08 Yanvar 2026 08:15
441
SİYASƏT
A- A+
Güclü lider güclü dövlət qurur

Güclü lider güclü dövlət qurur


Bu, inkarolunmaz gerçəklikdir, artıq dünyada "böyük dövlət" anlayışını "böyük lider" həqiqəti əvəzləyib. Müasir dünyada dövlətlərin taleyini artıq xəritədə tutduğu yer, ərazisinin böyüklüyü və əhalisinin sayı müəyyən etmir. XXI əsrin reallığı birmənalıdır: dövlətləri böyük edən onlara rəhbərlik edən liderlərdir. Tarixi proseslər göstərir ki, güclü lideri olmayan "böyük dövlət"lər süquta uğrayır, doğru qərar verən liderlər isə kiçik imkanları böyük dövlət gücünə çevirir. Azərbaycan nümunəsi bu həqiqətin dünyada əyani sübutudur.

Prezident İlham Əliyevin hakimiyyəti dövrü Azərbaycan tarixində dərin transformasiya mərhələsi kimi yadda qalacaq. Bu dövr yalnız məharətli siyasi idarəetmə mərhələsi deyil, dövlətin bütün sütunlarının yenidən qurulduğu, milli maraqların qlobal maraqlara tabe etdirilmədiyi, xalq-dövlət birliyinin möhkəmləndiyi bir mərhələdir.

Əgər bu gün insanları birləşdirən ideologiyadan daha çox liderlərin şəxsiyyəti, nüfuzu, intellektual səviyyəsi, biliyi, bacarığı və qətiyyətidir desək, heç də yanılmarıq. Bəzən ən böyük ideologiyalar belə səriştəsiz rəhbərlərin dilindən səslənəndə öz dəyərini itirmiş olur. Çox da uzağa getməyək. Müstəqilliyimizin ilk illərində Azərbaycan Prezidenti Kəlbəcərdən mülki əhalini təxliyə etmək üçün dost, qonşu dövlətlərdən bir dənə mülki helikopter belə ala bilməmişdi. Bu acı, amma unudulmayan bir həqiqətdir. Bu gün isə İlham Əliyevin liderliyi ilə Azərbaycan təkcə Türkiyənin deyil, bütün türk dünyasının əlaqələndirici mərkəzinə çevrilib. Bu gün təkcə xalqlarımızın ürəyi bir döyünmür - dövlətlərarası münasibətlər inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib.

Tarix sübut edib ki, liderlərini səhv seçənlər, yaxud xalqını, vətənini və dövlətini şəxsi ambisiyalarından üstün tutmağı bacarmayan ölkələr böyük və ya kiçikliyindən, güclü və ya gücsüzlüyündən asılı olmayaraq, istər-istəməz məhv olmaq təhlükəsi ilə  üzləşirlər. Naşı siyasətçilər ölkələrini öz taleləri ilə birlikdə fəlakətə sürükləyirlər. Liderlərin səhvləri, ambisiyaları və ya bacarıqsızlığı ucbatından min illər boyu qurulmuş şəhərlər viran qalır, xalqlar doğma yurdlarından didərgin düşür. İnsanlar min bir zəhmətlə yaratdıqları evlərini tərk edərək yad ünvanlara üz tutmaq məcburiyyətində qalırlar, vətənlərindən didərgin düşürlər.

Heç çəkinmədən qürurla deyə bilərik ki, Azərbaycan xalqının  bu sarıdan bəxti gətirib. İlham Əliyev böyük lider olduğunu gördüyü işlərlə, yürütdüyü düşünülmüş, məqsədli siyasətlə təsdiq edib. Bunu təkcə biz demirik, bu fakt dünyanın birnömrəli paytaxtında, dünyanın birnömrəli sarayında, dünyanın birnömrəli lideri tərəfindən də təsdiqlənib. Bu, sadəcə bir diplomatik jest deyil, Azərbaycanın liderinə və seçdiyi siyasi kursa verilən beynəlxalq yüksək dəyərdir. 

İlham Əliyev yalnız işğalçıya qalib gələn bir sərkərdə, ordusunu zəfərə aparan Ali Baş Komandan deyil, həm də ölkəsini iqtisadi dirçəliş yoluna çıxaran, hərbi qüdrətini gücləndirən, təmsil etdiyi dövlətə nüfuz qazandıran, ölkəsini dünyanın yeni düşüncə və güc mərkəzinə çevirməyi bacaran qurucu liderdir. O həm də iki yüz ilə yaxın bir dövrdə qonşu xalqlar arasında nifaq salan, qanlı müharibələr yaradan çürük bir ideologiyanın - məhz o saxta ideologiyanın əsiri olmuş mənfur düşüncəli insanların  arzu və xəyallarını puç edən liderdir. Cənab İlham Əliyev öz adını tarixin qızıl səhifələrinə yalnız Azərbaycan torpaqlarını azad edən lider olaraq yazmadı, həm də yüz illər boyu yalan ideologiya ilə zəhərlənmiş erməni cəmiyyətini də xilas etdi.

Lider üçün ən böyük keyfiyyət vaxtında və düzgün qərar qəbul etmək bacarığıdır. 

İlham Əliyev məhz nəyi nə zaman və necə etməyi bilən, doğru və qətiyyətli qərarları ilə seçilən nadir dövlət başçılarındandır. Cənab İlham Əliyev "Qarabağ Ermənistandır" deyənlərə "Qarabağ Azərbaycandır" dedizdirən liderdir.

Bu gün Azərbaycan dünyada sülhün və sabitliyin tərəfdarı kimi tanınır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sülh planına uyğun olaraq, illərdir düşmən olan xalqlar arasında sülh körpüsü salınır. Azərbaycan Ermənistana gedən tranzit yollarını açaraq bu ölkəyə neft məhsulları ixrac edir. Sözsüz ki, bu, qalibin mərhəməti, güclünün məsuliyyətidir.

Prezident İlham Əliyevin daxili siyasətinin əsas fəlsəfəsi sabitlik üzərində dayanan davamlı inkişafdır. Məhz bu sabitlik ölkəyə uzunmüddətli planlaşdırma, institusional islahatlar və sosialyönümlü dövlət modelini reallaşdırmaq imkanı verdi. İdarəetmədə şəffaflıq, elektron hökumət mexanizmləri, dövlət xidmətlərinin sadələşdirilməsi, korrupsiyaya qarşı sistemli mübarizə dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxardı. Dövlət artıq vətəndaş üçün əlçatmaz struktura yox, xidmət göstərən mexanizmə çevrildi.

Prezident İlham Əliyev dövrünün iqtisadi siyasətini bir prinsip üzərində qurdu: neft kapitalını insan kapitalına çevirmək. Neft gəlirləri infrastrukturun yenilənməsinə, ölkənin regionlarının inkişafına, sənayeləşməyə və sosial layihələrə yönəldildi. Qeyri-neft sektorunun inkişafı, sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, kənd təsərrüfatında subsidiyaların artırılması, ixracın şaxələndirilməsi iqtisadi müstəqilliyi möhkəmləndirdi. Azərbaycan indi yalnız xammal ixrac edən deyil, istehsal edən, tranzit imkanlarını strateji üstünlüyə çevirən ölkədir.

Cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin ən mühüm nəticələrindən biri milyonlarla yeni iş yerinin yaradılmasıdır. Regionlarda açılan müəssisələr, aqroparklar, yol və enerji layihələri təkcə iqtisadi deyil, sosial ədalət funksiyasına xidmət edən amilə çevrilib. Əhalinin məşğulluq səviyyəsinin artırılması, özünüməşğulluq proqramları, kiçik və orta sahibkarlığın dəstəklənməsi insanların sosial asılılığını azaltmış, orta təbəqənin formalaşmasına real zəmin yaratmışdı.

Prezident İlham Əliyevin siyasətində sosial rifah prioritet istiqamətdir. Əməkhaqların, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması, şəhid ailələri və qazilərə xüsusi diqqət, mənzil və tibbi təminat proqramları sosial dövlət modelinin real təzahürüdür. Bu siyasət göstərdi ki, Azərbaycan dövləti üçün yalnız iqtisadi göstəricilər deyil, insanın ləyaqətli yaşayışı da vacibdir.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə münasibətdə dünyada görünməyən sosial qayğı modeli ortaya qoydu. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin ailələri və sağlamlığını itirən qazilər dövlətin xüsusi diqqət mərkəzinə alındı. Bu sahədə sistemli və davamlı proqramlar həyata keçirildi. Minlərlə şəhid ailəsi və müharibə əlili yeni mənzillərlə təmin olundu, qazilərə minik avtomobilləri verildi, tibbi reabilitasiya, psixoloji dəstək və məşğulluq proqramları genişləndirildi. Özü də bu qayğı kampaniya şəklində yox, dövlət siyasəti səviyyəsində davamlı olaraq reallaşdırıldı və hər il yeni sosial paketlərlə daha da gücləndirildi. Prezident İlham Əliyevin "şəhid ailələri və qazilərə qayğı bizim vicdan borcumuzdur" prinsipi real addımlarla təsdiqləndi: pensiyalar və müavinətlər artırıldı, şəhid övladlarının təhsili, ailələrinin sosial təminatı xüsusi nəzarətə götürüldü. Azərbaycan bu yanaşma ilə dünyaya göstərdi ki, Vətən uğrunda can verən insan yalnız döyüş meydanında yox, dövlətin yaddaşında və qayğısında əbədidir. Bu siyasət həm sosial ədalətin təntənəsi, həm də xalq-dövlət birliyinin sarsılmazlığının ən gözəl nümunəsidir. 

Uğurlu xarici siyasət nəticəsində Azərbaycan artıq təkcə nəqliyyat dəhlizlərinin kəsişdiyi məkan yox, həm də müxtəlif  qütblərdə dayanan, hətta bir-biri ilə rəqabət aparan dövlətləri bir araya gətirən etibarlı ünvan və tərəfdaşdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın milli maraqlarına xidmət edir. Azərbaycan heç bir qlobal güc mərkəzinin orbitinə daxil olmadan hamı ilə bərabərhüquqlu münasibətlər qurub. Enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşına çevrilən Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatının siyasi və strateji mərkəzlərindən biridir. Azərbaycan diplomatiyası artıq reaksiya verən yox, gündəm formalaşdıran diplomatiyadır.

Bu bir reallıqdır ki, İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal və təşəbbüskar aktor kimi tanındı. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, ATƏT, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM kimi nüfuzlu beynəlxalq qurumlarda Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində prinsipial və açıq şəkildə ifadə olundu. Azərbaycan eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq tərəfdaş kimi əməkdaşlıq edərək Avrasiya məkanında təhlükəsizlik, iqtisadi və siyasi dialoqun mühüm iştirakçısına çevrildi. Xüsusilə Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan bu təşkilatı formal platformadan real siyasi gücə çevirdi, beynəlxalq ədalətsizliklərə qarşı açıq mövqe ortaya qoydu və inkişaf etməkdə olan ölkələrin səsini qlobal miqyasda eşidilən etdi. Türk Dövlətləri Təşkilatı çərçivəsində isə Azərbaycan birləşdirici mərkəz rolunu oynayaraq siyasi, iqtisadi və hərbi əməkdaşlığı müttəfiqlik mərhələsinə yüksəltdi. Bu təşkilatlarda Azərbaycanın mövqeyi heç vaxt kənardan diktə olunmadı - Prezident 

İlham Əliyev ölkəni bərabərhüquqlu tərəfdaş, etibarlı müttəfiq və sözünün sahibi olan dövlət kimi təqdim etdi. Məhz buna görə də Azərbaycan beynəlxalq təşkilatlarda obyekt yox, subyekt statusu qazandı.

Cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan təkcə regional deyil, qlobal siyasi, humanitar və mədəni dialoq mərkəzinə çevrildi. Bakı artıq beynəlxalq aləmdə mühüm qərarların müzakirə olunduğu, fərqli siyasi qütblərin bir araya gəldiyi nüfuzlu platforma kimi qəbul edilir. Dünya dini liderlərinin qatıldığı Bakı Beynəlxalq Humanitar Forumu, mədəniyyətlərarası dialoqun qlobal ünvanına çevrilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, onlarca dövlət və hökumət başçısının iştirak etdiyi Qoşulmama Hərəkatının Zirvə Görüşü, Avropanın enerji təhlükəsizliyi məsələlərinin müzakirə edildiyi yüksəksəviyyəli beynəlxalq toplantılar ölkəmizin artan qlobal nüfuzunun real göstəriciləridir. Azərbaycan İlham Əliyevin liderliyi ilə təkcə belə tədbirlərə evsahibliyi etmir, həm də qlobal gündəm formalaşdıran təşəbbüslərlə çıxış edir. Məhz bu səbəbdən müxtəlif siyasi sistemlərə, fərqli ideoloji baxışlara malik ölkələr Bakını etibarlı dialoq məkanı kimi seçirlər. Bu fakt sübut edir ki, Azərbaycan artıq dünyada baş verən prosesləri  kənardan izləyən dövlət statusundan beynəlxalq münasibətlərin mərkəzində söz sahibi olan dövlət statusuna yüksəlib. Bu status təsadüfi deyil - bu, Prezident İlham Əliyevin düşünülmüş, balanslaşdırılmış və prinsipial xarici siyasət kursunun nəticəsidir.

Bu gün dünyanı karbohidrogen dövründən "yaşıl enerji" dövrünə keçidi daha çox düşündürür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın "yaşıl enerji" strategiyası təkcə iqtisadi və texnoloji seçim deyil, dünyada qlobal iqlim siyasətinə verilən siyasi cavab kimi formalaşdı və bu yanaşma ölkəmizin COP29-a evsahibliyi etməsi ilə beynəlxalq səviyyədə rəsmiləşdi. Azərbaycan artıq iqlim gündəminin kənarında dayanan müşahidəçi deyil, qlobal enerji keçidinə real töhfə verən ölkə kimi qəbul olunur. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətləri və digər aparıcı beynəlxalq tərəfdaşlarla imzalanmış milyardlarla dollar həcmində sazişlər Azərbaycanın COP öhdəliklərinin kağız üzərində deyil, konkret layihələrlə icra olunduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi, Xəzər dənizinin külək potensialının istismarı, günəş və külək-elektrik stansiyalarının inşası Azərbaycanın COP platformasında irəli sürdüyü çağırışların praktik təzahürüdür. COP29-un paytaxtda keçirilməsi Azərbaycanın enerji siyasətinə beynəlxalq etimadın göstəricisi olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin karbohidrogen dövründən "yaşıl enerji" dövrünə keçidi idarə edən nadir dövlətlərdən biri olduğunu təsdiqlədi. Azərbaycan bu gün yalnız enerji ixrac edən ölkə deyil, iqlim məsuliyyəti daşıyan, enerji təhlükəsizliyi ilə ekoloji balansı uzlaşdıran və qlobal iqlim dialoquna real töhfə verən strateji mərkəz kimi çıxış edir.

Ərəb dövlətləri ilə bağlanan müqavilələr təkcə iqtisadi əməkdaşlıq deyil, eyni zamanda enerji təhlükəsizliyi, iqlim məsuliyyəti və geosiyasi tərəfdaşlıq anlamına gəlir. Bu gün Avropanın "yaşıl enerji" gündəliyində Azərbaycanın adı etibarlı tərəfdaş kimi çəkilirsə, bu, dövlət başçısının vaxtında verdiyi qərarların, uzaqgörən və cəsarətli enerji siyasətinin nəticəsidir. Azərbaycan artıq yalnız enerji ixrac edən deyil, enerji keçidini formalaşdıran dövlət kimi qəbul olunur.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinin strateji prioritetinə çevrildi və bu sahədə aparılan islahatlar nəticə etibarilə ölkənin hərbi gücünü keyfiyyətcə tamamilə yeni mərhələyə yüksəltdi. Ordunun strukturunda köklü dəyişikliklər aparıldı, müasir döyüş tələblərinə cavab verən qoşun növləri və xüsusi təyinatlı birliklər formalaşdırıldı, idarəetmə sistemi NATO standartlarına uyğunlaşdırıldı. Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz olundu, pilotsuz uçuş aparatları, yüksək dəqiqliklə zərbə vasitələri, elektron müharibə sistemləri, raket və artilleriya kompleksləri arsenalın əsas tərkib hissəsinə çevrildi. Paralel olaraq, Prezident İlham Əliyevin siyasi iradəsi ilə milli hərbi sənaye kompleksi yaradıldı, müdafiə sənayesi müəssisələri quruldu və Azərbaycan tədricən silah alan ölkədən silah istehsal və ixrac edən ölkəyə çevrildi. Bu gün Azərbaycan hərbi sənayesi yalnız ordunun daxili tələbatını ödəməklə kifayətlənmir, eyni zamanda bir sıra müasir silah və hərbi texnikanı xarici bazarlara çıxarır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər uzunmüddətli ordu quruculuğu siyasətinin real nəticəsi, cənab İlham Əliyevin Ali Baş Komandan kimi formalaşdırdığı güclü ordunun praktik təsdiqi oldu. Bu tarixi qələbə yalnız torpaqlarımızın  azadlığı deyil,  ədalətin bərpası idi. Bu gün Qarabağda və Şərqi Zəngəzurda dünyada misli görünməyən  bərpa-quruculuq işləri aparılır. Dağıdılmış şəhərlər, kəndlər bərpa edilir, yollar, hava limanları, enerji infrastrukturu qurulur. Əhalinin doğma yurdlarına qayıdışı planlı şəkildə həyata keçirilir. Bu, bərpaolunan şəhər və kəndlərimizdə  yenidən məskunlaşma deyil - dövlətin öz torpaqlarına qayıdış fəlsəfəsidir.

Dövlət başçısı qalib lider kimi sülh yolunu seçib. Ermənistanla sülh təşəbbüsü, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya çağırışları Azərbaycanın regionda sabitliyin əsas təminatçısına çevrildiyini sübut edir. Bu, gücsüzlərin deyil, güclülərin edə bildiyi siyasətdir.

Prezident İlham Əliyevin sərkərdəliyi ilə biz elə möhtəşəm Zəfər qazandıq ki, bir dəfə ucalan bayrağımızın enməzlik fəlsəfəsini düşmən də qəbul etdi və "Qarabağ Azərbaycandır" dedi. Cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa, dövlətimizin  suverənliyini tam təmin edən dövlət başçısıdır.

Azərbaycan bayrağı bu gün təkcə bir dövlətin rəmzi deyil. O, bir siyasi fəlsəfənin, bir liderlik modelinin və bir tarixi ədalətin simvoludur. Bu gün bu, müqəddəs bayraq yalnız hündür dirəklərdə dalğalanmır. Ruhumuzdan, qanımızdan, canımızdan qiymətli olan işğaldan azad olunmuş torpaqlarımızda, qurulan şəhərlərdə, doğma yurdlarına qayıdan insanların gözlərində, dövlətin artan nüfuzunda dalğalanır. Bu bayraq sənindir, Vətən! 

Prezident İlham Əliyevin hakimiyyəti dövrü Azərbaycan tarixində güclü dövlətin güclü liderlə formalaşdığı dövr kimi qalacaq. Bu dövr sabitlik, inkişaf, sosial ədalət, qələbə və gələcəyə inam dövrüdür. Bu, böyük liderin imzası olan bir tarixdir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin yaratdığı "vətən dili": məramdan əmələ

11:50
09 Yanvar

Cəbrayıl və Füzuli rayonlarının ərazisində açıq sahədə baş vermiş yanğınlar söndürülüb  

11:43
09 Yanvar

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılır  

11:41
09 Yanvar

Daşaltı və Tuğ kəndlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin, Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb  

11:39
09 Yanvar

“Samsung Ballie” layihəsi dondurulub  

10:50
09 Yanvar

HHQ komandanı və Hərbi prokuror hərbi hissələrdə olublar  

10:48
09 Yanvar

Dünya bazarında qızıl 17 dollar bahalaşıb

10:47
09 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:46
09 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib  

10:31
09 Yanvar

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  

10:21
09 Yanvar

Emmanuel Makron: ABŞ bəzi müttəfiqlərdən uzaqlaşır və beynəlxalq qaydalardan kənara çıxır  

10:01
09 Yanvar

ABŞ Prezidenti Rusiya tankerinin ələ keçirilməsini şərh edib  

09:36
09 Yanvar

Tramp: Biz Venesuelada nefti idarə edəcəyik  

09:35
09 Yanvar

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq  

09:34
09 Yanvar

Kiyevə raket zərbələri endirilib, ölənlər var

09:32
09 Yanvar

ABŞ-da federal agentliyin əməkdaşları iki nəfəri güllələyib  

09:32
09 Yanvar

Ermənistanda hökumət-kilsə qarşıdurması şiddətlənir

09:15
09 Yanvar

İnfeksion xəstəliklər üzrə epidemioloji vəziyyət stabildir

09:10
09 Yanvar

Gözəllik nəğməkarı

09:05
09 Yanvar

Taleyi keşməkeşli olan "Səadət Sarayı"

09:00
09 Yanvar

Quba: görüləcək işlər çoxdur

08:55
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!