Qarabağ Universitetində 2026/2027-ci tədris ilindən ilk dəfə tələbə qəbulu aparılacaq biznesin idarə edilməsi və iqtisadiyyat ixtisasları üzrə bakalavr proqramları Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, biznesin idarə edilməsi proqramı “University of Exeter”, iqtisadiyyat (BSc Economics) proqramı isə “University of Oxford” alimləri ilə əməkdaşlıq nəticəsində beynəlxalq standartlara uyğun və müasir yanaşmalar əsasında formalaşdırılıb.
Əməkdaşlıq çərçivəsində hər iki universitetin akademik heyəti Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin müəllimləri ilə birlikdə proqramların məzmununun hazırlanmasında iştirak edib. Proqramların yekunlaşdırılması məqsədilə "Exeter" və "Oxford" universitetlərinin nümayəndələri Qarabağ Universitetində fakültənin akademik heyəti üçün seminarlar, interaktiv iş sessiyaları və müzakirələr keçiriblər.
İş sessiyalarında proqramların strukturu, fənn məzmunu, tədris metodologiyası və öyrənmə nəticələri ətraflı təqdim olunaraq müzakirə edilib. Bildirilib ki, bu proses proqramların universitetin akademik heyəti tərəfindən daha dərindən mənimsənilməsinə və onların səmərəli tətbiqinə hazırlığın gücləndirilməsinə xidmət edib.
Qeyd olunub ki, hər iki proqram əmək bazarının və qlobal təhsil mühitinin müasir tələbləri nəzərə alınmaqla hazırlanıb. Tədris planlarında biznes və iqtisadiyyat sahələri üzrə fundamental nəzəri biliklərlə yanaşı, data analitikası, süni intellekt, proqramlaşdırma və rəqəmsal transformasiya kimi aktual istiqamətlər də yer alıb.
Bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlarının genişləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal standartlara uyğun, rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim edilməsi istiqamətində atılan mühüm addımlardan biridir.