Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya və Ukraynaya səfərləri rəsmi Bakının uzun illərdir ardıcıl şəkildə həyata keçirdiyi çoxşaxəli diplomatiyanın klassik nümunəsi hesab oluna bilər. Rusiya ilə Ukrayna arasında davam edən kəskin hərbi-siyasi böhran fonunda bu diplomatik fəallıq bir neçə mühüm siyasi və geostrateji məqamı özündə ehtiva edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ukraynalı siyasi ekspert İvan Us deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan üçün Rusiya ilə Ukrayna arasında balansın qorunması yalnız bəyan edilən xarici siyasət prinsipi deyil, həm də coğrafi mövqeyi, iqtisadi maraqları və milli təhlükəsizlik amillərindən irəli gələn zərurətdir: “Rusiya Cənubi Qafqazın əsas siyasi aktorlarından biri olmaqla yanaşı, Azərbaycanın qonşusu və mühüm iqtisadi tərəfdaşıdır. Bu baxımdan Moskva ilə konstruktiv işgüzar dialoqun qorunması Azərbaycanın postmünaqişə dövründə Qarabağ istiqamətində həyata keçirilən nizamlanma prosesi, sərhəd təhlükəsizliyinin təmin olunması və regional tranzit layihələrinin reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ceyhun Bayramovun Rusiyaya səfəri Azərbaycanın rəsmi Moskva ilə proqnozlaşdırılabilən münasibətləri davam etdirmək niyyətini nümayiş etdirir. Azərbaycan ilə Ukrayna arasında da ənənəvi dostluq münasibətləri mövcuddur, hər iki ölkə enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı bir sıra məsələlərdə ortaq baxış nümayiş etdirir. Azərbaycanın indiyədək Ukraynaya humanitar yardım göstərməsi, eləcə də enerji sahəsində, o cümlədən elektrik enerjisi və avadanlıq tədarükü istiqamətində dəstək verməsi bunun bariz nümunəsidir”.
İvan Usun sözlərinə görə, xarici işlər nazirinin Kiyevə səfəri Azərbaycanın dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiqliyini bir daha təsdiqləyir ki, bu da Azərbaycan üçün xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır. Eyni zamanda, bu səfər Azərbaycanın müharibə şəraitində olan tərəfdaş ölkə ilə əlaqələri davam etdirmək niyyətini nümayiş etdirir: “Moskva və Kiyevə qısa zaman intervalında həyata keçirilən səfərlər Azərbaycanın münaqişənin hər iki tərəfi ilə dialoq kanallarını qoruyub saxlamaq istəyini açıq şəkildə göstərir. Bununla rəsmi Bakı üçüncü dövlətlər arasında mövcud qarşıdurmada hər hansı tərəfi seçmək niyyətində olmadığını, xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir”, - deyə o diqqətə çatdırıb.
Ukraynalı siyasi ekspert hesab edir ki, Azərbaycanın xarici işlər nazirinin Moskva və Kiyevə səfərləri Azərbaycanın müstəqil geosiyasi aktor statusunu bir daha təsdiqləyir: “Balanslaşdırılmış diplomatiya Bakının praqmatik tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir və qlobal geosiyasi parçalanmalardan asılı olmayaraq, Azərbaycanla əməkdaşlığın mümkün olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu siyasət Cənubi Qafqazda sabitliyin qorunmasına xidmət edir və Azərbaycanın formalaşmaqda olan Avrasiya təhlükəsizlik və logistika arxitekturasının mühüm halqalarındən birinə çevrilməsini təmin edir".