Azərbaycan bu gün Orta dəhlizdə qovşaq ölkə kimi xüsusi çəkiyə malikdir. Amma Prezident İlham Əliyevin həyata keçirdiyi logistika siyasəti təkcə Orta dəhlizdə uğur qazanmağımızla bitmir. Aparılan danışıqlar və görülən tədbirlər Azərbaycanı qlobal səviyyədə tranzit ölkəyə çevirib.
Hazırda ölkəmiz üzərindən quru yüklərlə yanaşı, neft və neft məhsulları da ixrac olunur. Bu günədək Qazaxıstan Azərbaycan ərazisindən keçməklə milyonlarla ton neft ixrac edib. İndi Türkmənistan da Azərbaycan üzərindən böyük həcmdə neftin daşınmasına maraq göstərir. Ötən ay Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı dövlət başçıları tərəfindən bu məsələ müzakirə olunub. Dost ölkə öz neftinin Azərbaycan üzərindən Avropa bazarına ixrac etməkdə maraqlıdır. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın Türkmənistana neft daşıyan müasir tipli "Dostlug" tankerinin hədiyyə edilməsi qardaş ölkədə yüksək qiymətləndirilir. Bakı görüşündən sonra iqtisadiyyat naziri Mikayıl Cabbarovun Aşqabadda Türkmənistan neftinin tranziti ilə bağlı danışıqlar aparması onu göstərir ki, hər iki tərəf bu məsələdə qərarlıdır.
Hazırda Azərbaycan Avropaya ənənəvi enerji resurslarını satmaqla "qoca qitə"nin bu sahədəki təhlükəsizliyində önəmli rol oynayır. Ölkəmiz gələcəkdə Avropanın elektrik enerjisi ilə təminatında da vacib rol oynayacaq. Gələcək hədəfimiz Avropaya "yaşıl enerji" ixrac etməkdir. Bir neçə il əvvəl başlanan danışıqlar hazırda uğurla davam edir.
Xəbər verildiyi kimi, Bakıda "Yaşıl Enerji"nin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq çərçivəsində keçirilən 12-ci görüşdə Avropanın gələcəkdə "yaşıl enerji" ilə təminatı geniş müzakirə olunub. Xatırladaq ki, "qoca qitə"yə "yaşıl enerji" tranziti ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 17 dekabr 2022-ci ildə saziş imzalanıb. Azərbaycan Orta dəhlizdə olduğu kimi, burada da əsas tranzit ölkəsi olmaqla yanaşı, həm də əsas istehsalçı olacaq. Belə ki, hazırda ölkəmizdə "yaşıl enerji"yə keçidlə bağlı mühüm layihələr icra olunur. Dünyanın bu sahədə ixtisaslaşmış nüfuzlu şirkətləri ilə bir sıra layihələr icra edilib, digərləri isə icra olunmaq mərhələsindədir.
Azərbaycan etibarlı tərəfdaş olduğu üçün xarici investisiyaların cəlb edilməsində heç bir problemi yoxdur. Ölkəmizə olan güvənin nəticəsidir ki, "yaşıl enerji" istehsalı sahəsində böyük nüfuza malik şirkətlər Azərbaycanla əməkdaşlıq edir. 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın BP, Avstraliyanın "Fortescue Future Industries", Çinin "China Gezhouba Group Overseas Investment", "Total Energies", ABŞ-nin "Nobel Energy", Çex Pespublikasının "A-Z Czech Engineering" və Türkiyənin "Baltech" şirkətləri bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlıq etdiyimiz şirkətlərdir.
İşğaldan azad olunmuş ərazilərimizdə büdcə vəsaiti hesabına "yaşıl enerji" mənbələrinin yaradılmasında mühüm işlər görülüb. Burada yeni tikilən və bərpa edilən su-elektrik stansiyaları mövcud olduğu ərazi ilə yanaşı, ölkənin ümumi enerji təminatına da töhfə verir. Üstəlik, Zəngilan və Cəbrayıl rayonlarında günəş və külək-elektrik stansiyaları tikiləcək. Ümumilikdə 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 qiqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulub. Bundan əlavə, daha 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə tərəfdaş şirkətlərlə müqavilələr və anlaşmalar imzalanıb.
Məlumdur ki, dövlət başçısı tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. O da bəllidir ki, bu ərazilər yüksəkpotensiallı "yaşıl enerji" mənbələrinə malikdir. Mütəxəssislər Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş, Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialını yüksək qiymətləndirirlər. Hazırda BP tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyası layihəsi həyata keçirilir. Bundan əlavə, "China Gezhouba Group Overseas Investment" və "Nobel Energy" şirkətləri ilə imzalanmış müqavilələr çərçivəsində işğaldan azad olunmuş digər ərazilərdə də günəş-elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Azərbaycan həmçinin Avropadan Mərkəzi Asiyaya uzanan rabitə və internet xətlərinin tranzitini həyata keçirən ölkədir. Dünyanın informasiya tranzitində də ölkəmiz önəmli rol oynayır. Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyevin logistika siyasəti sayəsində Azərbaycan bir çox sahə üzrə mühüm tanzit ölkə kimi qəbul olunur. Buna görə də Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq və regional təşkilatların sayı sürətlə artır. Son dövrlər Avropa İttifaqının fikir ayrılıqlarını kənara qoyaraq Azərbaycanla əməkdaşlığa can atmasının bir səbəbi də qlobal logistikada önəmli tranzit ölkəsi olmağımızdır.
Rüstəm KAMAL,
"Azərbaycan"