"Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasından 30 il ötür
2026-cı il dünyanın nəhəng karbohidrogen yataqlarından biri olan "Şahdəniz"in yubiley ilidir. Belə ki, 30 il əvvəl - 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlər arasında Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.
"Şahdəniz" həmin yataqdır ki, Azərbaycanı dünyada qaz ixracatçısı kimi tanıdıb. Bu gün şaxələnərək dünyanın 16 ölkəsinə qaz nəql edən "Cənub qaz dəhlizi"nin əsas ehtiyat mənbəyi məhz bu yataqdır.
"Şahdəniz" layihəsinin operatoru olan BP-dən aldığımız məlumatda vurğulanır ki, bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və şirkətin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. 20 ilə yaxındır bu yataq Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edir. 2020-ci ilin dekabrında "Cənub qaz dəhlizi"nin tamamlanması nəticəsində "Şahdəniz" Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə Avropa üçün yeni enerji təchizatı mənbəyinə çevrilib.
Xatırladaq ki, "Şahdəniz" Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və yatağın ərazisində suyun dərinliyi 50 metrdən 600 metrədək dəyişir, sahəsi isə 140 kvadratkilometrdən çoxdur.
1999-cu ildə kəşf edilmiş yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var. "Şahdəniz"dən ilk hasilat 2006-cı ildə əldə edilib. Bu o deməkdir ki, həm də yataqdan ilk hasilatın 20 ili tamam olur.
"Şahdəniz"in "yaş"ı çox olmasa da, salnaməsi zəngindir. Belə ki, 2013-cü il dekabrın 17-də "Şahdəniz" konsorsiumu yatağın işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarını elan etdi. İkinci faza 2018-ci ildə hasilata başladı.
Keçən il "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından ümumilikdə təxminən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil olunub. İlk hasilat başlayandan carı ilin birinci rübünün sonunadək yataqdan 271 milyard kubmetr qaz və təxminən 53 milyon ton kondensat çıxarılıb.
"Şahdəniz"in quyuları özünün məhsuldarlığı ilə də seçilir. BP-nin dünya üzrə ən yüksək hasilat göstəricisinə malik 20 quyusundan 17-si bu yataqdadır. Bu isə yataq layının yüksək keyfiyyətini və əməliyyat mükəmməlliyini aydın şəkildə nümayiş etdirir.
Hazırda "Şahdəniz" yatağının ən məhsuldar quyusundan hasilat gündə 28 min barel neft ekvivalentinə çatır. İndiyə qədər "Şahdəniz"də ümumilikdə 34, o cümlədən "Şahdəniz-1"də 11, "Şahdəniz-2"də 23 quyu qazılıb. Bu quyulardan 32-si hazırda istismardadır.
2006-cı ildə istifadəyə verildikdən etibarən CQBK, eləcə də genişləndirilmiş CQBK vasitəsilə daxili bazarlar da daxil olmaqla təxminən 271 milyard kubmetr "Şahdəniz" qazı ixrac edilib. Cari ilin birinci rübünün sonuna "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərə ümumilikdə 31 milyard dollar əsaslı xərclər çəkilib.
"Şahdəniz" layihəsi texniki təhlükəsizlik üzrə də yüksək göstəricilər əldə edib. Bu həm də ətraf mühitə məsuliyyətlə yanaşan bir layihədir. İndiyədək layihə çərçivəsində 16 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 98 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.
Beləliklə, "Şahdəniz" yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkənin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanı ən irihəcmli birbaşa xarici investisiya ilə təmin edib və iqtisadiyyatımızı daha da gücləndirib. Ölkəmiz quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib olub. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə olunmaqla beynəlxalq standartlara uyğun inşa edilib.
"Şahdəniz" üzrə sazişin imzalanmasının 30-cu ildönümü Azərbaycanın neft-qaz səna-yesinin yeni tarixində mühüm bir mərhələdir. Bu, təkcə SOCAR, BP və "Şahdəniz" sazişi üzrə digər tərəfdaşlar üçün deyil, bütün xalqımız üçün tarixi əhəmiyyət daşıyan bir gündür.
Flora SADIQLI,
"Azərbaycan"