İkinci Qarabağ müharibəsi başlayan gündən düşmənə qarşı Füzuli istiqamətində döyüşənlərin sırasında zabit Amid Heydərovun komandiri olduğu tank bölmələri də var idi. Əks hücum əmri verilən kimi 32 yaşlı gənc zabit Amid Heydərov tabeliyində olan zirehli texnikalar yağıların müdafiə xəttini yarmaq üçün irəli şığıdı.
Amma işğalçılar neçə ildən bəri möhkəmləndikləri mövqelərdən geri çəkilmir, ciddi müqavimət göstərir, mövqelərinə yaxınlaşan hərbi texnikaları və canlı qüvvələri atəşə tuturdular. Buna baxmayaraq, gənc zabitin komandiri olduğu tank bölmələri mərmilərdən yayınaraq düşmənin mövqelərinə atəş aça-aça irəliləyirdilər. Heyət üzvləri komandirin verdiyi döyüş əmrlərini yerinə yetirərək böyük şücaət göstərir, ermənilərə qarşı cəsarətlə vuruşurdular. Dəqiq atəşlə qəsbkarların texnikaları, artilleriya qurğuları sıradan çıxarılır, işğalçılar addım-addım geri çəkilirdi.
Bir neçə gündən sonra zabit Amid Heydərovun tank bölüyünü Cəbrayıl istiqamətinə göndərirlər. Zirehli texnikalar düşmən mövqelərini atəşə tuta-tuta irəliləyir, arxadan gələn piyadalara yol açırdı. Cəbrayılın Nüzgar kəndi uğrunda gedən döyüşlərdə işğalçılar tərəfindən iki tankın vurulması gənc zabiti çox qəzəbləndirdi. Qarşısına məqsəd qoydu ki, nəyin bahasına olursa olsun, tanklarına atəş açılan mövqeləri darmadağın edəcək. Məqsədinə çatmaq üçün düşmənin müdafiə xəttini yararaq xeyli irəli gedən Amid arsenalında olan mərmiləri dolu kimi düşmənin mövqelərinə yağdırdı. Düşmən postları darmadağın edildi, piyadaların irəliləməsi üçün yol açıldı. Lakin sursatı qurtardığı üçün geri qayıtmaq istəyəndə ermənilər onlara atəş açdı, tankları vuruldu. Amid Heydərovun tankı da alovlandı. Son döyüş tapşırığını sonacan yerinə yetirən heyət üzvləri ilə bərabər, komandir də oktyabrın 3-də Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Qələbə ilə başlayan döyüş yolu yarımçıq qaldı. Onun döyüş yolunu əsgərləri, zabit yoldaşları davam etdirdi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qarşıya qoyulmuş döyüş tapşırıqları cəsur bir zabit, komandir kimi yerinə yetirən Amid Heydərov doğulduğu Lerikdə doğmalarının, yaxınlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehtiramla torpağa tapşırıldı. O, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görüldü. Şəhidlik zirvəsinə ucalana qədər isə zabit Amid Heydərov nümunəvi xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalına layiq görülmüşdü.
Amid Rəbbil oğlu Heydərov 1988-ci il mayın 20-də Lerikdə dünyaya göz açmışdı. Kiçik yaşlarından iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu özünə örnək seçən Amid böyüyəndə general olmaq istəyirdi. Arzusuna çatmaq üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdu. Sonra təhsilini Heydər Əliyev adına Hərbi İnstitutda davam etdirmişdi. Dörd il ərzində hərb sənətinin sirlərinə mükəmməl yiyələnmiş, uşaqlıq arzusunu reallaşdıraraq tankçı olmuşdu.
Qəhrəmanın atası Rəbbil kişi övladı haqqında göz yaşı içində danışdı. Dedi ki, döyüşün qızğın çağında işğalçılar oğlunun komandiri olduğu tanklardan birini vururlar: "Döyüşçü yoldaşları yaralıları tankdan çıxarmaq istəsələr də, ermənilər buna imkan vermirlər. Amid qorxmadan zirehli texnika ilə düşmən üzərinə gedir, işğalçıları susdurur. Mərmisi qurtardığı üçün geri qayıdanda tankı vururlar. Oğlum zirehli texnikanın içində qəhrəmancasına şəhid olur. Amid Aprel döyüşlərində Lələtəpə yüksəkliyinə çıxan ilk tankçı olmuşdu. Oğlum İkinci Qarabağ müharibəsində bu qəhrəmanlığını təkrarladı. 32 yaşlı Amid 44 günlük Vətən müharibəsində də hücum əmri veriləndə tankı ilə birgə düşmənin müdafiə xəttini yardı, işğalçılara göz açmağa imkan vermədən son mərmisinə, son nəfəsinədək böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Qəhrəmanlığı, igidliyi ilə hər yerdə başımızı uca etdi. Özü də ucalıqlara yüksəldi".
Şəhid anası Şükufə Heydərova dedi ki, oğlunun intiqamı düşməndən alınıb, Şuşaya Zəfər bayrağımız sancılanda başqa şəhidlər kimi, Amidin də ruhu şad olub: "Hər gün onun otağında şəkilləri və paltarları ilə danışıram. Övlad itkisinə dözmək çox çətindir. Onun yoxluğu ilə barışa bilmirəm. Təskinliyimizi yalnız onunla tapırıq ki, Amid Vətən uğrunda şəhid olub. Amid çox mərd, qorxmaz uşaq idi. Oğlum 32 illik ömründə iki müharibə gördü. Aprel döyüşlərində də iştirak etmişdi. Zabit yoldaşları ona "Aprel döyüşlərinin qəhrəmanı" deyirdilər. 44 günlük Vətən müharibəsində tankın üstünə "Şuşa - son ünvanımız" sözlərini yazmışdı. Çox təəssüf ki, o, müqəddəs məkana çata bilmədi, qəhrəmancasına şəhid oldu".
Şəhidin həyat yoldaşı Nuranə Heydərova: "8 ildir ailə həyatı qurmuşduq. Hərbçi olmaq şərəfdir, lakin şərəfli olduğu qədər də çətindir. Amidin yoxluğundan illər keçməsinə baxmayaraq, hələ də onu itirdiyimə inana bilmirəm. Ürəyi yumşaq, mehriban insan idi. Prezidentə minnətdarlığımı bildirirəm ki, Amidin qəhrəmanlığını layiqincə qiymətləndirdi".
Bakının Nizami rayonundakı küçələrdən biri 2023-cü ildən Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Amid Rəbbil oğlu Heydərovun adını daşıyır. İndi bu küçədən keçənlər cəsur tankçı Amid Heydərovun xatirəsini hörmətlə yad edirlər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"