Son illər respublikamızda elm və təhsil sahəsində mühüm islahatlar həyata keçirilib.
Dövlətimiz bu sahənin inkişafını prioritetlərdən biri kimi müəyyənləşdirib. Ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Dövlətimizin başçısı bildirdi ki, artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir.
Elm və təhsil sahəsindəki irəliləyişlər və yeniliklər Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına, qabaqcıl ölkələrdən biri olmasına xidmət edir. Yola saldığımız ildə bu sahədə işlər uğurla davam etdirilib. Belə ki, hələ 2025-ci ilədək Azərbaycanda elm sahəsində mühüm yeniliklər və struktur dəyişiklikləri həyata keçirilib. Elm sahəsinin daha effektiv inkişafı məqsədilə bir çox elmi institut birləşdirilib və onların fəaliyyət sahələri genişləndirilib. Bu prosesin məqsədi, elmi tədqiqatların daha məqsədyönlü və strukturlu şəkildə həyata keçirilməsi, elmi kadrların yetişdirilməsi və texnologiyaların tətbiqi sahəsində innovasiyaların stimullaşdırılmasıdır.
Həmçinin Azərbaycanda bir sıra yeni universitet və elm mərkəzləri açılıb. Bu təhsil müəssisələri, yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi və elm sahəsində beynəlxalq standartlara uyğun təhsil verilməsi məqsədi daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çərçivəsində elmi institutların birləşdirilməsi və yeni strukturun yaradılması bu niyyətlə həyata keçirilib. AMEA-nın nəzdindəki bir çox institut yenidən təşkil olunub. Bu struktur dəyişiklikləri, elmi tədqiqatların daha əlaqəli və kooperativ şəkildə aparılmasına, müasir elmin müxtəlif sahələrində uğurlu layihələr həyata keçirilməsinə şərait yaradıb. Eyni zamanda elmi institutlar beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, dünyanın aparıcı elm mərkəzləri ilə tədqiqat mübadiləsi aparırlar. Bütün bunlar, ölkəmizin elmi inkişafının sürətləndirilməsinə və beynəlxalq aləmdə Azərbaycan elminin tanınmasına xidmət edir.
Yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev "Azərbaycanda elm və təhsil sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Hansı addımlar atılmalıdır? Sizin gənclərə bu baxımdan tövsiyəniz nədən ibarət olardı?" suallarını cavablandırarkən dedi ki, artıq struktur dəyişiklikləri edilib, Elm və Təhsil Nazirliyi yaradılıb. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, faktiki olaraq elm dövlət strukturlarından kənarda qalmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının artıq uzun illərdir fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, dövlət siyasətini daha dolğun şəkildə həyata keçirmək üçün elm və təhsil bir yerdə olmalıdır: "Çünki inkişaf etmiş ölkələrin təcrübəsini bilirik. Orada elm daha çox ali məktəblərlə bərabər, yaxud da ki, onların nəzdində inkişaf edir və biz də bu modeli seçmişik. İndi struktur islahatları gedir. Bir çox elmi-tədqiqat institutları bir-biri ilə birləşdirilir. Struktur islahatları ilə paralel olaraq, kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu, dünya təcrübəsində var. Sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə nə qədər çap olunub və sənin elmi potensialın bugünkü reallıqlara nə dərəcədə uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə sadəcə, elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etdirmək istəyiriksə, bu islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki mən bunu dəfələrlə demişəm, bir daha deyirəm tam şüurlu şəkildə, inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır, neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin və inkişaf etmiş ölkələrin vəziyyətinə. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var, çox deyil, amma var. Onların texnologiyaları haradan gəlir? Onlar özləri onları icad edir? Yox, o, beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən gəlir. O da nəyə bağlıdır? Təhsilə, elmə. Sadə məsələdir. Ona görə də biz bu istiqamətdə fəal işləməliyik".
Müasir tələblərə cavab verən, yeni təhsil müəssisələrinin açılması da ölkəmizdə elm-təhsil sahəsində atılan ən uğurlu addımlar sırasındadır. Dövlətimizin başçısı son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsinin açıldığını, onların bir neçəsinin xarici tərəfdaşlarla birlikdə yaradıldığını qeyd etdi: "Məsələn, ikisi Rusiya, biri Fransa, biri Türkiyə, biri də İtaliya ilə - beş. Qalanını da özümüz, o cümlədən Xankəndi Universiteti". Prezident İlham Əliyev vurğuladı ki, bu, dövlətin niyyətidir, dövlətin siyasətidir: "Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq".
Ölkəmizdə elm, təhsil sahəsində aparılan islahatlar, eyni zamanda Azərbaycan gənclərinin elmi fəaliyyətlərə, innovasiya layihələrinə və beynəlxalq əməkdaşlığa cəlb edilməsinə də səbəb olur. Yeni təhsil müəssisələri, elmi mərkəzlər və beynəlxalq proqramlar vasitəsilə ölkəmizin intellektual potensialı gücləndirilir, gənc mütəxəssislər yüksəkixtisaslı kadrlar kimi yetişdirilir. Bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biridir və ölkəmizin gələcək nəsillər üçün dayanıqlı, müasir və rəqabətqabiliyyətli bir dövlət kimi formalaşmasına xidmət edir.
Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, bizim çoxlu istedadlı gənclərimiz var: "İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu "Yüksəliş" proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir".
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, islahatlar davam etdiriləcək. Bu proses Azərbaycanın elm-təhsil sahəsində beynəlxalq standartlara uyğun inkişafını təmin edəcək, müasir texnologiyaların tətbiqini sürətləndirəcək, eyni zamanda gənc nəslin intellektual potensialını artıracaq. Aparılan islahatlar ölkəmizin elmi nüfuzunu daha da yüksəldəcək.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"