Pakistanın Peşəvər şəhərində məktəbin damı uçub. Nəticədə ən azı 34 nəfər həlak olub. Bu barədə BBC telekanalı xəbər verib.
Yerli "Lady Reading" xəstəxanasının mətbuat katibi Məhəmməd Asim bildirib ki, son rəqəmlər həlak olanlar arasında 32 şagirdin (20 oğlan və 12 qız) və bir müəllimin olduğunu göstərir. Peşəvərdəki Nasirullah Xan Babar Memorial Xəstəxanası isə bir uşağın ölümü barədə məlumat verib.
Məktəbdən 20 şagird təxliyə edilib. Onlardan üçü ağır xəsarət alıb. Ölən və yaralanan bütün uşaqlar 6-12 yaş arasında olub, əksəriyyəti başından yaralanıb.
Xilasedicilər dağıntılar altında uşaqların qaldığını düşünürlər. Peşəvər Polis İdarəsinin rəisi Mian Səidin dediyinə görə, məktəbdə 110 şagird olub. Son məlumata görə, fəlakət Xayber Paxtunxva əyalətinin paytaxtı olan Peşəvərin şimalındakı Dir Koloniya rayonunda yerləşən özəl məktəb - "Əl-Xair Təhsil Mərkəzi"ndə baş verib.
Xilasetmə xidmətinin rəsmisi mətbuata açıqlamasında üçüncü mərtəbənin üstündəki damın çökdüyünü, üçüncü və ikinci mərtəbələr arasındakı döşəməyə çırpıldığını və hər iki mərtəbənin sinif otaqlarındakı şagirdlərin üzərinə düşdüyünü bildirib. Çökmənin səbəbi hələ rəsmi olaraq müəyyən edilməyib, lakin Polis İdarəsinin rəisi M. Səid jurnalistlərə binanın konstruksiyasının zəif olduğunu düşündüyünü bildirib. O, Reuters agentliyinə deyib: "Bu, çox zəif bir konstruksiyadır. Dam isə çox ağır idi və bu da çökməyə səbəb olub".
Xeybər Paxtunxva qubernatoru Faysal Kərim Kundi əyalətdəki məktəb binalarının yoxlanılmasını əmr edib.
Pakistanın Baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib.
Rizvan CƏFƏROV