Azərbaycan
Respublikası olduqca qısa zaman kəsiyində
dövlət quruculuğunun bütün sahələrində mühüm irəliləyişlərə imza atıb. Ölkə və onun
siyasi sistemində müşahidə olunan keyfiyyət sıçrayışında dövlət qulluğu mürəkkəb,
kompleks, sosial, hüquqi, təşkilati institutdur. Şübhəsiz, istənilən dövlət fəaliyyətinin
səmərəliliyi dövlət aparatının rasional təşkil olunmuş strukturu, həmçinin dövlət
qulluqçularının peşəkarlığı, səriştələri və məsuliyyətliliyi ilə ölçülür. Göstərilən
özəllikləri özündə ehtiva edən dövlət qulluğu hakimiyyətin təməli və onun sabitliyinin,
nüfuzunun və yüksək dinamizminin başlıca amilidir.
Hazırda Azərbaycan
Respublikası məntiqli islahatların nəticəsi olaraq dinamik inkişaf edən dövlətin
qarşısında duran vəzifələri yüksək səviyyədə həll etməyə qadir səmərəli dövlət idarəçiliyi
sistemi formalaşdırmağa müvəffəq olub. Lakin bu bir faktdır ki, zaman yerində durmur,
yeni idarəçilik texnologiyaları meydana çıxır, dövlət qulluqçularının fəaliyyətinə
daha proqressiv yanaşmalar ortaya qoyulur.
Azərbaycanda dövlət qulluğu institutunun inkişafı məsələsində bir çox hallarda
zamanın tələblərini geridə qoyan önləyici təşəbbüslər gerçəkliyə çevrilir. Bu arada insan resursu, bəzən hətta xammal, logistika
potensialından istifadə daha böyük əhəmiyyət kəsb etməklə ön plana çıxır. Zamanında dövlətin inkişafında insan faktorunun
müəyyənedici roluna diqqət çəkən Sinqapurun sabiq lideri Li Kuan Yu düzgün qeyd
edib ki, müdrik və səmərəli idarəetmə inkişaf yoludur. Və onun trayektoriyasını
həqiqi siyasi və dövlət xadimlərinin yardımı ilə uğurla planlaşdırmaq olar.
Qeyd olunanların
fonunda ölkəmizdə uzunmüddətli strategiyaların seçimi, prioritetlərin müəyyənləşdirilməsi,
dövlət qulluğunun XXI əsrin reallıqlarına uyğun modernləşdirilməsi önəmli bəhrələrini
verib. Azərbaycanda siyasi iradə "dövlət qulluğunu” "cəmiyyətə, millətə qulluğun”
sinoniminə çevirməkdə israrlıdır.
Azərbaycan
Respublikasında müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı Ümummilli
Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ikinci dəfə ali hakimiyyətə gələn Ulu Öndər ölkəmizdə ictimai-siyasi
sabitliyi bərqərar etdi və dövlət idarəçiliyini yeni əsaslarla formalaşdırdı.
2000-ci ildə "Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra indiyədək onun
həyata keçirilməsini təmin edən hüquqi bazanın yaradılması üçün 49 qanun, 103 fərman
və sərəncam, 5 qərar qəbul edilmişdir. Həmin aktlardan "Dövlət qulluqçularının icbari
sığortası haqqında”, "Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında” qanunları,
dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının,
dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın
müəyyənləşməsi qaydalarının, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun
təsdiq edilməsi haqqında fərmanları və s. aktları qeyd etmək lazımdır. Bu sənədlər
Azərbaycanda dövlət qulluğunun əsas istiqamətlərini əhatə edərək dövlət qulluqçularının
fəaliyyəti üçün lazımi hüquqi zəmin, müvafiq icra və nəzarət mexanizmini formalaşdırmışdır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2020-ci ildə nəşr etdiyi
"Dövlət qulluqçuları” Statistik məcmuədə qeyd edilir ki, bu gün Azərbaycanda 29368 dövlət qulluqçusu vardır
ki, onlardan 29 faizini qadınlar təşkil edir.
Ölkə rəhbərinin
nəzərdə tutduğu uzunmüddətli inkişaf xəttinin həyata keçirilməsi dövləti idarə edən
kadrlardan, yəni dövlət qulluqçularından çox asılıdır. Məhz bu məqsədlə ölkə Prezidentinin
2018-ci il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası
üzrə Fəaliyyət Planında dövlət qulluqçuları ilə bağlı bir çox müddəalar yer almışdır.
Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya
və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri
və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə
adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim
modullarının və proqramlarının hazırlanması və digər məsələlər öz həllini tapmışdır.
Ölkədə dövlət
qulluqçularının peşəkarlığının artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır
ki, bu məqsədlə də Prezident yanında yeganə ali təhsil müəssisəsi olan Dövlət İdarəçilik
Akademiyası artıq bir neçə ildir ki, dövlət qulluqçularının hazırlanmasında, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçularının peşə səviyyəsinin
yüksəldilməsində müstəsna rol oynayır. Artıq
əminliklə demək olar ki, ölkənin yeni idarəetmə aparatı Dövlət İdarəçilik
Akademiyasında peşəkar mütəxəssislərdən təlim almış dövlət qulluqçularından təşkil
olunub.
Ümumiyyətlə,
bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda "common brain”
(hərfi tərcüməsi "ümumi beyin”, "ümumi zəka” deməkdir) deyilən tamamilə yeni siyasi
elita formalaşmışdır. Heç də təəccüblü deyil ki, "informasiya cəmiyyəti”nin yaradıldığı
əsrdə ölkənin idarə edilməsi müəyyən mənada "kompüter şəbəkəsində inzibatçılığı”
xatırladır. Azərbaycanda artıq fəaliyyətə başlamış "elektron hökumət” dövlət məsələlərini
səmərəli və operativ həll etməyə imkan verir. Beləliklə, Azərbaycanda yaradılmış
dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulub,
bu tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizmdir. Həm ölkənin daxili
inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin
tələblərinə uyğunlaşmış peşəkar yeni nəsil dövlət qulluqçularından asılıdır.
Onu da qeyd
edək ki, rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər
funksioner gələrsə, bu həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi
problemlər yarada bilər. Hətta həmin sistemə qoşulmuş yüksək təhsilli kadrın zəruri
keyfiyyətləri yoxdursa bu, inkişafın siyasi kursuna mənfi təsir göstərəcək. Yeni
dövlət idarəçiliyi sisteminin hər bir üzvü dövlət idarəçiliyinin konkret istiqaməti
üzrə mütəxəssisdir. Geniş təhsilli, yüksək intellektual keyfiyyətlər, yüksək idarəçilik
təcrübəsi, işgüzar ünsiyyət vərdişləri, iyerarxik sistemə uyğunlaşmaq bacarığı
- bütün bu və digər keyfiyyətlərin məcmusu yeni dövlət idarəçiliyi sisteminin hər
bir üzvünə xas olan xüsusiyyətlərdir. Eyni zamanda son vaxtlar dövlət başçısının
yaranmış vəziyyətlə əlaqədar operativ qərarlar qəbul etməsi, çoxvariantlı idarəçilik
və böhranlı vəziyyətlərin kollektiv nizamlanması modellərini tətbiq etməsi, dövlət
idarəçiliyinin bütün sahələrində informasiya texnologiyalarından geniş istifadəni
zəruri etmişdir.
Rəqəmsal dövlət gulluğuna gedən yol
Bu gün artıq
dünyada yaxşı idarəçilik, dövlət xitmətlərinin keyfiyyəti və əlçatanlığı, dövlət
idarəçiliyində məmur və vətəndaş ünsiyyətini minimuma endirmək, dövlət idarəçiliyində
elektron xidmətlərin tətbiq edilməsi səviyyəsi və dövlət qulluğunda korrupsiya ilə
mübarizə xüsusi indikatorlarla qiymətləndirilir və reytinq cədvəlləri tərtib olunur.
Belə ki, dünya ölkələrində dövlət idarəçiliyində elektron resursların tətbiqi ilə
innovativ metodlara üstünlük verilir, idarəçiliyin təşkilinə xərclənən vəsaitə qənaət
edilir. Misal olaraq göstərə bilərik ki, Birləşmiş Millətlər Təşkilatının (BMT)
elektron hökumətin inkişafı indeksi üzrə birinci onluğa daxil olan ölkələr sırasında
Danimarka, Avstraliya, Koreya Respublikası, İngiltərə, İsveç, Finlandiya, Sinqapur,
Yeni Zelandiya və Fransa yer almışdır. Bu ölkələrin əksəriyyəti cəmiyyətin rəqəmsallaşması
strategiyasını qəbul edib və aktiv şəkildə yeni müasir texnoloji yenilikləri, blokçeyn,
süni intelekt və böyük məlumatlar bazası sistemlərinin tətbiqinə qərar veriblər.
Azərbaycanda da hələ müstəqilliyin ilk illərindən dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasına
yönəlik önəmli addımlar atılıb. Bu sahədə qanunvericilik bazası formalaşdırılıb,
şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə davamlı həyata keçirilən
strategiya nəticəsində ölkə böyük uğurlar əldə edib. Ölkə Prezidentinin imzası ilə
müvafiq sərəncamlar, o cümlədən korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi
sahəsində 6 strateji sənəd qəbul edilib. Aparılan uğurlu islahatlar nəticəsində
Azərbaycanda "Elektron hökumət”in formalaşması təmin olunub. Dövlət qurumları informasiya
sistemləri və ehtiyatlarından, onlayn elektron xidmətlərdən geniş istifadə etməyə
başlayıb. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III
səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb. Görülmüş
işlərin davamı kimi ölkədə "Elektron hökumət”in inkişafı, "rəqəmsal hökumət”ə keçidin
təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin
yaradılması və göstərilməsi üçün dövlət xərclərinin optimallaşdırılması, informasiya
sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı
və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan
sərbəst istifadəsi üçün və "bulud” texnologiyasının tətbiqi məqsədilə 3 iyun
2019-cu ildə "Hökumət buludu”nun (G-cloud) yaradılması və "bulud” xidmətlərinin
göstərilməsi sahəsində tədbirlər haqqında fərman imzalanıb. Bu fərman Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının
inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı”nın 2.4.5-ci yarımbəndinin
icrası ilə bağlı ərsəyə gəlib. Fərmanla "Hökumət buludu” (G-cloud) Konsepsiyası”
təsdiq edildi. Bu texnologiyanın tətbiqi ilə dövlət informasiya sistemlərinin təhlükəsiz
saxlanıldığı, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada formalaşdırıldığı
və aparıldığı, beynəlxalq standartlara cavab verən Data mərkəzi isə hökumətin milli
məlumat məkanıdır. "Hökumət buludu” dövlət idarəçiliyində İKT-dən, onun verdiyi
üstünlüklərdən daha səmərəli istifadə edilməsi, mövcud infrastrukturun idarə edilməsinin
təkmilləşdirilməsi, bunun vasitəsilə təmin edilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin
artırılması baxımından önəmlidir. Qəbul edilmiş Konsepsiya ilə "Elektron hökumət”in
(eGov) inkişafına və "rəqəmsal hökumət”ə keçidə təkan veriləcək, dövlət xidmətlərinin
yüksək keyfiyyət səviyyəsi təmin ediləcək, istifadəçi məmnuniyyəti artacaq, "açıq
məlumatlar”a (Open Data) əsaslanan xidmətlər göstəriləcək, "Süni intellekt”ə (Artificial
İntelligence) və robot texnologiyalarına əsaslanan innovativ həllər dəstəklənəcəkdir.
Bütün bunlar əlbəttə ki, dövlət idarəçiliyində qabaqcıl və yüksək texnologiyaların
tətbiqinə, informasiya sistemlərinin yaradılması və istifadəsi zamanı məsrəflərin
qarşısının alınmasına və kadr ehtiyatına tələbatın optimallaşdırılmasına və onların
ixtisas səviyyəsinin yüksəlməsinə töhfə verəcəkdir.
Mənbə: "Hökumət buludu” (G-cloud) Konsepsiyası.
3 iyun 2019-cu il.
Bu sistemin
tətbiqi vasitəsilə bütün dövlət qurumlarının elektron əlaqəsi təmin ediləcəkdir.
Azərbaycanın brendi olan "ASAN xidmət” ilə digər dövlət qurumlarının qarşılıqlı
fəaliyyətinin təmin olunması bunun bariz nümunəsidir. "ASAN xidmət” mərkəzləri dövlət
orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata
keçirilməsini təmin edən qurumlardır. Bu
xidmət mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş
məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına,
ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə
xidmət edir.
3 iyun
2020-ci ildə növbəti "ASAN Həyat” Mərkəzinin açılışında Prezident İlham Əliyev qeyd
etmişdir ki, "biz qısa müddət ərzində "ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq
və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur.
"ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət
olmuşdur. "ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların
bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız "ASAN xidmət”
mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz
də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola
bildik”.
16 iyun
2020-ci ildə Prezident İlham Əliyev "Microsoft” şirkətinin vitse-prezidenti və şirkətin
digər nümayəndələri ilə keçirdiyi videokonfransda vurğulamışdır ki, hazırda Azərbaycanda
Rəqəmsal Transformasiya üzrə Hökumət Strategiyası üzərində işlər aparılır. Bu gün
qlobal dünyada yeni risk mədəniyyətinin və blokçeyn texnologiyalarının formalaşdığı
dövrdə dövlət idarəçiliyinin yeni metodlar
əsasında fəaliyyət göstərməsi zərurəti yaranmışdır.
Müasir dövrün
ən qabarıq xüsusiyyətləri qloballaşma və informasiyalaşma ilə bağlıdır. Yeni texnologiyalar
insan fəaliyyətinin ən vacib komponenti kimi qəbul olunur. "Elektron demokratiya”,
"Kiberokratiya”, "Virtual icma”, "Elektron hökumət” və bu kimi yeniliklər həyatımızın
ayrılmaz atributlarına çevrilmişdir. Cəmiyyətin informasiya texnologiyaları sahəsindəki
inqilaba əsaslanan, bütün dünyaya yayılan yeni informasiya epoxasına keçidi sosial
və iqtisadi strukturların dəyişməsinə də səbəb olub. Sərt iyerarxik sosial "ehramlar”,
"şaquli” idarəçilik institutları çevik, "üfüqi” şəbəkələrlə əvəzlənir. Məhz sonuncuların
vasitəsilə də hazırda idarəetmə və resurslar mübadiləsi prosesi təşkil olunur. Həyatın
demək olar bütün sferaları - gündəlik həyatdan tutmuş milli dövlətlərin geosiyasətinədək
hər növ fəaliyyət sahəsi qlobal şəbəkənin informasiya fəzasına transfer olunub. Dünyanı
bürümüş CovId-19 infeksiyasının yaratdığı qlobal pandemiya şəraitində bir çox ölkələr
öz dövlət aparatının böyüməsini, dövlətin sosial, səhiyyə, nəqliyyat və digər sahələrinin
zəif işləməsini, büdcə xərclərinin kəskin şişməsini, buradan irəli gələrək nəzarət
imkanlarının məhdud olmasını və korrupsiya hallarının artmasını, bir sözlə, mövcud
sistemin ləng işləməsi və dövrün tələblərinə cavab verə bilməməsi kimi "simptomlarla”
müşayiət olunan "bürokratik xəstəliyin” təcili
olaraq təxirəsalınmaz "müalicəsi” kimi faktlarla üz-üzə qalıblar. Dünya İqtisadi
Forumunun təsisçisi Klaus Şvabın sözləri ilə desək, müasir dövrün çağırışlarına
transformasiyada gecikən dövlətlər gələcəkdə inkişaf tempinə görə digər dövlətlərdən
uzun illər geridə qalmaq təhlükəsi ilə üzləşəcəklər. Azərbaycanda bu sahəyə nəzər
salsaq görərik ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində
Azərbaycan nəinki region ölkələrindən, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrindən
də öncə bu istiqamətdə əsaslı işlər görmüşdür. Azərbaycanda artıq ağıllı şəhər
-”Smart City” layihəsi üzərində işlər aparılır. Növbəti mərhələdə isə "Ağıllı ölkə”
proqramı üzərində işlərə başlanacaq, dövlət idarəçiliyndə "Süni intellekt” (Artificial
intelligence) kompüter proqramlarının tətbiqi yolları araşdırılr.
Göründüyü
kimi, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə
tətbiqi siyasi prioritetdir. Buna misal olaraq
qeyd edək ki, Azərbaycanda dünyanı bürümüş pandemiya ilə mübarizə gedişində də yeni
üsullar tətbiq edilir. 19 iyun 2020-ci il tarixindən Nazirlər Kabineti yanında fəaliyyət
göstərən Operativ Qərargahın Mobil Tətbiqi istifadəyə verilmişdir. "E-Təbib” mobil
tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial
virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək.
Bu gün Prezident İlham Əliyev bu stereotipi
qırmağa müvəffəq olub. Hazırda biz dövlət qulluğunun sahələrin rəqəmsallaşması və
yeni nəslin, yeni dövrün tələbatlarına uyğun daxildən dəyişməsinin şahidinə çevrilirik:
təkcə heyət keyfiyyət baxımından dəyişmir, həm də müasir məmur obrazı transformasiyaya
uğrayır. Dövlət orqanlarında yeni fəaliyyət mədəniyyəti formalaşır, rəqəmsal kompetensiyalar
inkişaf etdirilir. Bir sözlə, rəqəmsal kadr platformalarına əsaslanan yeni tip dövlət
qulluğu qurulur.
Prosesin gedişi ölkə başçısının qeyd etdiyi
kimi, dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin rəqəmsallaşdırılması prosesinin
gələcəkdə də davam etdiriləcəyini, Azərbaycanın bu sahədə liderlik mövqelərini möhkəmləndirəcəyini
və dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutacağını əminliklə
vurğulamağa əsas verir. Çünki rəqəmsal texnologiyalar növbəti trend deyil, dövlət
qulluğunun daimi inkişaf vektorudur.
Rəcəb RƏHİMLİ,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin
müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent