Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüs vaxtında və dərin praqmatik xarakter daşıyan strateji addım kimi qiymətləndirilməlidir. Qlobal miqyasda təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə türk dövlətləri arasında koordinasiyanın dərinləşdirilməsi əməkdaşlıq çərçivəsindən çıxaraq vahid strateji təhlükəsizlik məkanının formalaşdırılmasına keçidi zəruri edir. Bu modeldə iqtisadi maraqlar siyasi sabitlikdən ayrı təsəvvür edilə bilməz və formalaşmaqda olan bu yanaşmanın mərkəzində enerji suverenliyi dayanır.
Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistanın Perspektiv Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Xayotjon İbrahimov bildirib.
O qeyd edib ki, türk dövlətləri arasında koordinasiyanın dərinləşdirilməsi Avrasiya məkanında Türk dünyasının “enerji onurğası”nın formalaşmasına imkan yaradır və bu da regional güc balansında keyfiyyətcə yeni mərhələ deməkdir.
Ekspert qeyd edib ki, təhlükəsizlik kontekstində regionun tranzit potensialı da xüsusi əhəmiyyət kəsb edir. Orta Dəhlizin birgə inkişafı, eləcə də Mərkəzi Asiyadan Azərbaycan üzərindən Avropaya yaşıl enerjinin nəqli ilə bağlı layihələr regionu qlobal enerji təhlükəsizliyi baxımından kritik əhəmiyyətə malik mərkəzə çevirir. Bu proses yalnız iqtisadi deyil, eyni zamanda, geosiyasi sabitliyin möhkəmlənməsinə xidmət edir.
Xayotjon İbrahimov vurğulayıb ki, boru kəmərləri, enerji şəbəkələri və nəqliyyat qovşaqları kimi kritik infrastrukturun kollektiv şəkildə qorunması xarici təzyiq risklərini minimuma endirir və dünya bazarlarına fasiləsiz enerji tədarükünə zəmanət yaradır. Onun fikrincə, məhz bu cür koordinasiyalı yanaşma türk dövlətlərini müasir beynəlxalq sistemdə daha dayanıqlı və təsirli aktora çevirə bilər.
Ekspert hesab edir ki, Prezident İlham Əliyevin təşəbbüsü təhlükəsizlik, enerji və tranzit amillərini vahid strateji baxışda birləşdirən rasional model kimi Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən mühüm konseptual çərçivədir.