17 İyul 2026 09:00
128
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur


Bu gün dünyada ölkələr arasında iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı investisiyaların təşviqi və biznes dairələri ilə birbaşa əməkdaşlıq imkanlarının yaradılması davamlı inkişafın əsas istiqamətlərindən biri hesab olunur. Bu baxımdan müxtəlif ölkələrin iş adamlarını, dövlət nümayəndələrini və iqtisadi qurumlarını bir araya gətirən biznes-forumlar mühüm platforma rolunu oynayır. 

Biznes-forumlar yalnız görüş və müzakirə məkanı deyil, həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirildiyi, tərəfdaşlıqların qurulduğu, iqtisadi potensialın təqdim olunduğu strateji dialoq meydanıdır. Belə tədbirlər vasitəsilə şirkətlər öz məhsul və xidmətlərini nümayiş etdirir, bazar imkanlarını araşdırır, investisiya layihələri və birgə təşəbbüslər üzrə fikir mübadiləsi aparırlar. 

Başqa sözlə, müxtəlif ölkələrin biznes dairələrini bir araya gətirən forumlar iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran layihələrin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada Bakıda Azərbaycan-Slovakiya biznes-forumunun keçirilməsi də iki ölkə arasında iqtisadi münasibətlərin  genişləndirilməsi, mövcud potensialın üzə çıxarılması və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması zərurətindən irəli gəlib. Avropanın mühüm iqtisadi məkanlarından biri olan Slovakiya ilə Azərbaycanın enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, texnologiya və digər sahələrdə əməkdaşlıq imkanları genişdir. Azərbaycan-Slovakiya biznes-forumu həmçinin iqtisadi münasibətlərin yalnız dövlətlərarası səviyyədə deyil, özəl sektorlar arasında da inkişaf etdirilməsinin vacibliyini göstərən mühüm hadisə kimi diqqəti cəlb edir.

Qeyd edək ki, Azərbaycan-Slovakiya biznes-forumu ərəfəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın gündəliyində duran əsas məsələlər yüksək səviyyədə müzakirə olunub. Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər yüksəksəviyyəli siyasi təmasların və davamlı iqtisadi dialoqun ikitərəfli münasibətlərin dərinləşməsində mühüm rol oynadığını, bu istiqamətdə qarşılıqlı təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Müzakirələr zamanı biznes və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların təşviqi istiqamətində mövcud imkanlar nəzərdən keçirilib. 

Nazirlər arasında keçirilən görüşün ardınca Bakıda Azərbaycan-Slovakiya biznes-forumu öz işinə başlayıb. Azərbaycan və Slovakiyanın İqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə keçirilən forum iki ölkənin işgüzar dairələrini eyni platformada bir araya gətirib.

Tədbirdə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, eləcə də sənaye, əczaçılıq, maliyyə, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm, nəqliyyat, logistika, səhiyyə, daşınmaz əmlak və digər sahələri təmsil edən 100-ə yaxın şirkətin nümayəndəsi iştirak edib. Geniş tərkibli iştirak forumun Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, biznes əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətini bir daha nümayiş etdirib.

Forumda qeyd olunub ki, Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq münasibətləri iqtisadi əməkdaşlığın daha çox dərinləşməsi üçün möhkəm əsas formalaşdırır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu, əlverişli investisiya mühiti, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və investorlar üçün yaradılmış stimullaşdırıcı mexanizmlər iki ölkənin biznes dairələri üçün yeni əməkdaşlıq perspektivləri açır. 

Azərbaycan ilə Slovakiya arasında iqtisadi əməkdaşlığın inkişafı üçün mövcud potensialın daha səmərəli reallaşdırılması hər iki ölkənin biznes ictimaiyyəti və aidiyyəti qurumları tərəfindən perspektivli istiqamət kimi qiymətləndirilir. Xüsusilə qarşılıqlı investisiyaların təşviqi, işgüzar dairələr arasında davamlı əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsinə töhfə verə bilər. Üstəlik də sahibkarlar arasında birbaşa əlaqələrin artması, qarşılıqlı biznes missiyalarının təşkili, investisiya imkanları barədə məlumat mübadiləsinin gücləndirilməsi və birgə təşəbbüslərin dəstəklənməsi yeni tərəfdaşlıqların formalaşmasına əlverişli zəmin yaradır. Bu istiqamətdə mövcud əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsinə və qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına xidmət edən mühüm amillərdən biri kimi dəyərləndirilir.

Beləliklə, forum çərçivəsində əldə olunan nəticələr göstərir ki, Azərbaycan və Slovakiya arasında iqtisadi tərəfdaşlıq  yalnz mövcud əlaqələrin inkişafı ilə məhdudlaşmır, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə də xidmət edir. Tədbirin gündəliyində gələcəyə hesablanmış təşəbbüslərin yer alması iki ölkə arasında iqtisadi dialoqun davamlı xarakter daşıdığını nümayiş etdirib. Bu baxımdan Slovakiya tərəfinin cari ilin sentyabrında Azərbaycanda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunması qarşılıqlı investisiya əməkdaşlığının daha çox  genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Forum zamanı hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatların keçirilməsi, ardınca isə işgüzar dairələr arasında B2B görüşlərin təşkil olunması müzakirələrin praktiki mərhələyə keçməsinə şərait yaradıb. Məhz bu formatda keçirilən görüşlər şirkətlər arasında birbaşa əlaqələrin qurulması, yeni tərəfdaşlıq imkanlarının araşdırılması, investisiya layihələrinin müzakirəsi və gələcək birgə təşəbbüslərin formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır. Bu isə Azərbaycan-Slovakiya iqtisadi münasibətlərinin yeni mərhələdə daha dinamik inkişafı üçün əlavə imkanlar yaradır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Şahdəniz"in kiçik "qardaş"ı

09:40
17 İyul

"Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir"

09:35
17 İyul

"Bir Pəncərə" Rəqəmsal Logistika Platforması təqdim olunub

09:30
17 İyul

"Tərəfdaşlıq ruhu Azərbaycanın WUF13-ə evsahibliyi zamanı əsas yanaşmasını təşkil edib"

09:25
17 İyul

Heydər Əliyev irsi ədəbi düşüncələrdə

09:20
17 İyul

Ağdamda "Qarabağ şahinləri" batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb

09:15
17 İyul

Qarabağ Universiteti: inkişafın yeni mərhələsi

09:10
17 İyul

"Bakı ilə Bratislava arasında münasibətlər strateji tərəfdaşlıq məzmunu qazanıb"

09:05
17 İyul

Azərbaycan və Slovakiya arasında biznes körpüsü qurulur

09:00
17 İyul

Hüsamettin İNANÇ: "Türkiyə-Azərbaycan münasibətləri bütün türk dünyası üçün nümunəvi əməkdaşlıq modelidir"

08:55
17 İyul

Ortaq tarixdən strateji birliyə: Azərbaycan-Mərkəzi Asiya ölkələri əməkdaşlığının yeni dövrü

08:50
17 İyul

Nəqliyyat-logistika əməkdaşlığı Azərbaycan-Çin strateji tərəfdaşlığını daha da möhkəmləndirir

08:45
17 İyul

Dəyişən dünyada dəyişməz dəyər - milli birlik  

08:40
17 İyul

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!