Süni intellektin tətbiqi və rəqəmsallaşma bu gün bütün dünyada inkişafı müəyyən edən əsas amillər kimi özünü göstərir. Əgər bir ölkə rəqəmsal transformasiyanı prioritet hesab etmirsə, deməli, qlobal rəqabətdə geri qalmaq riski ilə üz-üzədir.
Azərbaycanda bu sahədə müasir tələblərə cavab verən yanaşma mövcuddur. Artıq vahid dövlət strategiyası formalaşıb. Süni intellekt və rəqəmsallaşma ilə bağlı aydın siyasi xətt müəyyən edilib. Bu sahə dövlətimizin uzunmüddətli inkişaf prioritetləri sırasında yer alır.
Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiqi ilə bağlı məsələlər müzakirə olundu. Həmin məsələlər ölkəmizin inkişaf modelində yeni mərhələnin başlanğıcıdır.
Rəqəmsal tranformasiyada əsas məsələlərdən biri data mərkəzlərinin yaradılmasıdır. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə bir neçə data mərkəzinin qurulması planlaşdırılır və bu infrastruktur süni intellekt sistemlərinin stabil fəaliyyəti üçün vacibdir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın enerji və nəqliyyat infrastrukturunda topladığı təcrübə indi rəqəmsal infrastruktura transformasiya olunmalıdır. Enerji və nəqliyyat dəhlizləri ölkəmizi regional mərkəzə çevirdiyi kimi, fiber-optik dəhlizlər və data mərkəzləri də Azərbaycanı rəqəmsal qovşağa çevirə bilər.
Qeyd edək ki, süni intellekt və innovasiya sahəsində özəl sektorun dəstəklənməsi də ölkəmizin bu sahədə imkanlarını artırır. Bu isə yeni investisiyaların cəlb olunmasına və əlavə gəlir mənbələrinin yaranmasına imkan yaradır.
Vacib məsələlərdən biri də kadr hazırlığıdır. Texnologiya öz-özünə inkişaf etmir. Onu inkişaf etdirən və tətbiq edən insan kapitalıdır. Bu baxımdan Prezident İlham Əliyevin təsdiq etdiyi "2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nda ixtisaslı kadrların hazırlanması mühüm məsələlər sırasındadır.
Bu strategiya ölkəmizin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.
Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təbliği, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.
Eyni zamanda süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyükhəcmli məlumatların effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.
Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.
Süni intellekt texnologiyalarının etik istifadəsi və təhlükəsizliyinin təmin edilməsi strategiyanın mühüm istiqamətlərindən biridir. Bu məqsədlə tənzimləyici çərçivənin yaradılması, süni intellekt alqoritmlərinin şəffaflığının təmin edilməsi, məlumat qərəzinin aradan qaldırılması və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək.
Eyni zamanda ictimaiyyətin süni intellekt texnologiyalarına dair məlumatlılığının artırılması və onlardan istifadənin cəmiyyət üçün faydaları barədə maarifləndirici kampaniyaların aparılması nəzərdə tutulur. Yeni strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına daxil edəcək və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verəcək. Bu strategiya həmçinin süni intellekt ekosisteminin formalaşdırılması və ölkənin qlobal süni intellekt platformalarında aktiv iştirakını təmin etmək üçün bir yol xəritəsi kimi çıxış edəcək.
Beləliklə, Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələnin əsas hərəkətverici qüvvəsi məhz rəqəmsal transformasiya və süni intellekt texnologiyalarıdır. Süni intellektə əsaslanan inkişaf modeli ölkəmizin iqtisadi dayanıqlığını möhkəmləndirəcək, yeni imkanlar yaradacaq və gələcək nəsillər üçün daha güclü, rəqabətqabiliyyətli bir cəmiyyət formalaşdıracaq.
Təhminə VERDİYEVA,
"Azərbaycan"