Azərbaycan-ABŞ əlaqələrində problemlər Ermənistan ilə münasibətlərin gərgin vaxtlarına təsadüf edib ki, bu da Amerikada lobbiçilik fəaliyyətinin leqal olması ilə əlaqədardır. Kasad dövlətçilik təcrübəsi olan ermənilər tarix boyu müxtəlif dövlətlərin ərazisində məskunlaşaraq kompakt şəkildə yaşayıblar.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Kaliforniya, Virciniya, Arizona, Florida ştatlarında kompakt şəkildə yaşayan ermənilər Konqresə, Senata keçirilən seçkilər zamanı fəallıq nümayiş etdirir və namizədlərə verdikləri səsin müqabilində qanunverici orqanda “erməni soyqırımı” məsələsini qaldırmaq və qətnamə qəbul edilməsinə nail olmaq istəyirdilər. Bu işdə Amerika Erməni Milli Komitəsi xüsusi fəallıq göstərirdi. Bu fəaliyyətin nəticəsində 1992-ci ildə Konqresdə Azadlığı Müdafiə Aktı haqqında Qanuna 907-ci düzəliş edildi ki, bu da ABŞ hökumətinə Azərbaycana yardım etməyi qadağan edirdi.
Nyu-Yorkda Kolumbiya Universitetinin Harriman İnstitutunda Qafqaz üzrə tədqiqatçı, professor Linkoln Mitçellin qeyd edirdi ki, ABŞ-ın xarici siyasət idarələri Qafqazda əlverişli geosiyasi mövqeyə, bölgənin ən iri, zəngin və perspektiv inkişaf imkanlarına malik ölkəsi olan Azərbaycan ilə yaxın əməkdaşlıq əlaqələri qurmaq niyyətindədirlər. Onlar Azərbaycana gələcəkdə ABŞ-ın əsl tərəfdaşı və müttəfiqi olmağa qadir bir dövlət kimi baxır, hesab edirdilər ki, Cənubi Qafqazda Azərbaycan ilə tərəfdaşlıq daha səmərəli ola bilər. Lakin bununla belə, 1992-ci ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi və o dövrdəki hökumətin yeritdiyi qüsurlu xarici siyasət, eləcə də Ermənistanın Azərbaycana təcavüzü və erməni lobbisinin fəaliyyəti nəinki ABŞ-da ölkəmizə olan marağı və onun Qafqaz regionunda kəsb etdiyi əhəmiyyəti heçə endirdi, 907-ci düzəliş deyilən sənədin qəbul edilməsi ilə nəticələndi və bununla da Azərbaycan-ABŞ münasibətlərində ciddi soyuqluq yarandı.
Bu vəziyyət elə də uzun çəkmədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin daxili və xarici siyasətində yaranmış xaos aradan qaldırıldı və münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldı ki, nəticədə “Azadlığı Müdafiə Aktı”na dair “907-ci düzəliş”ə baxmayaraq, ABŞ Azərbaycana yenidən yardım etməyə başladı. Beləliklə, Heydər Əliyevin hakimiyyətə gəlişi və yeritdiyi məqsədyönlü xarici siyasət Azərbaycan ilə ABŞ arasında yaranmış soyuqluğa son qoyaraq münasibətlərdə yeni mərhələ açdı. Heydər Əliyevin səyi ilə 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda ABŞ-ın “ExxonMobil”, “Statoil”, “Chevron” kimi iri neft şirkətləri Azərbaycanın neft sənayesinə sərmayə yatırdılar.

2001-ci ildə Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binaları partladılandan sonra ABŞ Azərbaycan ərazisindən və Hərbi Hava Qüvvələrinin infrastrukturundan istifadə edərək Əfqanıstanda antiterror əməliyyatları keçirdi. Bütün bunlara baxmayaraq, Bob Menendez, Cozef Bayden kimi erməni lobbisindən qidalanan senatorlar 907-ci düzəlişin aradan qaldırılmasına imkan vermirdilər. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, sonralar B.Menendez rüşvət aldığına görə məsuliyyətə cəlb olundu, C.Bayden isə çox cüzi fərqlə respublikaçı namizəd Donald Trampa qalib gələrək prezident seçildi (2021-2024) və ABŞ siyasi tarixinə ən yarıtmaz prezident kimi düşdü.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri, politoloq Zbiqnev Bjezinski yazırdı ki, ABŞ-da lobbiçilik təşkilatlarına qanunla geniş imkanlar verilib. Onlar Konqresdə, Senatda müxtəlif qanunların qəbul olunmasına təsir edəcək qədər fəaliyyət göstərə bilərlər. Lakin lobbi təşkilatlarının hüquqları ABŞ-ın milli maraqları başlayan yerdə bitir.
Bu gün görkəmli politoloqun fikri özünü təcrübədə doğruldur. İkinci dəfə prezident seçilən Donald Tramp müxtəlif lobbilərin təsirinə düşmədən və mənasız “demokratiya oyunlarına” baş qoşmadan sırf ABŞ-ın milli maraqlarının qorunması və səmərəli əməkdaşlıq əlaqələrinə üstünlük verən siyasət yürütməyə başladı. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində Qələbə qazanan Azərbaycan regionda yeni siyasi reallıqlar yaratdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə inkişaf etməyə başlayan Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizi ABŞ-a Mərkəzi Asiyadakı dövlətlərlə iqtisadi və ticarət əlaqələri qurmaq imkanı verir.
Rəsmi Vaşinqton Avrasiya regionuna nüfuz etmək üçün Cənubi Qafqazda Azərbaycanı özünə tərəfdaş seçməklə, ilk növbədə, ölkəmizdəki siyasi sabitliyi, dayanıqlı inkişafı diqqətə alıb. Bununla yanaşı, Azərbaycanın həyata keçirdiyi və beynəlxalq ticarətin inkişafına əsaslı təkan verəcək infrastruktur layihələr gələcək əlaqələrdə mühüm rol oynayacaq. Zəngəzur dəhlizinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılması da təsadüfi xarakter daşımır. Rəsmi Vaşinqton bir tərəfdən regionda sabitliyin tərəfdarıdır, digər tərəfdən isə Rusiya və İranın təsirinin zəifləməsini istəyir. ABŞ diplomatiyası hesab edir ki, Zəngəzur dəhlizi Ermənistanın iqtisadi blokadadan çıxmasına yardım edə bilər. Eyni zamanda, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəhlizin qarşılıqlı razılaşma əsasında reallaşmasını vacib sayır.
Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, Amerika regionumuzda sülh və sabitliyin, tranzit yolların qarantı funksiyasını yerinə yetirəcək, Azərbaycana sərmayə yatıraraq iqtisadi əlaqələri artıracaq. Separatçılığa, terrorçuluğa qarşı mübarizədə fundamental dəstək verəcək və regionu siyasi zəmanətlə təmin edəcək. Prezident D.Tramp 907-ci düzəlişin aradan qaldırılması barədə Konqres qarşısında məsələ qaldıracaq. İki dövlət arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcək və ən başlıcası bu əlaqələr ikitərəfli faydalı xarakter daşıyacaq.