Avqustun 7-də Milli Məclisdə Parlamentlərarası Spikerlər Konfransının ölkəmizdə səfərdə olan Baş katibi Ek Nat Dakal və təşkilatın Beynəlxalq əməkdaşlıq üzrə direktoru Hajime Saito ilə görüş keçirilib. Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Fariz İsmayılzadə qonaqlara Azərbaycan parlamentinin beynəlxalq fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Milli Məclis bir sıra beynəlxalq parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir, onların bir neçəsinə sədrliyi həyata keçirir. Deputat Milli Məclisin parlament diplomatiyasının inkişafı sahəsində gördüyü işləri, ölkəmizin COVID-19 pandemiyası zamanı beynəlxalq təşəbbüslərini və bir sıra ölkələrə yardımları diqqətə çatdırıb.
Azərbaycan və onun paytaxtı haqqında xoş təəssüratlarını bölüşən Baş katib Ek Nat Dakal bu qurumun fəaliyyəti və gördüyü işlər barədə danışıb. O, Pakistanda keçirilmiş 1-ci Parlamentlərarası Spikerlər Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyəti, Kambocada keçiriləcək 2-ci Konfrans, parlament diplomatiyasının dövlətlərarası münasibətlərdə rolu, Azərbaycan parlamenti ilə əlaqələrin gələcək inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüb.
Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın parlamentarizm tarixi, hazırkı Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq münasibətləri barədə fikirlərini çatdırıb.
Görüşdən sonra qonaqlar Milli Məclisin inzibati binası ilə də tanış olublar. Fərid Hacıyev onlara Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər guşəsi, parlamentin plenar iclas zalında yaradılmış iş şəraiti, qanunvericilik prosesinin həyata keçirilməsi prosedurları haqqında geniş məlumat verib.