Qlobal ticarət marşrutlarının şaxələndirilməsi və təhlükəsiz təchizat zəncirlərinin formalaşdırılması fonunda Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avrasiya məkanının ən mühüm nəqliyyat arteriyalarından birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən ardıcıl nəqliyyat-logistika siyasəti, müasir yol, dəmir yolu və liman infrastrukturunun yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş strateji layihələr Azərbaycanın regionun əsas logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma potensialının artırılması və rəqəmsal logistika həllərinin tətbiqi Orta Dəhlizin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə yanaşı, son illərdə yaradılan müasir nəqliyyat infrastrukturu ölkəni Şərqlə Qərb arasında etibarlı tranzit qovşağına çevirib. Bu gün Orta Dəhliz yalnız yükdaşımaların həyata keçirildiyi marşrut deyil, həm də regional iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm platformadır. Azərbaycanın bu marşrutdakı rolu ilbəil artır və ölkəmiz beynəlxalq logistika zəncirinin vacib halqasına çevrilir. Tranzit daşımalarının artması dövlət büdcəsinə əlavə valyuta daxilolmalarını təmin etməklə yanaşı, qeyri-neft sektorunun inkişafını sürətləndirir, logistika, nəqliyyat, anbar, sığorta və xidmət sahələrində yeni biznes imkanları yaradır. Bu proses həm də yeni iş yerlərinin açılmasına, sahibkarlığın inkişafına və xarici investisiyaların cəlb olunmasına mühüm töhfə verir”, - deyə Samir Heydərov vurğulayıb.
Ekspert qeyd edib ki, dünyada baş verən geosiyasi dəyişikliklər, alternativ və təhlükəsiz nəqliyyat marşrutlarına artan tələbat Orta Dəhlizin strateji əhəmiyyətini daha da yüksəldir. Bu baxımdan Ələt Limanının ikinci inkişaf mərhələsinin həyata keçirilməsi, dəmir yolu infrastrukturunun daha da modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal logistika sistemlərinin geniş tətbiqi Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Samir Heydərov bildirib ki, perspektivdə Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması, həmçinin Ələt Azad İqtisadi Zonasında logistika və istehsal müəssisələrinin genişlənməsi Azərbaycanın Avrasiyanın aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü nəqliyyat siyasəti Azərbaycanın beynəlxalq yükdaşımalar bazarında rəqabət üstünlüyünü artırmaqla yanaşı, ölkənin iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft gəlirlərinin artmasına və uzunmüddətli dayanıqlı inkişaf hədəflərinə çatmasına mühüm töhfə verir. Orta Dəhlizin inkişafı gələcək illərdə də Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə rolunu daha da gücləndirəcək”.