Zəfərimizin beşinci ilini qürurla qeyd etdiyimiz və artıq yola saldığımız 2025-ci il ölkəmizin həyatında bütün sahələrdə qazanılan bol uğurlarla yadda qaldı. İstər iqtisadi, siyasi, hərbi sferada, istərsə də diplomatik müstəvidə çoxsaylı əlamətdar hadisələr yaşandı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərindən, o yerlərə gerçəkləşdirilən qayıdış prosesindən tutmuş Azərbaycanın beynəlxalq platformalarda qazandığı nüfuza, ölkələrlə çoxşaxəli əməkdaşlıq əlaqələrinə qədər əldə olunan bütün nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü hərtərəfli siyasət sayəsində mümkün olub.
Prezident İlham Əliyevin dövlətimizin güclənməsinə, əhalinin rifahının yüksəlməsinə xidmət edən inkişaf strategiyasına Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli və yorulmaz fəaliyyəti ilə mühüm dəstək göstərir. Bu mənada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən il həyata keçirdiyi vacib əhəmiyyətə malik işlər xüsusi vurğulanmalıdır.
Qayıdışa töhfə
İkinci Qarabağ müharibəsindən dərhal sonra dövlətimiz Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinə start verib.
Şuşa qələbəsindən cəmi bir həftə sonra, 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfərləri zamanı təməlini qoyduqları Zəfər yolu ilə bu ərazilərin dirçəlişinin rəmzi mesajını verdilər. Mehriban xanım Əliyevanın dövlət başçısı İlham Əliyevlə birlikdə həmin ərazilərə mütəmadi səfərləri zamanı çəkib paylaşdığı kadrlardan düşmənin o yerlərdə törətdiyi vandallıq aktlarını dünya da yaxından gördü.
Ölkəmizin rəhbəri ilə birinci xanımın bu səfərlərinin hər birində kənd, şəhər və infrastrukturların bünövrələrinin qoyulması, yeni açılışların edilməsi, onların iştirakı ilə festivalların, şeir, musiqi bayramlarının keçirilməsi, bərpa edilərək istifadəyə verilən məscidlərdən Tanrıya edilən şükranlıq duaları, kəsilən ağaclarımızın yerinə öz əlləri ilə əkdikləri körpə fidanlar Qarabağ və Şərqi Zəngəzurun tarixi, mədəni, dini, mənəvi, təbii baxımdan milli koloritinə, ab-havasına, zənginliyinə görə dirçəliş yaşadığını tam mənası ilə gözlər önünə sərdi.
Yola saldığımız 2025-ci ildə də Mehriban xanım Əliyevanın dövlət başçısı İlham Əliyevlə birgə Kəlbəcərə, Ağdərəyə, Şuşaya, Xocalıya, Ağdama və digər işğaldan azad olunmuş ərazilərimizə səfərləri çoxsaylı açılışların edilməsi, yeni təməllərin qoyulması ilə yaddaşlara yazıldı. Həmin səfərlər çərçivəsində Prezident və birinci xanım Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində, Kəlbəcərdə "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su-elektrik stansiyalarının açılışında iştirak ediblər, Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar, Ağdərədə Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər, Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında, Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində, Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Ağdərədən etdiyi paylaşımda deyilir: "Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!"
Mühüm görüşlər və səfərlər
Ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolu və yeri hər ötən müddətdə daha da artır və möhkəmlənir. Bu mənada Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il də həyata keçirdiyi mühüm xarici səfərlər, eləcə də Azərbaycanın diplomatik əlaqələrinin inkişafı istiqamətində gerçəkləşdirdiyi görüşlər əhəmiyyətinə görə seçilir.
Martın 16-da Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Görüşdə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıdığı qeyd olunaraq ikitərəfli mədəni-humanitar əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Aprelin 2-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Almaniyanın birinci xanımı Elke Büdenbender, mayın 7-də isə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşü olub.
Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü" adlı panel iclasında iştirak edib.
Sözügedən ayın 23-də birinci xanım Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər. Söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.
Birinci xanım Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrində yeni səhifə
Keçən il oktyabrın 16-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri ölkəmizin humanitar diplomatiyasının növbəti mərhələsini təşkil etdi. Birinci vitse-prezident Mehriban Əliyevanın səfər zamanı Vatikanda dövlət xadimləri ilə səmərəli görüşləri Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirildi.
Oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşü zamanı Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox iş gördüyünü diqqətə çatdırıb. Mehriban xanım Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.
Öz növbəsində Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.
Mehriban Əliyeva səfər çərçivəsində Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb. Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı dəfə səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib.
Oktyabrın 17-də Vatikanın Dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb.
Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıran kardinal dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayıb.
Oktyabrın 17-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb.
Görüşdə Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib.
Vatikana rəsmi səfər proqramı xeyli zəngin olan Birinci vitse-prezident Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilən bərpa işləri ilə tanış olub.
Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə maraqlanıb.
Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda Müqəddəs Pyotr Bazilikasında həyata keçirilmiş bərpa işləri ilə tanış olub.
Oktyabrın 17-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın Dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Vatikana səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Avropanın ən böyük pediatrik "Bambino Gesu" xəstəxanasında olub və burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə maraqlanıb.
Oktyabrın 17-də Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasında olub.
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.
Sosialyönümlü fəaliyyət
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sosialyönümlülüyü ilə diqqət çəkir. Birbaşa Mehriban xanımın təşəbbüsü ilə təhsil, səhiyyə və digər sosial istiqamətlərdə mühüm işlər görülür, infrastruktur qurulur.
Ötən il martın 6-da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərinə səfərləri zamanı bir sıra müəssisələrə baş çəkiblər.
Həmin tarixdə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondu tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar, həmçinin Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar.
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.
Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.
Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində, həmçinin Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən il aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində də olublar.
"Qoy hər zaman sülh olsun!"
Ötən il 8 avqust tarixində Vaşinqton sammitində sülh istiqamətində əldə edilən uğurların miqyası təkcə bölgəmizin sərhədləri ilə məhdudlaşmır, daha geniş əraziyə inkişaf və tərəqqi vəd edir.
Birinci vitse-prezident Mehriban Əliyeva da Vaşinqtonda keçirilən görüşə dair sosial şəbəkə hesablarında paylaşım edərək xalqımızı təbrik edib.
Paylaşımda deyilir: "Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.
Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!
Qoy hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!"
Ümumiyyətlə, ölkəmizin həyatında baş verən əlamətdar hadisələr, bayram və anım günləri ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman sosial media hesablarından çoxsaylı paylaşımlar edir və ötən il də belə oldu.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milad bayramı, Od çərşənbəsi, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Ramazan bayramı, Müqəddəs Pasxa bayramı, Qurban bayramı münasibətilə paylaşımlar edərək xalqımıza təbriklərini çatdırıb.
Birinci xanım 20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşımlar edərək qan yaddaşına çevrilən tarixlərimizin heç zaman unudulmayacağının mesajını verib.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü, 9 May - Qələbə Günü, Ulu Öndər Heydər Əliyevin doğum günü, Prezident İlham Əliyevin doğum günü münasibətilə sosial media hesablarında paylaşımlar edib. 28 May - Müstəqillik Günü, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 15 İyun - Milli Qurtuluş Günü, 26 İyun - Silahlı Qüvvələr Günü, 20 Sentyabr - Dövlət Suverenliyi Günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günü, 12 Noyabr - Konstitusiya Günü, 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə paylaşımlar edərək təbriklərini çatdırıb.
Mehriban xanım Əliyevanın bu və digər paylaşımları birinci xanımın ölkəsinə, xalqına olan tükənməz sevgisinin təzahürləridir.
Bir sözlə, hər il olduğu kimi, ötən il də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkəmizin inkişafı və tərəqqisi üçün hərtərəfli fəaliyyət göstərib. Böyük əzm və səylə görülən bütün bu işlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyasının gerçəkləşməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə xidmət edən şərəfli missiyadır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"