Azərbaycan məcburi köçkün vətəndaşlarının
sosial
problemlərinin həllini daim ön planda saxlayır
Azərbaycanda
prioritet istiqamət kimi müəyyənləşdirilən sosial siyasət bu gün cəmiyyətdə maddi
rifah halının davamlı şəkildə yüksəlməsi ilə müşayiət edilməkdədir. Əməkhaqlarının
və sosial müavinətlərin, insanların gəlirlərinin artması Azərbaycanın sosial siyasətinin də dünyaya nümunə ola biləcək səviyyədə yüksəlməsinə
gətirib çıxarıb. Bütün bunları ölkənin bütün
vətəndaşları kimi məcburi köçkünlər də gündəlik həyatlarında hiss edirlər.
Mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin
sayı artır
Xatırlatmaq
yerinə düşərdi ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət
siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən
ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin
həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Məhz bunun
nəticəsidir ki, indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti
yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında yaşanan sürətli inkişaf,
məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri
çətinliklərin böyük miqyasda aradan qalxmasına rəvac verib.
Əlverişli
sosial atmosferin yaradılması, bütün ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni
iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit gəlirləri
üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə də dövlət
ən yüksək səviyyədə daim böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki,
təkcə keçən il 5 min 901 ailə və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış
təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Ümumiyyətlə
isə, 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün ölkənin 30-dan
çox şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait
hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura
malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 102 müasir qəsəbə (bu il də
əlavə bir qəsəbə istifadəyə verilib) və ya yaşayış kompleksi salınıb. Bunun da
3,3 milyon kvadrat metr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə
inşa edilib.
Məcburi köçkünlərin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda yaşayış
komplekslərinin və fərdi evlərin tikintisi davam etdirilir. Bu il 6 mindən çox məcburi
köçkün ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulub.
Yoxsulluq 75 faizdən 12 faizədək azalıb
Belə bir məqamı
xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət
və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya,
ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi,
sosial-iqtisadi potensialının göstəricisidir.
Azərbaycanda
qeydə alınan dinamik sosial-iqtisadi inkişaf məcburi köçkünlərin həyat səviyyəsinin yüksəlməsində də özünü qabarıq
büruzə verir. Üzləşdikləri mənzil-məişət problemlərinin uğurlu həlli fonunda məcburi
köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində doğma yurd
yerlərinə qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər.
Azərbaycan
dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə
qurulub. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti
olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının
təmin edilməsidir. Qeyd olunduğu kimi, bu
sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə
köçürülüb, 103 yeni qəsəbə salınıb.
Görülən fəaliyyətin
nəticəsi olaraq, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən
12 faizədək azalıb.
Digər istiqamət
isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri,
beynəlxalq təcrübə nəzərə alınmaqla "Böyük Qayıdış” proqramının hazırlanmasıdır.
Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq
Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar.
Dövlətin məqsədi odur ki, "Böyük Qayıdış” proqramı tam icra olunsun. Əslində, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün
təmin edilməsi ilə tezliklə həllinə hər bir azərbaycanlı qəti şəkildə əmindir. Çünki kifayət qədər güclənən Azərbaycan dövləti
və xalqı əzəli, tarixi torpağının daha düşmən tapdağı altında qalmasına dözmək niyyətində
deyil. Azərbaycan bütün dünya tərəfindən
tanınan ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək imkanları tükənmədyindən Ermənistanla
danışıqlar prosesini davam etdirir. Bu, istənilən nəticəni verməsə, onda ordumuz
qısa müddətdə zəbt edilmiş ərazilərdən düşməni süpürüb atacaq. Buna qədər isə dövlət
məcburi köçkünlərin problemlərinin həlli
istiqamətində zəruri tədbirlər görməkdə davam edir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr
Məcburi köçkünlərin
məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından
iştirak edir. "Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi oldu.
Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur
yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən təmin edilib, tikilib
və maliyyələşdirilib. Növbəti dövrdə də bu
istiqamətdə özəl sektorun fəaliyyətinin genişlənməsi gözlənilir.
Qaçqınların
və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması,
məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər
görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir.
2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil məcburi köçkünlərin
istifadəsinə verilib.
Hazırda Heydər
Əliyev Fondunun xətti ilə Qaradağ rayonu ərazisindəki "Qobu Park” yaşayış kompleksinin
yanında 2-ci yaşayış kompleksində 1300, Dövlət Proqramının icrası üzrə Sabunçu rayonunun
Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan
rayonunda 146 ailəlik qəsəbə və yaşayış komplekslərinin tikintisi intensiv surətdə
davam etdirilir.
Ümumiyyətlə,
Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli
istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq
təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Qaçqın
və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər
səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi
diqqətin təzahürüdür.
Sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər
görülüb
Məlumdur ki,
bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları
qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması dövlətin sosial siyasətində
əsas istiqamətlərdəndir. Prezidentin "Məcburi köçkünlər və onlara bərabər tutulan
şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncamı bunu bir daha
təsdiq edir. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən
50 faiz artırılıb.
Dövlət başçısının
sərəncamı hazırda vahid aylıq müavinət alan 500 mindən çox məcburi köçkünə şamil
edilir. Bu, məcburi köçkünlərin vahid aylıq müavinətinin artırılması üçün son bir
ildə verilmiş ikinci sərəncamdır. Belə ki, Prezident İlham Əliyevin ötən il imzaladığı
sərəncamla 2018-ci il martın 1-dən müavinətlər 10 faiz artmışdı. Nəticədə bir il
ərzində ümumilikdə götürdükdə müavinətin məbləğində 70 faiz artım olub.
Məcburi köçkünlərin
məşğulluğunun təmin edilməsi məqsədilə ilk dəfə 2018-ci il iyunun 22-də Bakı şəhərinin
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, oktyabrın 26-da isə "Qobu Park” yaşayış
kompleksində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirlərində,
ümumilikdə, məcburi köçkünlərə 994 vakant iş yeri təklif olunub.
2019-cu ilin
ilk əmək yarmarkası isə mayın 7-də Abşeron rayonunda məcburi köçkünlər üçün inşa
edilmiş yaşayış kompleksində keçirilib. Yarmarkada 80 müəssisədən 881 vakant iş
yeri təqdim olunub. Məcburi köçkünlərin məşğulluqlarının artırılmasına dəstək məqsədilə
əmək yarmarkalarının keçirilməsi davam edəcək. Bundan başqa, bu kateqoriyadan olan
vətəndaşlarımızın məşğulluğunu artırmaq məqsədilə digər dövlət qurumları və özəl
təşkilatlar tərəfindən həyata keçirilən layihələrə dəstək verilib.
Məcburi köçkünlərin
məşğulluğunun təmin edilməsi digər dövlət qurumları tərəfindən də həyata keçirilir.
2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün
münasib işlə təmin edilib, 1529 məcburi köçkün "İşsizin DOSTu” proqramı çərçivəsində
əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas
qruplardan olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə
təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir. Cari ilin yanvar-aprel
aylarında bu proqrama 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkündür.
2019-cu ilin
əvvəlinə olan göstəricilərə görə, əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min
nəfər təşkil edir. Bunlardan 198 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə
daimi işlə, 134 min nəfəri mövsümi işlə təmin olunub. Əmək qabiliyyətli işsiz məcburi
köçkünlərin sayı ümumilikdə 34,9 min nəfərdir. Qarşıdakı dövr ərzində isə bu qəbildən
olan insanların mənzil-məişət problemlərinin həlli istiqamətində işlər daha geniş
miqyasda davam etdiriləcək.
Yeni qəsəbələr istifadəyə veriləcək
Məcburi köçkünlərin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu il bir neçə yaşayış kompleksinin
inşasına başlanması, bir neçəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Belə ki,
Bakı şəhərinin Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün yeni yaşayış
məhəlləsinin inşası başa çatmaq üzrədir. Doqquzmərtəbəli üç yaşayış binasının,
220 yerlik məktəbin texniki infrastruktur obyektləri ilə birlikdə yaxın zamanda
istifadəyə verilməsi planlaşdırılır.
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə özəl sektor tərəfindən
inşa edilən "Qobu Park-2” yaşayış kompleksində işlər yekunlaşıb. 1200 yerlik bu
yeni qəsəbə də yaxın günlərdə istifadəyə veriləcək. Məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bölgələrdə də davam edir. Beyləqan
rayonunda ağır şəraitdə yaşayan 146 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu
olan fərdi yaşayış evlərindən ibarət qəsəbədə, Şirvan şəhərində yataqxanalarda məskunlaşmış
685 məcburi köçkün ailəsi üçün doqquzmərtəbəli 13 yaşayış binasından ibarət məhəllədə
son tamamlama işləri aparılır.
Hər iki kompleksdə
məktəb, bağça və digər zəruri infrastruktur obyektləri inşa edilib. Bu isə o deməkdir
ki, yaxın vaxtda mənzil-məişət problemi həll edilən məcburi köçkünlərin sayı daha
da artacaq.
Bütün bunlar
sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğının real təzahürləridir.
Elçin CƏFƏROV,
"Azərbaycan”