Ölkəmiz
1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndən sonra sovet hökumətinin qoyduğu
qadağalar aradan götürüldü. Qadağalar çox sahələrə şamil olunmuşdu. Sovet dövründə
son dərəcə məxfi saxlanan məsələlərdən biri də bolşeviklərin və erməni daşnaklarının
birgə planı əsasında 1918-ci ildə həyata keçirdikləri Quba qəzasındakı irimiqyaslı
qırğınlar idi. Arxivlərə sipər çəkilməklə bərabər, həmin hadisələrin iştirakçısı
və şahidi olmuş insanlara da bu barədə danışmağa imkan verilmirdi.
Tanınmış yazıçı-jurnalist
Müzəffər Məlikməmmədov "Qanlı dərə: 1918-ci il Quba faciəsi” kitabında bu barədə
belə yazıb: "Erməni quldurlarının darmadağın etdiyi Qubanın Digah kəndində boya-başa
çatdığım və daşnaklara qarşı döyüşmüş əmilərimdən, həmkəndlilərimdən, hadisə zamanı
10 yaşı olan atamdan faciə barədə eşitdiyim çoxlu söhbətlər bu məsələni araşdırmağa
məndə böyük maraq oyatdı. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika
fakültəsinin ikinci kursunda oxuyarkən əsaslı axtarışlar aparmaq fikrinə düşdüm.
Bu məqsədlə Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikası Ali Məhkəməsinin
sədri işləmiş digahlı alim, tarix elmləri doktoru Əlisultan Quliyevə dedim: "Tarixçi
olduğunuz halda indiyədək bu məsələlərdən niyə yazmamısınız”. Sadəlövhlüyümə gülüb
demişdi: "Sənin bilmədiyin işlər var, bala. 1918-ci ildə erməni daşnaklarının Quba
qəzasında törətdikləri qırğınlarla bağlı çoxlu arxiv materialları mövcuddur. Amma
həmin materiallar son dərəcə məxfi saxlanılır. Görünür, sovet hökuməti Quba faciəsinin
aşkarlanmasına imkan verməyəcək. Şahid kimi gördüklərini və bildiklərini qeyd etdirib
dedi: "Dünyanın işini bilmək olmaz. Bəlkə elə bir vaxt gələcək ki, həqiqətən də
bu məsələlərdən yazmaq mümkün olacaq”.
Arxiv məsələsinə
gəldikdə, kömək göstərə bilməyəcəyini etiraf etdi. O dövrün daha bir neçə tanınmış
tarixçi alimindən də eyni cavablar alan müəllif 1997-ci ilədək Azərbaycanın, Dağıstanın,
Moskvanın arxivlərində axtarışlarını davam etdirdi. 1918-ci ildə erməni daşnaklarına
və bolşeviklərinə qarşı qanlı döyüşlərdə iştirak etmiş 73, həmin hadisələrin şahidi
olmuş 316 nəfər Azərbaycan və Dağıstan vətəndaşları ilə görüşüb xatirələrini qələmə
aldı. Həmin axtarışların nəticəsi olaraq "Qanlı dərə” kitabı 2009-cu ildə işıq üzü
gördü.
Bu yaxınlarda
həmin kitabın ikinci nəşri "Azərbaycan” nəşriyyatında çapdan çıxmışdır. İkinci nəşrin
birincidən fərqi odur ki, 1918-ci ilin Quba soyqırımını daha dolğun əks etdirir.
Bununla bağlı müəllif özü də qeyd edir ki, birinci kitabın materialları əsasən sovet dövründə toplanmışdı. O vaxt arxivlər indiki
qədər geniş texniki imkanlara malik deyildi. İkinci kitab tərtib edilərkən oxucuların
marağı nəzərə alınaraq birinci nəşrdəki əsas materiallar da saxlanmışdır.
Müəllif yazır
ki, Quba qırğını əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq görülmüşdü. Qırğına
başlamaq üçün səbəb və bəhanə lazım idi. Ən yaxşı bəhanə milli münaqişə ola bilərdi.
Özü də Şamaxıda soyqırımı yalnız azərbaycanlı
əhaliyə qarşı yönəlmişdisə, Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı,
digər millətlərə - ləzgilərə, ləzgidilli xalqlar olan qrızlara, buduğlara, ceklərə,
həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi.
Məqsəd qırmızılar hakimiyyətə gələnədək Azərbaycanın bir sıra rayonlarını müsəlmanlardan
təmizləyib çoxlu erməni rayonları yaradıb gələcək planın təməlini qoymaq idi. Təpədən
dırnağadək silahlanmış erməni daşnakları
rus əsgərlərinin köməyi ilə Quba qəzasında
167 kəndi dağıtmış, onlardan 27-ni əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox
müsəlmanı qətlə yetirmişlər.
Hadisələrin
iştirakçısı olmuş Əlisultan Quliyevin xatirələrində deyilir ki, həmin dövrdə bolşeviklərin
ordu qərargahının rəisi daşnak Avetisov idi.
O, Quba qəzasına 10 minlik qoşun yeritsə
də, ermənilərin və bolşeviklərin qazandıqları uğurlar müvəqqəti oldu. İyulun axırlarında
və avqustun əvvəllərində onlar kuzunlu Möhübəli əfəndinin, cağarlı Hatəm ağanın,
gədəzeyxürlü Gülməmməd Nurəli oğlunun, buduğlu Nacıbəy Qasımbəy oğlunun başçılıq etdikləri təxminən 8 minlik ləzgi silahlı
dəstələrinin, həmçinin Dəvəçi nahiyəsindən
Həmdulla əfəndinin və Rustov nahiyəsindən Mayıl Zahirovun dəstələrinin
birgə səyi ilə darmadağın edilərək Quba qəzasından qovuldular.
Bu mübarizəni
Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək demişdir: "Azərbaycanın ləzgi əhalisi
torpaqlarımızın müdafiəsində erməni işğalçılarına qarşı mübarizədə qanlarını tökmüş,
şəhidlər vermişdir. Mən bunu yüksək qiymətləndirirəm, xalqımız yüksək qiymətləndirir,
tarix də yüksək qiymətləndirəcəkdir. Mən şəhidlərimizin, o cümlədən respublikamızın
ləzgi əhalisindən olan şəhidlərimizin qarşısında baş əyir və ləzgi əhalisinə öz
təşəkkürümü, minnətdarlığımı bildirirəm”.
Bu kitab qiymətli
tədqiqat əsəri olmaqla bərabər, mübariz ruhlu qəhrəmanlıq və vətənpərvərlik salnaməsidir.
Tədqiqat əsəridir ona görə ki, erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə
Quba qəzasında törətdikləri qırğınlar arxiv sənədləri, həmin dövrün mətbuat orqanlarının
materialları, işğalçılarla döyüşmüş insanların və hadisələrin şahidlərinin xatirələri əsasında qələmə alınmışdır. Mübariz
ruhludur ona görə ki, vətən tarixini öyrədir, keçmişimizin qaranlıq səhifələrinə
işıq salır. Vətənimizin igid övladlarının canı-qanı bahasına Azərbaycanı yadellilərdən
necə qorumasından söhbət açır.
"Qanlı dərə:
1918-ci il Quba faciəsi” kitabına Quba qəzasında 1918-ci ildə erməni daşnaklarına
qarşı döyüşlərdə fərqlənmiş Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından
300-ə yaxın insanın adı düşmüşdür. Belə mərd insanların sayəsində təpədən-dırnağa
qədər silahlanmış nizami qoşun hissələrinə qarşı yerli əhali həmin döyüşlərdə işğalçıların
5 mindən çox əsgərini məhv etmişdir. Müəllif o vaxt erməni daşnaklarına və bolşeviklərə
qarşı döyüşlərə rəhbərlik etmiş qubalı Əli bəy Zizikski, qusarlı Hatəm ağa Cağarvi,
Möhübəli əfəndi Kuzunvi, şabranlı Həmdulla əfəndi kimi qəhrəmanların yaddaqalan
obrazlarını yaratmağa nail olub.
Kitabın üstün
cəhətlərindən biri də odur ki, oxucunu daim ayıq-sayıq olmağa, dövlət müstəqilliyimizi
göz bəbəyi kimi qorumağa səsləyir. Bu, belə də olmalıdır. Çünki bizim hələ həll
olunmayan Qarabağ problemimiz var.
Rüstəm RÜSTƏMOV,
"Azərbaycan”