06 İyun 2026 09:05
140
İQTİSADİYYAT
A- A+
Təbiətin şıltaqlığı pambıqçıları qorxutmur

Təbiətin şıltaqlığı pambıqçıları qorxutmur


Sahənin o başından cərgələr arası ilə aşağı sürətlə gələn kultivator bizə çatanda dayanır. Traktorun sürücüsü Novruz Abasov kabinədən düşüb bizə yaxınlaşır. Baş aqronom Füzuli Quliyev bizi mexanizatorla tanış edir: "Müəssisəmizin ən işgüzar mexanizatorlarından biridir. Artıq 17 ildir ki, bu işlə məşğuldur. Sahibkarların hamısı ondan razılıq edirlər. Çalışır bir dənə də olsun pambıq kolunun burnu qanamasın".

Baş aqronom torpaq mülkiyyətçisi Lətif Dadaşovla və mexanizator Novruzla birlikdə cərgələr arasına çəkilən kultivasiyanı diqqətlə nəzərdən keçirirlər. Aqronom mexanizatora: "Ay Novruz, iş orqanları hər iki tərəfdən cərgədən bir az aralıdır. Məsləhətdir, onları cərgəyə tərəf 5-6 santimetr çəkəsən. Onda işçi orqanlar bitkilərə lazımi yaxınlıqdan gedər. Bu da boy atmaqda olan kolların dibini yaxşı yumşaldar və onların inkişafını sürətləndirər". Mexanizator "Baş üstə, indicə həll edərəm", - deyib traktorun kabinəsinə qalxır, bir neçə açar götürüb deyilən tapşırığı yerinə yetirməyə başlayır. Baş aqronom  F.Quliyev fermer L.Dadaşova üzünü tutaraq: "Vaxtında dərmanlama apardın, nəticəsi də pis deyil. Demək olar ki, trips xəstəliyindən əsər-əlamət qalmayıb. Hava şəraitinə görə bitkilər bir qədər zəif inkişaf edib. Eybi yoxdur, havalar istiləşdikcə hər şey qaydasına düşəcək", - deyir. 

Burada marağımızı gizlədə bilməyib: "Sizcə, bu il havaların belə keçməsi kənd təsərrüfatına necə təsir göstərir" - sualı ilə baş aqronoma müraciət edirik. O isə: "Hər şeyin düzünü Allah bilər", - deyib köksünü ötürür. - "Amma onu bilirəm ki, böyük Yaradan insanı heç vaxt ümidsiz qoymaz. Görünür, bu da bir sınaqdır". Müsahibim qlobal iqlim dəyişmələrindən söz açaraq bunun beynəlxalq problem olduğunu yada salır, mətbuatda yazılan informasiyalara toxunur, sonra da deyir: "Hələ bizim ölkəmiz şükürlüdür. Dünya dağılır, qardaş. Bəlkə, bunlar ölkələrə, onların başında duranlara bir xəbərdarlıqdır. Yaradan demək istəyir ki, dayanın, durun, tikib-qurduqlarınızı xarabalıqlara çevirməyin, günahsız gənclərin, uşaqların, qadınların, qocaların ölümünə bais olmayın! Havanı, ekologiyanı ən çox bu müharibələr zəhərləyir, pozur. Şükürlər olsun ki, bizdə o miqyasda təbii fəlakətlər yoxdur. Havaların yağmurlu keçməsi də bəzi istisnaları nəzərə almasaq, elə də fəlakət deyil. Əksinə, yağmurlar nəticəsində zəmilərdə bol arpa-buğda hasilə gəlib. Fermerlər artıq biçinə başlayıblar. Pambıqçılıqda yaranan müəyyən gecikmələrə gəldikdə havalar qızdıqca inkişaf inşallah sürətlənəcək". 

Baş aqronomla söhbət zamanı onu da öyrəndik ki, hazırda pambıq sahələrinin bəzisində birinci, bəzisində ikinci kompleks becərmə gedir. Paralel olaraq sahələr alaq otlarından təmizlənir. Bunun üçün hər gün tarlalara 150-200 qız-gəlin çıxıb kətmənləmə aparır. F.Quliyev bunlarla yanaşı, onu da bildirdi ki, iyun ayının 15-dən pambığın birinci suvarılmasına başlanılacaq. O vaxta qədər sahələr alaq otlarından tam təmizlənəcək və kultivatorla hər hektara ən azı 200 kiloqram azot və ya karbamid gübrəsi veriləcək.  Söhbət "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Salyanın Qızılağac kəndində yerləşən İstehsalat və Tədarük Məntəqəsinin əkin sahəsindən gedir. Baş aqronom F.Quliyev bildirdi ki, müəssisə keçən il uğurlu nəticələr qazanıb. 1000 hektar sahənin hər hektarından orta hesabla 37,3 sentner məhsul əldə edilib. Fermerlərdən Ramal Abdullayev, Taleh Ağaşov, Rza Gözəlov daha yüksək nəticələrə nail olublar. Onlar hər hektardan 50 sentner civarında "ağ qızıl" hasil ediblər. 

Bu ilin əvvəlində məntəqə fermerlərlə 1056 hektarda pambıq əkib-becərmək üçün müqavilə bağlayıb. Fermerlər müəssisə tərəfindən əkin zamanı keyfiyyətli toxumla təmin olunub və əkin vaxtında başa çatdırılıb. Hazırda becərmə işləri gündən-günə sürətləndirilir. Torpaq mülkiyyətçiləri becərmə texnikası, mineral gübrələr, xəstəliklərə qarşı mübarizə aparmaq üçün dərman peraparatları, habelə sahələrin alaq otlarından təmizlənməsi və suvarma işlərinin görülməsi ilə bağlı avans olaraq pul alıblar. Bütün bunlar isə havaların sabit keçmədiyi bir şəraitdə fermerləri daha yaxşı işləməyə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı keçirilən müşavirədə verdiyi tapşırıqları layiqincə həyata keçirməyə və hər hektardan 50 sentner məhsul götürməyə ruhlandırır. 


Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!