MLT texnologiyası maksimum neftverməyə dəstək göstərəcək
Nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku 30 ilə yaxındır neft verir. Bu dövr ərzində AÇG-dən ixrac üçün təxminən 4,6 milyard barel neft hasil olunub. Bu blokun işlənməsi müddəti 2017-ci il sentyabrın 14-də 2049-cu ilin sonunadək uzadıldı. Bu günlərdə isə AÇG-nin dərin qatlarından ilk sərbəst qaz da hasil olundu. Lakin blokdakı yenilik təkcə bundan ibarət deyil.
AÇG-nin operatoru olan BP şirkətindən aldığımız məlumata görə, burada ilk dəfə olaraq multilüləli quyu (MLT) texnologiyası uğurla tətbiq edilib. Bu, Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birindən neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.
MLT texnologiyasının tətbiqi AÇG-nin mürəkkəb geoloji strukturlarında qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də dəstək verir. Bu texnologiya bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə lay-kollektora çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bununla bağlı deyib: "Yeni texnoloji yanaşma BP-nin AÇG yataqlarından hasilatın azalma tempinin idarə olunmasına yönəlmiş genişmiqyaslı strategiyasının əsasını təşkil edir. Bu yanaşma həm kapital səmərəliliyini optimallaşdırmağa, həm də hasilatın uzunmüddətli davamlılığının təmin olunmasına kömək edir. AÇG-nin daha mürəkkəb və yetkin bir işlənmə mərhələsinə keçdiyi bir vaxtda MLT texnologiyası əlavə ehtiyatların aşkara çıxarılmasında və yataqların iqtisadi səmərəlilik müddətinin uzadılmasında mühüm rol oynayacaq. Bu cür quyu konstruksiyasını ilk dəfədir ki, AÇG-də tətbiq edirik və bu, mövcud yataqlardan neftvermə əmsalının maksimuma çatdırılması üçün ən uyğun texnoloji həllərdən istifadə etmək öhdəliyimizin göstəricisidir".
Qeyd edək ki, perspektivdə hasilatın uzunmüddətli davamlılığını təmin etmək və əlavə dəyər yaratmaq baxımından bu cür innovativ həllər mühüm rol oynayacaq. MLT texnologiyası lay-kollektorla təması artırır, qazma qurğusunun məhsuldarlığını və əməliyyat səmərəliliyini yüksəldir, eləcə də mövcud infrastrukturdan ən effektiv şəkildə istifadə etməklə quyu şaxtalarının optimal istifadəsini təmin edir. Bu baxımdan həmin texnologiyanın tətbiqi AÇG-də quyuların qazılması və tamamlanması prosesində keyfiyyətcə yeni bir mərhələdir. Bu texnologiya dünya miqyaslı AÇG blokunun istismar müddətini uzatmaqla yanaşı, enerji hasilatının təhlükəsiz, səmərəli və məsuliyyətli şəkildə davam etməsi üçün ən effektiv yollardan biri sayılır.
İlk MLT quyusu olan C44 quyusu "Qərbi Azəri" platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk çoxlüləli quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Bu uğur MLT texnologiyasının AÇG-nin mürəkkəb lay-kollektor şəraitində həm texniki cəhətdən tətbiqinin mümkünlüyünü, həm də yüksək iqtisadi səmərəsini aydın şəkildə göstərir.
BP-nin quyular üzrə vitse-prezidenti Rassel Morrisin yeni texnologiya ilə bağlı fikri belədir: "İlk MLT quyusunun qazılması və tamamlanması həm vaxt, həm də əməyin təhlükəsizliyi baxımından yüksək göstəricilərlə yerinə yetirilib. Belə ki, quyu tam təhlükəsiz şəkildə, qrafiki xeyli qabaqlayaraq planlaşdırılandan bir ay əvvəl təhvil verilib. Əldə olunmuş bu nailiyyət dəqiq planlaşdırma, işlərin yüksək səviyyədə icrası və lay-kollektordakı qeyri-müəyyənliklərin düzgün idarə olunmasının göstəricisidir".
Bu quyu eyni zamanda geologiya, qazma və tamamlama sahələrinin uğurlu inteqrasiyasının nəticəsidir və koordinasiya olunmuş fəaliyyətin həm texniki, həm də kommersiya baxımından necə böyük səmərə verə biləcəyini nümayiş etdirir. O, əldə olunmuş yüksək göstəriciləri ilə yanaşı, çoxlüləli quyu texnologiyasının bütün blok miqyasında daha geniş tətbiqi üçün biznes baxımından tam əsaslandırılmış güclü bir zəmin yaradır.
Aldığımız məlumata görə, BP şirkəti AÇG yataqlarında texnologiyaların strateji tətbiqi çərçivəsində ümumiyyətlə çoxlüləli quyuların qazılması məqsədilə geniş kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya cari ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı il ərzində üç MLT quyusu ilə start veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da həmin texnologiyanın blokun gələcək hasilatında mühüm rol oynayacağını bir daha vurğulayır.
AÇG-nin mürəkkəb lay-kollektorunu xarakterizə edən müxtəlif növ çətinlikləri yalnız MLT texnologiyası ilə həll etmək mümkün olmadığından onun işlənmə strategiyası hər bir konkret lay hədəfi üçün ən optimal texnoloji konfiqurasiyanın tətbiqinə əsaslanır. Bununla da müxtəlif geoloji mühitlərdə icra səmərəliliyinin yüksək səviyyəsi təmin olunur. Buraya MLT texnologiyasının üfüqi qazma, qabaqcıl geonaviqasiya, eləcə də qum təzahürü ilə mübarizə və axının tənzimlənməsinə yönəlmiş "ağıllı tamamlama sistemləri" ilə birgə tətbiqi daxildir. Bu da bütün yataq miqyasında neftvermə əmsalını daha da artırmaq üçün geniş imkanlar yaradır.
Flora SADIQLI,
"Azərbaycan"