05 İyun 2024 09:05
878
Mədəniyyət
A- A+
Sənəti ilə məktəb yaradan aktyor

Sənəti ilə məktəb yaradan aktyor

 

O, yüz il öncə, 1924-cü il iyunun 7-də Bakıda dünyaya gəlib. Deyilənlərə görə, atası ona Şöklü Məliyin şərəfinə bu adı verib. Məlik Dadaşov ailədə üç qardaşın kiçiyi, evin sonbeşiyi olub.
Atası Yusif Nobel qardaşları ilə birlikdə çalışmışdı. Özü də neft buruqlarının sahibi idi. Arxivlərdə qalmış bunu təsdiq edən sənədlər sovet hakimiyyəti illərində onun başının bəlası olur. 1937-ci ildə Yusif Dadaşovu Sibirə sürgün edirlər. Haqsız ittiham olunanların əksəriyyəti kimi o da sonralar bəraət alır...
Anası evdar qadın idi. Ailəsinin qayğısını çəkir, üç istedadlı oğul böyüdürdü. Sonralar ailənin böyük oğlu Salman Dadaşov aktyor olur. "Onun böyük ürəyi" filmində Oqtay rolu Salmanı tanıdır. Uzun müddət Sumqayıt teatrına rəhbərlik edir. Ailənin ortancıl övladı Süleyman Dadaşov da istedadlı musiqiçi idi, qarmonda, pianoda gözəl ifa edirdi. Ancaq o, bu bacarığını yalnız ailə məclislərində göstərirdi. Riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi. 
Məlik Dadaşov uşaqlıq illərindən incəsənətə meyilli idi. Amma orta məktəbi bitirəndə sənədlərini Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) verdi. Qəbul olundu. Tələbə kimi dərslərdə iştirak etməyə başladı. Ancaq ürəyi onu başqa sahəyə - teatr sənətinə, səhnəyə çəkirdi. Böyük Vətən müharibəsinin başlaması Məlik Dadaşovu nə tibbi təhsilini tamamlamağa, nə də könlünün səsini dinləyib incəsənət aləminə keçməyə qoydu. O, 1941-ci ildə cəbhəyə yollandı. 1943-cü ildə döyüşdə beynindən zədə aldı. Müalicəsi uzun sürdü. Məlik Dadaşov müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərdi. 1945-ci ildə müharibədən qayıtdı. Və qəlbinə yatan sənətin ardınca getdi... 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə götürüldü. Bu sahədə ali təhsil almaq arzusunu da gerçəkləşdirdi. Azərbaycan Teatr İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Adil İsgəndərovun sinfinə daxil oldu. 
1945-ci ildə Zaqatalada yenicə açılmış teatrda səhnə fəaliyyətinə başladı. Gənc aktyor həmin teatrda əsas rolların ifaçılarından biri oldu. 
Məlik Dadaşov 1950-ci ildə Teatr İnstitutunu bitirdi. Məşədi Əzizbəyov adına Akademik Dram Teatrında (hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) işə başladı. Həmin teatrda ilk dəfə "Ailə namusu" tamaşasında oynadı. İstedadı və peşəkarlığı aktyoru bu teatrda da tezliklə fərqləndirdi, tanıtdı və məşhurlaşdırdı.
Yüzdən artıq tamaşada rol aldı. "On ikinci gecə", "Canlı meyit", "Fərhad və Şirin", "Sənsiz", "Nağıl başlananda" və digər tamaşalarda ona həvalə edilən rolları elə oynadı ki, izləyən hər kəsi heyran qoydu.
Məlik Dadaşov onlarca filmə çəkildi. "Axırıncı aşırım"da Qəmlo,  "Dəli Kür"də Molla Sadıq, "Koroğlu"da Bolu bəy, "O dünyadan salam"da Şeyx Nəsrullah, "Birisi gün gecə yarısı"nda Nəriman Nərimanov, "Bir məhəlləli iki oğlan"da Nazif, "Ulduzlar sönmür"də general Mehmandarov, "26 Bakı komissarı"nda Əzizbəyov, "Müsahibə götürən adam"da Niyaz xan və digər rollar aktyor Məlik Dadaşovun adını kino tariximizə əbədi yazdı. Müəllimi Adil İsgəndərov "Axırıncı aşırım" filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək "Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə" dedi.
Məlik Dadaşov həyatda çox ayrılıqlar görsə də, onu ən çox sarsıdan qızının ölümü oldu. İkinci evliliyindən dünyaya gəlmiş iki qızından biri gənc yaşlarında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Məlik Dadaşov "Mən artıq yaşaya bilməyəcəm" dedi...
Aktyor dördüncü övladının - Gülnarənin anası ilə 1964-cü il İncəsənət Universitetində işləyərkən tanış olmuş, 1966-cı ildə ailə qurmuşdu. Atasını özünə həm də yaxın dost, sirdaş bilmiş Gülnarə xanım müsahibələrində Məlik Dadaşovun yaradıcılığı boyu iki rolu - erməni rolunu, bir də "Ölülər"də Şeyx Nəsrullahı oynamaq istəmədiyini söyləyib: "Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma "Ölülər"də Allaha qarşı çıxıram. "Fəryad" filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi".
Bu filmin tamaşaçıları erməni hərbçisinə olan nifrətlərini rolun ifaçısına da yönəldirdilər. Hələ "Fəryad" filminin premyerasında Məlik Dadaşov yaxınlığında əyləşmiş tamaşaçıların söyüşünü eşidirdi. 
Nə istedadı, nə məşhurluğu ona sənətdə əngəl yaradanları çəkindirmədi. Məlik Dadaşov uzun illər çalışdığı teatrdan elə uzun çəkişmələr səbəbindən ayrıldı. Aktyor arabir bəzi rollarla səhnəsinə çıxdığı Səməd Vurğun adına Rus Dram Teatrına direktor göndərildi. İki il sonra, 1991-ci ildə isə həmin teatrdan təqaüdə çıxarılması adı ilə uzaqlaşdırıldı. 
Bundan sonra işemiya keçirdi, iki ay xəstəxanada yatdı. Məlik Dadaşovu müalicədən sonra Həsənağa Turabov yenidən Milli Dram Teatrına dəvət etdi. O, artıq yalnız aktyor deyil, həm də rejissor kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra öz istəyi ilə teatrdan ayrılıb yalnız müəllimlik fəaliyyəti ilə məşğul oldu.
İllər boyu gördüyü haqsızlıqların gətirdiyi mənəvi sarsıntılar səhhətinə mənfi təsir göstərmişdi. Bir gün yenə Tədris Teatrında tələbələrlə "Arşın mal alan"ı məşq edirdi. Başı ağrıdığı üçün tələbələrə zalda oturub mizan verirdi. Amma birdən səhhətini unudub ayağa qalxdı ki, verdiyi epizodu necə canlandırmalı olduğunu tələbəyə göstərsin. Müvazinətini itirdi. Yıxılanda gicgahı yaxınlıqdakı stolun küncünə dəydi. Xəstəxanaya aparılan aktyor altı gün sonra, 1996-cı il dekabrın 2-də vəfat etdi. 
Görkəmli kino və teatr aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşov Azərbaycan teatr və kino sənətində özünəməxsus yol keçdi. Bənzərsiz aktyorun oynadığı rollar yalnız tamaşaçı sevgisi qazanmadı. Həm də bu sənəti seçənlər üçün baxdıqca, dinlədikcə dərs alacaqları bir məktəb oldu.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!