Rumıniyada tanınmış siyasi şərhçi və jurnalist Teodora Marin AZƏRTAC-a verdiyi müsahibədə 2025-ci ildə Cənubi Qafqazda, xüsusilə Azərbaycanda baş verən prosesləri təhlil edərək regionun yeni geosiyasi mərhələyə daxil olduğunu bildirib. Onun sözlərinə görə, son bir il ərzində formalaşan reallıqlar Azərbaycanın regional oyunçu statusunu aşaraq daha genişmiqyaslı, orta güc mövqeyinə yüksəldiyini aydın şəkildə göstərir.
Teodora Marin vurğulayıb ki, bu transformasiyanın mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, praqmatik və ardıcıl siyasəti dayanır. Onun fikrincə, Prezident İlham Əliyev postmünaqişə dövründə yalnız hərbi-siyasi qələbənin nəticələrini möhkəmləndirməklə kifayətlənməyib, eyni zamanda sülh, normallaşma və regional əməkdaşlıq gündəliyini strateji prioritetə çevirib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etməsi, kommunikasiyaların açılması məsələsinin müzakirə olunması və ticarət əlaqələrinin bərpasına yönəlmiş addımlar Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün real zəmin yaradır. İddia edilən blokada narrativinin faktiki olaraq aktuallığını itirdiyi bir şəraitdə Bakının konstruktiv mövqeyi regionun beynəlxalq imicinə müsbət təsir göstərir.
Rumıniyalı ekspert AZƏRTAC-a müsahibəsində bildirib ki, Azərbaycanın xarici siyasət xətti ölkəyə böyük güclər arasında effektiv manevr imkanı qazandırıb. ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə və Avrasiya məkanı ilə paralel, eyni zamanda, nəticəyönümlü münasibətlər Bakının regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edib. Xüsusilə Orta Dəhliz çərçivəsində Azərbaycanın artan rolu Avropa ilə Asiya arasında alternativ və təhlükəsiz tranzit imkanlarını gücləndirib.
Teodora Marin enerji təhlükəsizliyi məsələsinə də toxunaraq qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşına çevrilib. Enerji təchizatı ilə yanaşı, yaşıl enerji layihələri və Xəzər regionunda perspektivli təşəbbüslər Azərbaycanın strateji əhəmiyyətini daha da artırır və ölkəni regional enerji təhlükəsizliyinin əsas dayaqlarından biri kimi ön plana çıxarır.
Müsahibədə Azərbaycanın daxili inkişaf strategiyası da xüsusi vurğulanıb. Rumıniyalı şərhçi bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları, müasir infrastrukturun qurulması və “Böyük Qayıdış” strategiyası Azərbaycanın postmünaqişə dövrünə dair uzunmüddətli baxışının bariz nümunəsidir. Bu proseslər təkcə iqtisadi canlanmaya deyil, həm də sosial sabitliyin möhkəmlənməsinə xidmət edir.
Təhlükəsizlik məsələlərinə toxunan Teodora Marin qeyd edib ki, qlobal qeyri-sabitlik fonunda Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və regional təhlükəsizlik təşəbbüslərində fəal iştirakı Bakının realist və çevik siyasətinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan regional əməkdaşlığı qarşıdurmadan üstün tutan yanaşma ilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verir.
Nəticə olaraq, rumıniyalı ekspert bildirib ki, 2025-ci ildə Cənubi Qafqazda baş verən proseslər Azərbaycanın regional gündəliyi müəyyən edən əsas oyunçulardan birinə çevrildiyini sübut edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, daxili sabitlik və iqtisadi inkişafın vəhdəti Bakını Avropa, Avrasiya və Türk dünyası arasında strateji körpü rolunda çıxış edən mühüm mərkəzə çevirib.