17 İyul 2026 09:10
114
Təhsil
A- A+
Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi


2025/2026-cı tədris ili Qarabağ Universitetində sürətli institusional böyümə, akademik keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbə nailiyyətləri ilə zəngin mühüm mərhələ olmuşdur. İki il əvvəl fəaliyyətə başlayan bu təhsil müəssisəsi başa vurduğumuz tədris ilində müasir, tələbəmərkəzli, tədqiqatəsaslı və beynəlxalq əməkdaşlığa açıq universitet modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə etmişdir.

Qarabağ Universitetinin sürətli inkişafının əsasında Azərbaycan Prezidenti İlham Əliyevin universitetə xüsusi diqqəti və davamlı dövlət dəstəyi dayanır. Dövlət başçısının 2025-ci ildə iki dəfə universitetdə olması, Qarabağ Universitetinin Klinikası və Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun, Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının açılışında iştirakı, Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyması universitetin inkişafına verilən strateji əhəmiyyətin bariz ifadəsidir.


Keyfiyyətli tələbə kontingenti və sürətli institusional inkişaf


2025/2026-cı tədris ilinin mühüm nəticələrindən biri yüksək akademik göstəricilərə malik gənclərin Qarabağ Universitetinə marağının artması olmuşdur. 600-dən çox bal toplamış 127 abituriyent bu universiteti seçmişdir. Əvvəlki tədris ilində bu göstəricinin 101 nəfər olması qəbul keyfiyyətində müsbət dinamikanı göstərir.

Ümumilikdə 500-dən çox bal toplamış 332 gənc, 400-dən çox nəticə göstərmiş 613 gənc Qarabağ Universitetinin tələbəsi adını qazanmışdır. Universitetə qəbul olunan ən yüksək nəticəli tələbə 684 bal toplamışdır. Respublika fənn olimpiadalarının beş qalibinin müsabiqədənkənar qaydada universitetə qəbul olunması da istedadlı gənclərin artan marağının göstəricisidir.

İlk dəfə tələbə qəbulu aparılan "Tibb" ixtisasında keçid balının 614,6, "Tibb bacısı (qardaşı) işi" ixtisasında 490,6 bal olması yeni akademik proqramlara yüksək marağı nümayiş etdirmişdir. İncəsənət fakültəsində "İnstrumental ifaçılıq" və "Musiqi müəllimliyi" ixtisasları üzrə qəbul göstəriciləri də ölkə üzrə yüksək nəticələr sırasında yer almışdır.

Tələbə sayının 2143-ə çatması, akademik və inzibati heyətin 400 nəfəri ötməsi, kadr hazırlığı həyata keçirilən ixtisasların sayının 25-dən 34-ə yüksəlməsi Qarabağ Universitetinin qısa müddətdə böyük ali təhsil müəssisəsinə çevrilmək istiqamətində sürətlə irəlilədiyini göstərir. Universitetin əməkdaşları sırasında 5 xarici ölkə vətəndaşının yer alması isə formalaşmaqda olan beynəlxalq akademik mühitin və müxtəlif təcrübələrin tədris prosesinə cəlb olunmasının təzahürlərindən biridir.


Akademik keyfiyyət və beynəlxalq standartlara uyğun təhsil


Ötən tədris ilində əsas prioritetlərdən biri təhsil proqramlarının müasir əmək bazarının tələbləri və beynəlxalq akademik standartlara uyğun formalaşdırılması olmuşdur. Yeni ixtisaslar üzrə tədris planları hazırlanaraq təsdiq edilmiş, fakültələrdə tədris, tədqiqat, innovasiya, sənaye əməkdaşlığı və tələbələrlə iş istiqamətləri sistemli inkişaf etdirilmişdir.

Ən mühüm nailiyyətlərdən biri Biznes və iqtisadiyyat fakültəsinin "Mühasibat" və "Maliyyə" proqramlarının ACCA tərəfindən beynəlxalq akkreditasiyadan keçməsi olmuşdur. Qarabağ Universitetinin ilk beynəlxalq proqram akkreditasiyası kimi tarixə düşən bu nəticə proqramların məzmun və təlim nəticələrinin beynəlxalq tələblərə uyğunluğunun təsdiqidir.

Akademik keyfiyyət tələbələrin beynəlxalq peşə imtahanlarındakı uğurlarında da özünü göstərmişdir. Biznes və iqtisadiyyat fakültəsinin bir tələbəsi ACCA-nın "Financial Management" imtahanında Azərbaycan, Türkiyə və Gürcüstan regionu üzrə birinci, dünya üzrə beşinci yeri tutmuş, digər tələbəmiz "Financial Reporting" imtahanında region üzrə birinci nəticə göstərmişdir.

İqtisadiyyat ixtisası üzrə bakalavriat proqramının Oksford Universitetinin iqtisadçı alimləri ilə birgə hazırlanması akademik məzmunun beynəlxalq təcrübə əsasında yenilənməsinin mühüm nümunəsidir. 


Qarabağda yeni tibbi təhsil və klinik ekosistemin qurulması


2025/2026-cı tədris ilinin mühüm yeniliklərindən biri Qarabağ Universitetində tibbi təhsilin və klinik fəaliyyətin əsasının qoyulması olmuşdur.

Tibb və sağlamlıq elmləri fakültəsində beynəlxalq təcrübə əsasında hazırlanmış kompetensiyaya əsaslanan 6 illik "Tibb" və 4 illik "Tibb bacısı (qardaşı) işi" proqramlarının tədrisinə başlanılmışdır. Yeni model inteqrasiya olunmuş fənlərarası tədrisə, klinik düşünmənin, praktik bacarıqların, tədqiqat və analitik təfəkkürün inkişafına əsaslanır. Pasiyentmərkəzli yanaşma, simulyasiya və klinik bacarıq təlimləri, əsas və klinik elmlərin inteqrasiyası, beynəlxalq təcrübəli professor-müəllim heyətinin tədrisə cəlbi yeni tibbi təhsil modelinin əsas elementləridir.

Tədris proqramına "İncəsənət və humanitar elmlər" komponentinin daxil edilməsi gələcək həkimlərin peşə bilikləri ilə yanaşı, kommunikasiya, komanda işi, yaradıcı düşünmə və özünüifadə bacarıqlarının inkişafına xidmət edir.

Qarabağ Universitetinin Klinikasının fəaliyyətə başlaması tələbələrin klinik təcrübəsi üçün yeni imkanlar yaratmaqla yanaşı, Qarabağ regionunda müasir səhiyyə ekosisteminin formalaşdırılmasına mühüm töhfədir.


Elmi-tədqiqat fəaliyyətində yeni mərhələ


Qarabağ Universitetinin qısa müddətdə mühüm irəliləyiş əldə etdiyi istiqamətlərdən biri elmi-tədqiqat fəaliyyətidir. Tədqiqat mühitinin formalaşdırılması, akademik heyətin elmi fəaliyyətə təşviqi və nüfuzlu elmi bazalarda təmsilçiliyin genişləndirilməsi artıq konkret nəticələrlə müşayiət olunur.

Scopus bazasında indekslənən nəşrlərin sayı 2024-cü ildə 6, 2025-ci ildə 26, 2026-cı ilin ilk altı ayında isə 30 olmuşdur. Beləliklə, 2024-2026-cı illərdə Scopus bazasında məqalələrin sayı 62-yə çatmış, həmin nəşrlərə 139 istinad edilmişdir. 2026-cı ilin ilk yarısında dərc olunan 30 məqalə artıq 2025-ci ilin tam illik göstəricisini üstələmişdir.

Elmi nəticələr keyfiyyət və beynəlxalq səviyyə baxımından da diqqət çəkir. Universitet əməkdaşlarının tədqiqatları "Evolution Equations and Control Theory", "PLoS ONE", "Journal of Environmental Management", "Scientific Reports", "ACS Omega", "IEEE Access" və "RSC Advances" kimi beynəlxalq elmi jurnallarda dərc edilmişdir. Bu, universitetdə formalaşan elmi potensialın qlobal akademik mühitə çıxış imkanlarının genişləndiyini göstərir.

Tədqiqatların tematik istiqamətləri də universitetin strateji missiyası ilə uzlaşır. Elmi nəşrlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bölgüsündə ən yüksək göstərici 9 məqalə ilə "İqlim fəaliyyəti" istiqamətində qeydə alınmışdır. "Ləyaqətli iş və iqtisadi artım" mövzusuna 7, "Sənaye, innovasiya və infrastruktur" istiqamətinə 6, "Əlçatan və təmiz enerji" sahəsinə 6, "Sağlamlıq və rifah" mövzusuna 4 məqalə həsr edilmişdir.

Gənc tədqiqatçıların elmi fəaliyyətə cəlbi diqqət mərkəzində saxlanılmışdır. Qarabağ Universitetindən Doktorant və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransında 18, "Qərbi Azərbaycana qayıdış" III konqres-festivalında isə 20-yə yaxın gənc əməkdaş elmi məruzələrlə çıxış etmişdir. Bundan əlavə, Bakı Dövlət Universitetinin evsahibliyi, Qarabağ Universitetinin yerli və xarici universitetlərlə birlikdə tərəfdaşlıq etdiyi "Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya" beynəlxalq konfransında 20-dən çox gənc əməkdaşımız təmsil olunmuşdur. Bu nəticələr yeni tədqiqatçı nəslinin formalaşdırılması və gənc akademik heyətin elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərin miqyasını göstərir.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində 20-dən çox ölkədən 100-dən artıq türkoloq alimin Qarabağ Universitetində bir araya gəlməsi xüsusi əhəmiyyət daşımışdır. Xankəndidə keçirilən müzakirələr şəhərin beynəlxalq akademik əməkdaşlıq və elmi fikir mübadiləsi məkanı kimi mövqeyinin güclənməsinə töhfə vermişdir.


Beynəlxalq strateji akademik tərəfdaşlıqlar


2025/2026-cı tədris ili Qarabağ Universitetinin beynəlxalq akademik şəbəkəsinin genişləndirilməsi ilə yadda qalmışdır. Universitetin Türk Universitetlər Birliyinə - TÜRKÜNİB-ə üzv qəbul olunması beynəlmiləlləşmə istiqamətində mühüm institusional addımdır. İstanbul Texniki Universiteti ilə təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mühəndislik təhsilinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Ankara Universiteti, Hacettepe Universiteti, Başkent Universiteti, Qazi Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Ankara Hacı Bayram Veli Universiteti və digər aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın yaradılması və inkişafı da bu istiqamətdə görülən ardıcıl işlərin tərkib hissəsidir. Qazaxıstanın Əl-Farabi adına Qazax Milli Universiteti ilə Əməkdaşlıq Memorandumunun imzalanması Mərkəzi Asiyanın qabaqcıl ali təhsil müəssisələri ilə əlaqələrin inkişafına yeni imkanlar yaratmışdır.

Qarabağ Universiteti Qazaxıstanın Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda və Azərbaycan ali təhsil müəssisələrinin "Study in Azerbaijan" beynəlxalq sərgisində təmsil olunmuşdur. Bundan əlavə, VII Türkoloji Yay Məktəbinə Qarabağ Universitetinin evsahibliyi etməsi, müxtəlif ölkələrdən gənc alim və tanınmış mütəxəssislərin Xankəndidə bir araya gəlməsi universitetin türk dünyasının akademik əməkdaşlığında artan rolunu göstərmişdir.


Təhsil, sənaye və əmək bazarı arasında yeni əməkdaşlıq imkanları


Qarabağ Universitetində təhsilin real iqtisadiyyat və əmək bazarı ilə əlaqələndirilməsi inkişaf modelinin əsas istiqamətlərindəndir.

SOCAR ilə imzalanmış əməkdaşlıq müqaviləsi təhsil, tədqiqat, innovasiya və sənaye əməkdaşlığının inkişafı üçün strateji platforma yaratmışdır.

Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində 100-dən artıq tələbənin bankın baş ofisi və müxtəlif filiallarında təcrübə keçməsi onların real iş mühiti ilə erkən mərhələdə tanışlığına imkan vermişdir.

Dövlət Vergi Xidməti ilə əməkdaşlıq nəticəsində 22 tələbə vergi orqanlarında könüllülük fəaliyyətinə cəlb olunmuşdur. Hüquqşünaslıq ixtisası üzrə tələbələr üçün Milli Məclis, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasında təcrübə imkanları yaradılmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun "Zəfərdən Gələcəyə" Mentorluq Proqramı və Bakı Fond Birjası ilə əməkdaşlıq tələbələrin peşəkar inkişafı və qabaqcıl sahə təcrübəsi ilə erkən tanışlığı üçün mühüm imkanlar yaratmışdır. ARDNF-nin proqramı çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin 10 tələbəsi investisiya və maliyyə sahəsində təcrübəli mütəxəssislərdən mentorluq dəstəyi almaq imkanı qazanmışdır. BFB ilə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində isə fakültənin 4 tələbəsi cari ilin iyul ayında təqaüd əsaslı təcrübə proqramına cəlb olunmuşdur.


Tələbə nailiyyətləri: Xankəndidən milli və beynəlxalq platformalara


Ötən tədris ili Qarabağ Universiteti tələbələrinin milli və beynəlxalq səviyyədə mühüm uğurları ilə yadda qalmışdır.

"Enactus Qarabağ" komandası universitetin ilk dəfə iştirak etdiyi "Enactus Azərbaycan" milli yarışında 24 universitet komandası arasında qalib olmuş və Tailandın Banqkok şəhərində keçirilən Enactus Dünya Kubokunda Azərbaycanı təmsil etmişdir.

Qarabağ Universitetinin komandası Türkiyədə keçirilən "Türk Dünyası PUA" (GÖKTÜRK) yarışında aerokosmik proqram təminatı və əlaqəli sistemlərin inteqrasiyasına əsaslanan layihə ilə üçüncü yerə layiq görülmüşdür.

"Vergilər" mövzusunda ümumrespublika olimpiadasında 29 ali təhsil müəssisəsindən 352 tələbə arasında Qarabağ Universitetinin tələbələri birinci və ikinci yerləri qazanmışlar.

Tələbələr Beynəlxalq STEAM Azərbaycan Festivalında, Beynəlxalq Astronavtika Konqresində və müxtəlif innovasiya platformalarında universiteti layiqincə təmsil etmiş, bir sıra innovativ layihələr beynəlxalq forum və sərgilərdə maraqla qarşılanmışdır.

Hüquqşünas tələbələr Baş Prokurorluğun hüquqi mövzuda məqalə müsabiqəsinin qalibi olmuş və "Azərbaycan Respublikasının Konstitusiyası və dövlət suverenliyi" hüquq viktorinasında uğur qazanmışlar.

Səkkiz tələbənin "Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı - 2025"in qalibi olması, beş tələbənin "Həmkarlar ittifaqı təqaüdü"nə layiq görülməsi də akademik və ictimai fəallığın mühüm göstəricilərindəndir.

Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konsertində Qarabağ Universitetinin tələbələrinin təqdim etdiyi çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Tələbələrimiz Qarabağ Universitetini Vaşinqtonda keçirilən Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində (Philip C. Jessup International Law Moot Court Competition) və Vyanada keçirilən Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində (Willem C. Vis International Commercial Arbitration Moot) təmsil etmişlər.


Tələbəmərkəzli yanaşma və zəngin universitet həyatı


Qarabağ Universitetində tələbə yalnız təhsil prosesinin iştirakçısı deyil, universitet mühitinin və inkişaf prosesinin fəal tərəfdaşı kimi qəbul edilir. Bu yanaşma tələbələrlə müntəzəm görüşlər, açıq müzakirələr və qeyri-formal dialoq formatları vasitəsilə davam etdirilmişdir.

Tələbələrin elmi və yaradıcı potensialının üzə çıxarılması, tədqiqat fəaliyyətinə erkən mərhələdən cəlbi də tələbəmərkəzli yanaşmanın mühüm istiqamətidir. Pedaqoji fakültənin təşkilatçılığı ilə "Süni intellektlə təhsilin yenidən formalaşdırılması" mövzusunda "EDU-con 2026" I tələbə elmi konfransı və Mühəndislik fakültəsinin təşkilatçılığı ilə "Gələcəyin Mühəndisi" tələbələrin I Elmi-Texniki konfransı keçirilmişdir. Bu platformalar tələbələrə araşdırma və innovativ ideyalarını təqdim etmək, akademik müzakirələrdə iştirak etmək və tədqiqat bacarıqlarını inkişaf etdirmək imkanı vermişdir.

Qarabağda ilk beynəlxalq BMT Modeli konfransının - QUMUN 2026-nın Xankəndidə keçirilməsi də əlamətdar hadisə olmuşdur. Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi çərçivəsində "Gənclərin Beynəlxalq Dialoq Platforması" İctimai Birliyinin təşkilatçılığı, Qarabağ Universitetinin evsahibliyi etdiyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə keçirilən konfrans 20-dən çox ölkədən 100-dən artıq nümayəndəni bir araya gətirmişdir. BMT Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini modelləşdirən simulyasiya sessiyalarında sülh quruculuğu, dayanıqlı inkişaf, urbanizasiya, "yaşıl texnologiyalar" və süni intellekt kimi qlobal məsələlər müzakirə olunmuşdur.

Beləliklə, 2025/2026-cı tədris ilində tələbə həyatı akademik təhsillə məhdudlaşmamış, elmi tədqiqat, ictimai fəallıq, könüllülük, beynəlxalq dialoq, yaradıcılıq və sağlam həyat tərzini birləşdirən çoxşaxəli inkişaf mühiti kimi formalaşmışdır.


Qarabağın elmi, mədəni və ictimai həyatında fəal rol


2025/2026-cı tədris ilində Qarabağ Universiteti Xankəndinin və bütövlükdə Qarabağ regionunun elmi, mədəni və ictimai həyatının fəal iştirakçısına çevrilmişdir.

Universitetin ictimai və milli əhəmiyyətli mövzular ətrafında müzakirə platforması kimi rolu genişlənmişdir. Yeni Azərbaycan Partiyası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "Böyük qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi" mövzusunda tədbirin keçirilməsi Ulu Öndərin zəngin irsinin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşımışdır.

İncəsənət fakültəsinin təşkilatçılığı ilə Milli Musiqi Günü və Üzeyir bəy Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsertlər, sərgilər və ustad dərsləri keçirilmişdir. Fakültənin tələbə və əməkdaşlarının "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalında Cıdır düzündə konsert proqramı ilə çıxışı universitetin Qarabağın mədəni həyatında artan rolunun göstəricisi olmuşdur. "Birinci Qarabağ Səs Konqresi" isə təhsil, tibb və incəsənətin kəsişməsində yeni elmi-yaradıcı platformanın əsasını qoymuşdur.

Qarabağ Universitetinin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə I Qarabağ Təhsil Forumu keçirilmişdir. Forumun əsas məqsədi təhsilimizin əsas perspektivlərini, gələcəyin vətəndaşını yetişdirmək uğrunda orta və ali məktəblərin bir-birinə inteqrasiyası məsələlərini müzakirə etmək olmuşdur. Bununla yanaşı, "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" mövzusunda bootcamp, məhkəmə sisteminin inkişafına dair elmi konfrans, Türkoloji Yay Məktəbi və digər tədbirlər Xankəndidə yeni akademik müzakirə mühitinin formalaşmasına xidmət etmişdir.

Qarabağ Universitetinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Urban Expo" sərgisində öz pavilyonu ilə təmsil olunması və beynəlxalq şəhərsalma platformalarında iştirakı Universitetin Qarabağda davamlı şəhər və insan kapitalı ekosisteminin qurulmasındakı rolunu beynəlxalq auditoriyaya təqdim etməyə imkan vermişdir.


Müasir infrastruktur, rəqəmsallaşma və yeni universitet mühiti


Universitetin sürətli akademik inkişafı müasir infrastrukturun yaradılması və tədris prosesinin ardıcıl rəqəmsallaşdırılması ilə paralel aparılmışdır. Hesabat dövründə Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu və Qarabağ Universitetinin Klinikası istifadəyə verilmiş, Biznes və iqtisadiyyat fakültəsi yeni tikilmiş binada fəaliyyətə başlamış, Mühəndislik fakültəsinin yeni tədris binasının təməli qoyulmuşdur. Müasir auditoriyalar, laboratoriyalar, kitabxana, tələbə yaşayış imkanları, simulyasiya və klinik bacarıq məkanları yeni nəsil təhsil mühitinin infrastruktur əsaslarını formalaşdırır. 

Bununla yanaşı, Qarabağ Universitetində rəqəmsallaşma yalnız texnoloji yeniliklərin tətbiqi deyil, tədris və idarəetmə fəlsəfəsinin mühüm tərkib hissəsi kimi həyata keçirilir. Əsas məqsəd akademik və inzibati proseslərdə çevikliyi, şəffaflığı və əlçatanlığı təmin edən, məlumatların vahid sistemdə toplanmasına və qərarların data əsasında qəbuluna imkan verən müasir universitet ekosistemi formalaşdırmaqdır.

Bu məqsədlə 2025/2026-cı tədris ilindən Blackboard Learning Management System (LMS) platformasının tətbiqinə başlanılmışdır. Tədris prosesinin rəqəmsal mühitdə vahid sistem üzərindən idarə edilməsinə imkan verən platforma vasitəsilə tələbələr dərs materiallarına çıxış əldə edir, tapşırıqları onlayn təqdim edir və akademik nəticələrini operativ izləyirlər. Müəllimlər üçün isə tədrisin sistemli idarə olunması, qiymətləndirmənin çevik və şəffaf təşkili, tələbələrlə interaktiv ünsiyyət və akademik prosesin dinamikasının izlənilməsi imkanları yaradılmışdır. Platformanın səmərəli tətbiqi məqsədilə ADA Universitetinin dəstəyi ilə müəllim heyəti üçün xüsusi təlimlər təşkil edilmişdir.

Elektron sənəd dövriyyəsi sisteminin istifadəyə verilməsi və kitabxanada KOHA sisteminin tətbiqi istiqamətində görülən işlər də vahid rəqəmsal universitet mühitinin formalaşdırılmasına xidmət edir. Universitetin yeni rəsmi veb-saytının istifadəyə verilməsi isə rəqəmsal kommunikasiya, məlumatların əlçatanlığı və institusional görünürlük baxımından mühüm addım olmuşdur. 


İnkişafın yeni mərhələsinə doğru


2025/2026-cı tədris ilinin nəticələri göstərir ki, Qarabağ Universiteti artıq yalnız təhsil verən ali təhsil müəssisəsi deyil. Universitet Xankəndidə həyatın canlanmasının, Qarabağda yeni insan kapitalının formalaşdırılmasının, elmi və mədəni mühitin inkişafının əsas mərkəzlərindən birinə çevrilməkdədir.

İlk beynəlxalq proqram akkreditasiyasının əldə edilməsi, ilk elmi jurnal və monoqrafiyanın nəşri, tələbələrin milli və beynəlxalq yarışlardakı uğurları, yeni tibbi təhsil və klinik ekosistemin yaradılması, nüfuzlu universitetlərlə strateji əməkdaşlığın genişləndirilməsi və müasir infrastrukturun qurulması tədris ilinin əsas nailiyyətləridir.

Əldə olunan nəticələr 2026/2027-ci tədris ilinə daha böyük hədəflərlə qədəm qoymaq üçün möhkəm zəmin yaratmışdır. Bakalavriat səviyyəsi üzrə ixtisasların sayının 49-a çatdırılması və 1403 tələbənin qəbulu nəzərdə tutulur. Qəbul yalnız dövlət sifarişi əsasında və əyani təhsil forması üzrə həyata keçiriləcək. Plan yerlərinin 758-i Azərbaycan, 645-i ingilis bölməsi üzrə müəyyən edilmişdir. İngilis dilində tədris imkanlarının genişləndirilməsi universitetin beynəlmiləlləşmə strategiyasının və qlobal akademik məkana inteqrasiya hədəfinin mühüm istiqamətidir.

Yeni tədris ilinin ən mühüm strateji yeniliklərindən biri Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti ilə birgə 4 mühəndislik ixtisası üzrə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi olacaqdır. Dünyanın qabaqcıl texniki universitetlərindən biri ilə reallaşdırılacaq proqramlar Qarabağ Universitetində mühəndislik təhsilinin beynəlxalq standartlar əsasında inkişafı, qabaqcıl akademik təcrübənin mənimsənilməsi və qlobal əmək bazarında rəqabətədavamlı mütəxəssislərin hazırlanması baxımından yeni mərhələnin başlanğıcıdır.

Beləliklə, qısa müddətdə əldə edilmiş nəticələr Qarabağ Universitetində tələbəmərkəzli, tədqiqatəsaslı və innovasiyayönümlü universitet modelinin ardıcıl formalaşdırıldığını göstərir. Qarşıda daha böyük hədəflər və yeni inkişaf mərhələsi dayanır. Əsas məqsəd dəyişməzdir: Qarabağın dirçəlişinə, Azərbaycanın ali təhsil və elm ekosisteminin inkişafına, ölkəmizin gələcəyi üçün yüksəkixtisaslı, müasir kompetensiyalara malik və milli dəyərlərə bağlı insan kapitalının hazırlanmasına davamlı töhfə vermək. Bu istiqamətdə dövlətimizin yüksək diqqət və qayğısı, tərəfdaşlarımızın dəstəyi, professor-müəllim heyətimizin peşəkarlığı, tələbələrimizin istedadı və əməkdaşlarımızın fədakar əməyi ən böyük güc mənbəyimizdir.


Şahin BAYRAMOV,

Qarabağ Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan artıq dünyada beynəlxalq tranzit və logistika ölkəsi kimi qəbul olunur

09:45
17 İyul

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!