Qorunan, dəyərli nə varsa, həmişə ona mənfi mənada müdaxilə olub. Bəlkə də bu nə vaxtsa bilməzlikdən baş verib. Amma el qınağı, ağsaqqal məsləhəti köməyə gəlib. Bu yaxınlara qədər belə olub. İndi isə dəb dəyişib. İctimai qınağı saya salan yoxdur! Gündəmdə qalmaq, layk toplamaq üçün ən müqəddəs dəyərlərimizə belə dil uzada bilirlər. Ağsaqqal, ağbirçək isə… Elə mətləb də bundadır.
Vaxtilə məclisin yuxarı başında ağsaqqal əyləşərdi, iş çətinə düşəndə ondan məsləhət alınardı. O gələndə ayağa qalxıb yer göstərilərdi. Əlində yükü vardısa, məhəllə uşaqları ona kömək etməkdən şərəf duyardılar. Xeyir işlərdə ağsaqqal xeyir-dua verərdi. Elə buradaca nəfəsimi dərməyə ehtiyac var. Əvvəlcə toyların forması dəyişdi. Olsun, dedik, hər şey yenilənir. Toylarımız nədən bu inkişafla ayaqlaşmasın. İsrafçılıq həddini aşdı... Bu başqa mövzu olduğu üçün ona toxunmuruq.
Dedik ki, toylarda yeni evlənənlərə ağsaqqal, ağbirçək xeyir-dua verərdi. Bu da bəyənilmədiyi üçün aradan qaldırılıb. Amma… böyüyə hörmət, dəyərlərimizə sevgi aradan qalxanda susmaq olmur və olmazmış. İşbazlar toy edənləri "istismar" etmək üçün əldən-ayaqdan gedirlər. Toy mərasimlərinə nələr əlavə olunmadı... Nağıl qəhrəmanları, üzərlik yandırıb arada gəzərək pul toplamaq, şit mahnılar, səhnəciklər, bayağı geyimli müğənnilər. Tövşüyə-tövşüyə ayağını soyunub şıdırğı rəqslə bir-birini yoranlar. Bu siyahını uzatmaq da olar. Lakin elə bir dəyərimizə əl uzadılıb ki, susmaq mümkün deyil!
Qoca kişi, qoca qadın cildinə girənlər rep deyir, breq oynayır, şpaqat açır, insanları güldürmək üçün oyundan-oyuna girirlər. Toy milli-mənəvi dəyərlərimizin bir hissəsidir. Pul dəllalları ona istədiyi yamağı vurdular, dözdük. Lakin ata-analarımızı, nənə-babalarımızı gülünc gününə qoyub alqış, yenilik qazanmaq istəyənlərə deyirik ki, pulu kişi kimi qazanın ki, bərəkəti olsun! Dəyərlərimizə hörmət etmədən qazanılan pul cibinizi doldursa da, başınızı uca etməyəcək!
Rəfiqə SADIQOVA,
yazıçı-jurnalist