Azərbaycanın Cənubi Qafqazda əldə etmək istədiyi ədalətli və dayanıqlı sülh, nəqliyyat kommunikasiya xətlərinin şaxələndirilməsi, iqtisadi inteqrasiya və digər məqamlar həm dünya üçün böyük töhfədir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması şübhəsiz ki, Azərbaycan üçün mənəvi əhəmiyyət daşıyır.
“Layihənin reallaşması ilk növbədə ölkəmizin əsas hissəsindən Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək. Digər tərəfdən isə Orta Dəhlizin əsas açarı olacaq Zəngəzur dəhlizi vasitəsilə dünyanın böyük bir hissəsi, o cümlədə Cənubi Qafqaz ölkələri çox böyük iqtisadi dividendlər əldə edəcək. Əgər bu gün Ermənistan rəhbərliyi bu istiqamətdə konstruktiv siyasət sərgiləyirsə, bu uğurun təməlində Azərbaycanın qətiyyətli mövqeyi, Ermənistanı sülhə məcbur etmək, iqtisadi əməkdaşlığa cəlb etmək istiqamətində atılan məqsədyönlü siyasət dayanır”, - deyə Sahil Kərimli vurğulayıb.
S.Kərimli qeyd edib ki, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar şübhəsiz ki, dünyanın supergücləri tərəfindən də qəbul edilir: “Biz Amerika Birləşmiş Ştatlarının ölkəmizə verdiyi böyük dəstəyi görürük. Amerika Azərbaycanla Cənubi Qafqazın lideri kimi əməkdaşlıq edir, ölkəmizin yaratmaq istədiyi dayanıqlı sülh və təhlükəsizliyə böyük töhfə verir. Azərbaycan ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə ciddi dəstəyini qazana bilib və Prezident İlham Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan hədəflərə doğru irəliləyirik. Bunun nəticəsidir ki, biz Ermənistanla sülh müqaviləsi imzalamağa, Zəngəzur dəhlizi layihəsini reallaşdırmağa çox yaxınıq. Zəngəzur dəhlizi açıldıqdan, bölgənin nəqliyyat-kommunikasiya şəbəkəsi genişləndikdən sonra Cənubi Qafqazda tamamilə yeni parlaq mənzərə yaranacaq”.