Bu şəhərtipli yaşayış məskəni Heydər Əliyevin təşəbbüsü ilə salınıb
Şəmkir rayonunda dörd şəhərtipli qəsəbə var - Zəyəm, Çinarlı, Dəllər və Kür qəsəbəsi. Onlardan ən gənci Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə rayonun şimal-şərq istiqamətində salınmış Kür qəsəbəsidir.
Şəmkir SES-in ilk rəisi işləmiş Hafiz Yusifov xatirələrində bildirir ki, qəsəbənin ilk sakinlərindən biri olub: "O vaxtlar burada 5-6 taxta vaqon-ev var idi. Camaat arasında "energetiklər evi" deyirdilər. Tikintidə işlər böyüdükcə, fəhlə və mütəxəssislər çoxaldıqca, ikinövbəli, üçnövbəli iş rejimi tətbiq edildikcə "energetiklər evi" böyüməyə başladı. Şəxsən mənim də iştirak etdiyim heyətin tərkibində Heydər Əliyev yaşayış məskəninin seçilməsi üçün bir neçə dəfə əraziyə baxış keçirdi. Mütəxəssislərlə söhbətdən, müəyyən layihələri müzakirədən sonra -1975-ci ildə fəhlə və qulluqçularımız üçün evlərin ilk təməl daşları qoyuldu. Əvvəllər camaat arasında bura "Energetiklər qəsəbəsi" adlandırılsa da, 1978-ci ildə rəsmləşdirmə zamanı Kür çayının sahilində salındığından Kür qəsəbəsi adlandırıldı. Bir neçə iri zavod və fabrik, o cümlədən Cihazqayırma, Kabel zavodları, soyuducu istehsal edən müəssisə, toxuculuq kombinatı və s. fəaliyyətə başladı. Yola saldığımız illər, tarix və zaman, bugünkü yaşlı nəsil şahiddir ki, bu yaşayış məkanı şəxsən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və tövsiyəsi ilə tikilib, qurulub və cənnətməkan bir diyara çevrilib".
Qəsəbə düzənlik ərazidə şəhərsalma arxitektura qaydalarına məxsus elə salınıb ki, adam baxdıqca baxmaq, gəzdikcə gəzmək istəyir. Şəhərsalma mədəniyyəti onun coğrafiyası ilə sıx bağlıdır. Göylərə baş çəkən qovaqlar, şam və çinar ağacları, barlı-bərəkətli meyvə bağları, yaşıllıqlar, çoxmərtəbəli yaşayış evləri göz oxşayır. İstirahət parkı, adamların davranışı, geyim-keçimi, nəqliyyatın hərəkəti - bütün bunlar insanlara müasir şəhər həyatını xatırladır.
Ötən əsrin 70-ci illərində Kür çayı üzərində ikinci SES tikilərkən inşaatçıların əksəriyyəti Kür qəsəbə sakinləri olsalar da, burada yerli camaatla yanaşı, tikintidə işləmək üçün uzaq və yaxın bölgələrdən köçüb gələnlər də məskunlaşıblar. Hazırda qəsəbənin əhalisi 11 mindən çoxdur. Qəsəbədə iki tam orta məktəb, uşaq bağçası, xəstəxana, Uşaq Gənclər İdman məktəbi, ATS, poçt, polis bölməsi, Yanğından mühafizə xidməti və gündəlik mərkəzi bazar fəaliyyət göstərir. Burada təhlükəsiz, ekoloji cəhətdən sağlam və sosial baxımdan balanslı mühit formalaşdırılıb.
Qəsəbənin taleyi və necə yaradılması haqqında hansı ziyalı, hansı ağsaqqalla görüşdüksə, Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə Yenikənd Su-Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında dediyi sözlər yada düşdü: "Mən 1970-ci illərdə səpdiyim toxumların bəhrəsini görürəm. Amma bu bəhrə üçün kənarda gözləməmişəm ki, görüm bu toxum nə vaxt cücərəcəkdir, nə vaxt qalxacaqdır, nə vaxt ağac, yaxud bitki olacaqdır. Onu sulamışam, bəsləmişəm, bütün işləri görmüşəm, burada bax bu cür nəhəng su-elektrik stansiyasının tikilməsinə nail olmuşam. Butün bunlar kimin üçündür? Bizim millətimiz üçündür, Azərbaycan xalqı, dövləti, müstəqil Azərbaycan üçündür!"
Bu gün şəhər tipli Kür qəsəbəsi yalnız tikililər toplusu deyil, quruculuq düşüncəsinin, sosial rifahın və mədəni yaddaşın maddiləşmiş formasıdır. Şəhər quruculuğu sahəsindəki yeni təzahürlər qəsəbədə inşa edilən binaların memarlıq həllində özünü qabarıq büruzə verir.
Şəmkir rayon Kür qəsəbə bələdiyyəsinin sədri Elşad Hüseynov bildirir ki, qəsəbədə irili-xırdalı 20-dən çox küçə var: "Bu küçələrin əksəriyyəti tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, şair və yazıçıların, Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələnlərin adını daşıyır. Qəsəbənin görməli yerində Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun abidəsi ucalır. Ötən əsrin 80-ci illərindən fəaliyyətdə olan ikimərtəbəli xəstəxana binası 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" çərçivəsində yenidən təmir olunub, müasir tibbi avadanlıqlarla təmin edilərək Regional Vərəm Xəstəxanasına çevrilib. Küçələrimiz abad və səliqə-sahmanlıdır. Son illər qəsəbəmizdə yerli memarlıq üslubunda tikilən iki və üçmərtəbəli mülklərin sayı xeyli artıb".
Küçələr boyu əkilən dekorativ kollar, şam ağacları və qızıl güllər göz oxşayır. Yeni yaradılmış fərdi sex və iaşə sahələri əhaliyə yüksək səviyyədə xidmət göstərir. Ötən ildən Ceyrançölü deyilən ərazidə şəkər sexi fəaliyyətə başlayıb. Bir sözlə, Ulu Öndərin xeyir-duası ilə əsası qoyulan Şəmkirin şəhərsalma simasına xüsusi gözəllik verən və Kürün kürlüyünü buraxdığı Kür qəsəbəsi bu yerlərə yeni nəfəs gətirib.
Rəhman SALMANLI,
"Azərbaycan"