davam etdiriləcəyi təəssüratı yaradır:
"Bu, mühüm addımdır və alqışlayıram. Burada "təəssüratı yaradır"
ifadəsini təsadüfən qeyd etməmişəm. Çünki ötən il oktyabrın 9-da Azərbaycan və
Rusiya prezidentlərinin Düşənbədəki görüşlərindən, orada təyyarəmizin
vurulmasına görə ən yüksək səviyyədə üzrxahlığa və ardınca lazımi digər
addımların da atılacağının vəd edilməsinə baxmayaraq, bundan heç 3 ay keçməmiş
Rusiyanın İstintaq Komitəsinin sözügedən məsələ ilə bağlı qaldırılan cinayət
işinə xitam verildiyini bildirməsinin şahidi olmuşduq. Qarşı tərəf yenə ən yüksək
səviyyədə müəyyən təhriflərə yol verərək, həmin təyyarənin vurulduğunun necə
baş verdiyinin hər kəsə məlum olduğu halda
Rusiyanın İstintaq Komitəsinin "AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz
hava şəraiti səbəbindən enə bilməyib, daha sonra eniş zamanı yerə çırpılıb"
rəyi təkcə onu hazırlayanların və həmin qurumun başında duranların hansı səviyyədə
olduqlarından xəbər verirdi".
Sahib Alıyevin sözlərinə görə, vurulan təyyarə ilə bağlı Azərbaycanın
sırf beynəlxalq hüquqa, öz təcrübəsinə və normal qonşuluq ənənəsinə dayanan tələbi,
nə qədər tez yerinə yetirilsəydi, hər iki tərəf üçün o qədər yaxşı olardı. Amma
necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir. İlk növbədə də
qayıdanın özü üçün xeyirdir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"