G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.
AZƏRTAC xəbər verir ki, bəyanatda liderlər Ukraynanın ərazi bütövlüyünü və mövcudluq hüququnu, eləcə də onun azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etmək istiqamətində sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər. Bundan başqa, sülh prosesinin başlanması və tərəflərin birbaşa danışıqlara cəlb ilə bu məqsədlərə nail olmaq üçün ABŞ Prezidentinin səylərinə davamlı dəstək ifadə olunub. Bu prosesdə Avropanın digər tərəfdaşlarla birlikdə aparıcı rol oynamasının vacibliyi qeyd edilib. Eyni zamanda, Ukraynaya güclü və etibarlı təhlükəsizlik təminatlarının verilməsi məqsədilə “İstəklilər Koalisiyası” çərçivəsində götürülmüş öhdəliklərə də dəstək ifadə olunub. Ukrayna və Rusiyanın səmimi və vicdanlı danışıqlar aparmaqla sülh sazişinə nail ola biləcəkləri xüsusi vurğulanıb.
Bəyanatda, həmçinin G7 üzvləri və digər tərəfdaşlar tərəfindən Ukraynaya qış mövsümündə göstərilən əhəmiyyətli maliyyə və digər yardımlar alqışlanıb. Son həftələrdə əlavə elektrik enerjisi istehsal güclərinin səfərbər edildiyi, digər kritik avadanlıqların təmin olunduğu vurğulanıb, yanvardan etibarən G7 ölkələrindən Ukraynaya 2500-dən çox generator və transformatorlar, turbinlər və digər avadanlığın göndərildiyi bildirilib. Bundan əlavə, Ukraynanın Enerji Dəstək Fonduna 500 milyon avrodan çox yeni vəsaitin ayrılması öhdəliyinin götürüldüyü diqqətə çatdırılıb.
G7 ölkələrinin liderləri nüvə təhlükəsizliyinin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq etməyə sadiq olduqlarını vurğulayaraq, bu çərçivədə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Ukraynanın birlikdə Çernobıl qoruyucu örtüyünün mümkün olan ən qısa müddətdə bərpası üçün vəsaitin toplanmasının təşviqini, bütün qitə üçün ciddi humanitar və ekoloji nəticələrə səbəb ola biləcək hər hansı radioloji insidentin qarşısının alınmasını dəstəklədiklərini bildiriblər.
Bəyanatda, həmçinin ukraynalı uşaqların ailələrinə və icmaların dərhal, təhlükəsiz və qeyd-şərtsiz qaytarılmasını təmin etməyə yönəlmiş təşəbbüslərin dəstəkləndiyi, Ukraynalı Uşaqların Qayıdışı üzrə Beynəlxalq Koalisiyanın fəaliyyətinin yüksək qiymətləndirildiyi qeyd olunub, Ukrayna əhalisinə humanitar yardımın və dəstəyin davam etdiriləcəyi vurğulanıb.