Vətən sevgisi elə müqəddəs duyğudur ki, insanı ən çətin sınaqlar qarşısında daha da mətin, cəsur, əzmkar edir. Bu sevgi bəzən bir ömrün mənasına, bəzən bir xalqın qürur mənbəyinə, bəzən də tarixin unudulmaz qəhrəmanlıq salnaməsinə çevrilir.
Azərbaycan xalqının Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən igidləri çox olub. Onların hər biri xalqımızın yaddaşında yaşayır, göstərdikləri igidlik gələn nəsillərə örnəkdir.
44 günlük Vətən müharibəsində yurdun vətənpərvər övladları məmləkət sevdası, təəssübkeşliyi ilə ayağa qalxdılar. Otuz ilə yaxın yağı əsarətində yol gözləyən Qarabağ və Şərqi Zəngəzur torpaqlarının azadlığı xalqımızın ən böyük arzusuna, məqsədinə çevrildi. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, milli iradəsini və ordumuzun döyüş qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda savaş meydanına atıldı.
Hər günü böyük Zəfər salnaməsinin bir səhifəsinə çevrilən o 44 gün ərzində minlərlə Vətən övladı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini Ermənistanın işğalından azad etməyi özünün ən ülvi, ən müqəddəs vəzifəsi bildi. Bu yolda həyatını təhlükəyə atdı, sinəsini düşmən güllələrinə sipər etdi. Onlar arasında xüsusi təyinatlı qüvvələrin zabiti, leytenant Ceyhun Zeynal oğlu Dünyamalıyev də vardı. O, Vətən qarşısında zabitlik borcunu sonadək yerinə yetirərək adını qəhrəmanlıq tariximizə yazdı...
Ceyhun Dünyamalıyev 1996-cı il oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində dünyaya göz açıb. Uşaqlıq illərindən tərbiyəsi, nizam-intizamı, öyrənmək marağı ilə seçilib. Ailəsinin ümid yeri, təhsil aldığı məktəbin nümunəvi şagirdi olub. Ceyhunun kiçik yaşlarından xarakterində, davranışında özünü büruzə verən məsuliyyət, iradə və məqsədyönlülük gələcəkdə seçəcəyi çətin və şərəfli peşənin əsas xüsusiyyətləri idi...
Ceyhun orta təhsil almağa 2002-ci ildə Culfa şəhərində başlayıb. Hərb sənətinə yiyələnmək yolunda ilk ciddi addımlarını isə 2011-ci ildə atıb. O, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə oxuyub. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Ali hərbi təhsilini başa vuran Ceyhun Dünyamalıyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində leytenant hərbi rütbəsində xidmət edib.
Ceyhun Dünyamalıyev hərbi sahəni sevərək seçib və bu yöndə böyük həvəslə, sonsuz maraqla təhsil alıb. Vətənin müdafiəsini yalnız peşə borcu deyil, həm də mənəvi məsuliyyət hesab edib. O, doğma torpaqların işğal altında qalması ilə barışmırdı. Tarixi torpaqlarımızın azad olunacağına inamı böyük olan gənc leytenant nümunəvi hərbi xidməti və vətənpərvərliyi ilə rəğbət qazanıb.
Xüsusi təyinatlı qüvvələrin sıralarında yer alan gənc zabit üzərinə düşən vəzifələrin icrasına böyük məsuliyyətlə yanaşıb. Xüsusi təyinatlı qüvvələrdə olmaq xüsusi hazırlıq, dözümlülük, çeviklik və qətiyyət tələb edir. Ceyhun da bu keyfiyyətləri mənimsəyərək qarşıdakı sınaqlara ciddi hazırlaşıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalından qurtulması uğrunda tarixi mübarizəsi oldu. Düşmən əsarətində qalmış torpaqlarımızın azadlığı naminə aparılan qızğın döyüşlər hər bir hərbçidən cəsarət, fədakarlıq və yüksək döyüş ruhu tələb edirdi. Ceyhun Dünyamalıyev də silahdaşları ilə birlikdə Vətənin müdafiəsinə qalxaraq bu mübarizənin ön sıralarında yer aldı.
Xüsusi təyinatlı qüvvələrin zabiti kimi Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut, Qubadlı və Şuşa uğrunda döyüşlərdə iştirak etdi.
Vətən müharibəsində şiddətli döyüşlər Azərbaycanın əsgər və zabitlərinin peşəkarlığının, mənəvi gücünün və torpaq sevgisinin sınağına çevrildi. Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi hər addımda qətiyyət, diqqət və fədakarlıq tələb edirdi.
Ceyhun üçün zabit olmaq şəxsi nümunə göstərmək, əsgərlərlə çiyin-çiyinə dayanmaq, çətin anlarda məsuliyyəti üzərinə götürmək demək idi. O, döyüş meydanında da bu prinsiplərə sadiq qaldı.
Şuşanın azadlığı uğrunda döyüşlər Vətən müharibəsinin ən çətin və həlledici mərhələlərindən biri idi. Dağlıq ərazi, mürəkkəb döyüş şəraiti və qarşıya qoyulan vəzifələrin ağırlığı hərbçilərimizdən xüsusi hazırlıq və mətinlik tələb edirdi. Ceyhun Dünyamalıyev də bu tarixi əməliyyatlarda iştirak edərək sonadək fədakarlıq göstərdi.
Ceyhun Dünyamalıyev 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlər zamanı aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucaldı. O, doğma torpağın azadlığı uğrunda canından keçərək Vətənə sədaqət andına ömrünün sonunadək sadiq qaldı. Ceyhunun şəhidliyi ailəsi, doğmaları və silahdaşları üçün ağır itki olsa da, onun göstərdiyi igidlik xalqımızın yaddaşında silinməz iz qoydu.
Şəhid zabit doğulub boya-başa çatdığı Culfa şəhərində torpağa tapşırıldı. Ceyhun Dünyamalıyevin döyüş yolu və göstərdiyi igidlik yüksək qiymətləndirildi. Ceyhun Zeynal oğlu Dünyamalıyev ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edildi.
Vətən uğrunda canından keçənlərin adı xalqın yaddaşında yaşayır. Şəhid leytenant Ceyhun Dünyamalıyev də bu yaddaşın əbədi qəhrəmanlarındandır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"