"Azərbaycan ilə Türkiyə arasında formalaşmış qardaşlıq və strateji müttəfiqlik münasibətləri beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur. Bu əməkdaşlıq modeli yalnız iki dövlət arasında imzalanan sənədlərə və siyasi razılaşmalara əsaslanmır. Onun təməlində əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət, milli kimlik, mənəvi dəyərlər və ən əsası, iki xalqın qarşılıqlı etimadı dayanır. Məhz buna görə də, Azərbaycan-Türkiyə münasibətləri dünyanın müxtəlif regionlarında mövcud olan klassik dövlətlərarası ittifaqlardan fərqlənir və uzunmüddətli strateji tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilir".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi eksperti Kadir Uğur Yılmaz deyib.
Ekspert qeyd edib ki, beynəlxalq münasibətlər tarixində eyni dilə, dinə və etnik kökə malik xalqlar arasında belə ciddi qarşıdurmaların yaşandığı çoxsaylı nümunələr mövcuddur. Onun sözlərinə görə, Yaxın Şərqdə ərəb dövlətləri arasında uzun illərdir davam edən siyasi ziddiyyətlər, eləcə də slavyan xalqları arasında baş verən müharibələr göstərir ki, ortaq mənşə və mədəni yaxınlıq özlüyündə möhkəm müttəfiqlik yaratmaq üçün kifayət etmir.
"Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu qardaşlıq siyasi maraqların məhsulu deyil. Bu münasibətlərin əsasında xalqların əsrlər boyu qoruyub saxladıqları ortaq milli şüur, qarşılıqlı etimad və mənəvi bağlılıq dayanır. Dövlətlər bu birliyi sonradan rəsmiləşdiriblər", - deyə Kadir Uğur Yılmaz vurğulayıb.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində dövlətlər arasında ittifaqlar siyasi hakimiyyətlərin dəyişməsi, geosiyasi maraqların yenilənməsi və ya beynəlxalq şəraitin dəyişməsi ilə zəifləyir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər isə bu baxımdan fərqli xüsusiyyətə malikdir: "Burada münasibətləri qoruyan əsas amil cəmiyyətlərin ortaq iradəsidir. Hər iki ölkədə insanlar bir-birini, sadəcə, dost deyil, doğma qardaş hesab edirlər. Məhz bu ictimai münasibət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu səbəbdən Azərbaycan-Türkiyə əlaqələri siyasi konyunkturadan asılı deyil və uzunmüddətli strateji xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü "İki dövlət, bir millət" konsepsiyası artıq yalnız siyasi şüar deyil, iki ölkənin əməkdaşlıq fəlsəfəsini müəyyən edən əsas prinsipdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri ardıcıl siyasət nəticəsində bu konsepsiya konkret layihələr və strateji qərarlar vasitəsilə daha da möhkəmləndirilib".
Ekspert bildirib ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən TANAP, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi layihələr, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Orta dəhlizin inkişafı Azərbaycan ilə Türkiyənin təkcə regional deyil, Avrasiya məkanında da strateji əhəmiyyətini artırıb. Onun sözlərinə görə, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər də iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Xüsusilə birgə hərbi təlimlər, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində koordinasiya regionda sabitliyin qorunmasına mühüm töhfə verir.
Kadir Uğur Yılmaz 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin qardaşlıq münasibətlərinin real təzahürü olduğunu bildirib. O qeyd edib ki, müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı, eyni zamanda iki ölkənin Zəngəzur dəhlizi, regional nəqliyyat marşrutları və iqtisadi inteqrasiya istiqamətində birgə fəaliyyət göstərməsi strateji tərəfdaşlığın davamlı inkişaf etdiyini göstərir.
Ekspert hesab edir ki, Azərbaycan ilə Türkiyə münasibətlərinin fərqli cəhətlərindən biri də tərəflərin bir-birinə heç vaxt "böyük qardaş" və ya "himayədar dövlət" kimi yanaşmamasıdır.
"Hər iki dövlət qarşılıqlı münasibətlərini suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında qurur. Məhz bu yanaşma münasibətlərin davamlılığını təmin edir və onları digər beynəlxalq əməkdaşlıq modellərindən fərqləndirir", - deyə o bildirib.
Kadir Uğur Yılmaz vurğulayıb ki, bu qardaşlığın inkişafında yalnız dövlət qurumları deyil, elm və təhsil müəssisələri, media, vətəndaş cəmiyyəti institutları, mədəniyyət xadimləri, iş adamları və gənclər təşkilatları da mühüm rol oynayır. Humanitar əlaqələrin genişlənməsi, ortaq mədəni layihələrin həyata keçirilməsi, tələbə mübadiləsi proqramları və birgə elmi təşəbbüslər gələcək nəsillərin də bu birliyi eyni ruhda davam etdirməsinə xidmət edir.
Ekspert əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, Orta dəhlizin inkişafı, regional enerji və logistika layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Türkiyənin geosiyasi əhəmiyyətini daha da artırır və bütün türk dünyasının inteqrasiyası üçün yeni imkanlar yaradır.
"Kənardan baxıldıqda Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir. Lakin bu dövlətlərin arxasında ortaq tarixə, ortaq mədəniyyətə, ortaq dilə və eyni milli yaddaşa malik vahid bir millət dayanır. Məhz buna görə Azərbaycan-Türkiyə münasibətləri adi strateji tərəfdaşlıq deyil, beynəlxalq münasibətlər tarixində xalq iradəsi üzərində qurulmuş ən uğurlu qardaşlıq modelidir. Bu model gələcəkdə də regionda sülhün, təhlükəsizliyin və inkişafın əsas təminatçılarından biri olacaq", - deyə türk siyasi ekspert Kadir Uğur Yılmaz bildirib.