Yanvarın
14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik
Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı
mərasimdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Əziz Xoşbəxt
müəllim, mən sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı,
yeni uğurlar arzulayıram.
Baxmayaraq
ki, yaşınız 90-a çatıb, amma siz həmişə olduğu kimi cavansınız, həmişə iş başındasınız,
fiziki sağlamlığınız da yerindədir, həmişə nikbin adamsınız. Sizin nikbinliyiniz
sizinlə bərabər işləyənlərə də gözəl təsir edir. Hesab edirəm ki, hamı mənimlə razılaşar,
siz Azərbaycanın neft-qaz sənayesinin canlı rəmzisiniz. Təsadüfi deyil ki, sizin
yubileyiniz dövlət səviyyəsində qeyd olunur. Mən yubileylə bağlı bir müddət bundan
əvvəl sərəncam imzalamışam və bu gün biz bu məclisdə sizin yubileyinizi qeyd edirik.
Siz həm sovet
dövründə, həm də müstəqillik dövründə Azərbaycan xalqı naminə, Azərbaycanın inkişafı
yolunda böyük işlər görmüsünüz, böyük töhfələr vermisiniz. Həm sovet dövründə, həm
müstəqillik illərində Azərbaycanın neft-qaz sənayesinin inkişafında sizin böyük
rolunuz var. Siz 20-dən çox neft-qaz yatağının kəşf edilməsində bilavasitə iştirak
etmisiniz, bir çox hallarda kəşfiyyat işlərinə rəhbərlik etmisiniz. O yataqlar arasında
"Azəri”, "Çıraq” və "Günəşli” xüsusi yer tutur. Bu yatağın sovet dövründə aşkarlanması
böyük hadisə idi. Çünki Xəzərdə ən böyük neft yatağıdır. Ancaq "Azəri-Çıraq-Günəşli”nin
müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını
"Azəri-Çıraq-Günəşli”siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və
yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi
müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir.
Beləliklə, "Azəri-Çıraq-Günəşli” yatağının kəşf edilməsi və işlənilməsi, doğrudan
da, tarixi hadisədir. Bu yaxınlarda bu yatağın işlənilməsi müddətinin uzadılmasını
da biz təmin etdik və bu yataq ən azı 2050-ci ilə qədər istismarda olacaqdır.
Siz də yaxşı
xatırlayırsınız ki, "Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalananda təxmini ehtiyatlar
xarici tərəfdaşlar tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Hətta
biz təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablana bilər? Ancaq siz də o vaxt
tam əminliklə deyirdiniz ki, bu yataqda daha çox neft resursları var. Hazırda xarici
tərəfdaşların hesabatına əsasən bu yataqda ən azı 1 milyard ton neft vardır. Amma
şübhəsiz, gələcək illərdə, xüsusilə yeni texnologiyalar tətbiq olunduqda, hesab
edirəm ki, bu yataqdan daha çox neft çıxarılacaqdır.
Bu gün biz
Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə
olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin
qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir.
Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq,
ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin
böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Azərbaycan
o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi.
Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər
gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda
mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra
edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz
buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci
yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir
ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə
ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra
olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı
ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən
idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya
gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına.
Eyni zamanda,
vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən
işlərlə bağlıdır - əməkhaqlarının, pensiyaların,
müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər
görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin
əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır.
Ona görə Azərbaycan
xalqı qarşısında sizin çox böyük xidmətləriniz vardır. Çünki sizin biliyiniz, təcrübəniz,
neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi dövründə xarici tərəfdaşlarla apardığınız
işlər bugünkü Azərbaycanın uğurlu inkişafını təmin edir.
Təbii ki,
biz hazırda daha çox qeyri-neft sektoruna diqqət yetiririk, istəyirik bu sektor
inkişaf etsin. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan iqtisadiyyatının əsası,
yəni, bel sütunu neft-qaz sektorudur. Neft-qaz sektoru bundan sonra onilliklər ərzində
Azərbaycanın aparıcı sektoru olacaqdır. Əlbəttə, biz çalışacağıq və əminəm buna
nail olacağıq ki, qeyri-neft sektoru da inkişaf etsin. Keçən ilin göstəriciləri
bunu əyani şəkildə sübut edir. Ancaq hər kəs bilməlidir ki, neft-qaz sektoru aparıcı
sektordur. Bu da təbiidir. Çünki neftin vətəni Azərbaycandır. Dənizdən ilk dəfə
neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Müasir dövrdə Azərbaycan yeni
texnologiyalar əsasında öz neft-qaz potensialını tam şəkildə işə salıbdır. Nəhəng
neft-qaz kəmərləri inşa olunubdur, neftdən əldə olunmuş gəlirlər hesabına böyük
nəqliyyat layihələri icra edilibdir. Bu gün Azərbaycan bütün parametrlər üzrə inkişaf
etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. Əminəm ki, gün gələcək Azərbaycan inkişaf
etmiş ölkələr sırasında öz yerini tapacaqdır.
Xoşbəxt müəllim,
mən bilirəm ki, siz hələ uşaqlıq dövründən biliklərə çox meyilli olmusunuz. Sual
yarana bilər ki, mən bunu haradan bilirəm. Ancaq istəyirəm bir hadisəni yoldaşlara
çatdırım. Keçən il Mehriban xanım Pirhəsən pirini ziyarət edərkən bir ailənin üzvləri
yaxınlaşdı və onu Kürdəxanıya dəvət etdi. Eyni zamanda, bildirdilər ki, Kürdəxanı
qəsəbəsində çoxlu problemlər var, yollar, məktəb bərbad vəziyyətdədir və Mehriban
xanımı qonaq çağırdılar. O da bu dəvəti qəbul edərək Kürdəxanı qəsəbəsinə getdi
və ondan sonra Kürdəxanıda bir çox problemlər öz həllini tapdı. Kürdəxanıda yeni
park salındı, bütün yollar təmir edildi, yeni məktəb tikildi. Ondan bir qədər sonra
söhbət əsnasında demişdiniz ki, siz uşaq olanda Kürdəxanıdakı məktəbdə oxumusunuz.
Mən də təəccüb etdim, çünki bilirəm ki, siz pirşağılısınız. Dedim ki, bəs Pirşağıda
məktəb ola-ola nə üçün Kürdəxanıya getmisiniz? Bu gün də yadımdadır, dediniz, ona
görə getmişəm ki, Kürdəxanıda müəllimlər yaxşı idi. Elədirmi? Qonşu kəndlər olsa
da, o vaxt yolları bərbad idi. Mən təəccüb etdim ki, balaca bir uşaq üçün necə çətindir.
Nəqliyyat vardı, yox idi bilmirəm, avtobusla gedirdiniz?
Xoşbəxt Yusifzadə:
Piyada gedirdim.
Prezident
İlham Əliyev: Piyada? Təsəvvür edin, bilik almaq üçün hər gün Pirşağıdan Kürdəxanıya
piyada gedib-gəlib. Yəni, artıq bəlli idi ki, sizin böyük gələcəyiniz olacaqdır.
Sonra biliklərinizi gənclərlə bölüşdünüz. Siz, eyni zamanda, böyük alimsiniz, Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi çox fəalsınız. Sizin bir çox elmi əsərləriniz
var və bu əsərlər təcrübəyə əsaslanır. Yəni, bu, sadəcə olaraq, fərziyyələr, nəzəriyyələr
deyil. Təcrübə də göz qabağındadır, həm sovet, həm də müstəqillik dövründə. Məhz
ona görə də siz həm sovet, həm də müstəqillik dövründə ən yüksək ordenlərlə təltif
olunmusunuz. Birinci ordeni siz 1963-cü ildə almısınız - "Qırmızı əmək bayrağı”
ordeni. İkinci ordeni 1971-ci ildə almısınız - "Şərəf nişanı”. Üçüncü ordeni isə
1976-cı ildə - ikinci "Qırmızı əmək bayrağı”. Elədirmi?
Xoşbəxt Yusifzadə:
Elədir, mənim yadımdan çıxmışdı.
Prezident
İlham Əliyev: Mənim hər şey yadımdadır. Hələ çox şey bilirəm, yavaş-yavaş deyəcəyəm.
Sonra müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev sizi 2000-ci ildə ən yüksək ordenlə
- "İstiqlal” ordeni ilə təltif etmişdi. Daha sonra növbə mənə çatdı və siz
2004-cü ildə "Şöhrət” ordeni, 2009-cu ildə "Şərəf” ordeni, 2015-ci ildə Azərbaycan
Prezidentinin Fəxri diplomu ilə təltif olunmusunuz, keçən il Heydər Əliyev Mükafatına
layiq görülmüsünüz. Dünən isə mənim sərəncamımla Azərbaycanın ən ali ordeni olan
"Heydər Əliyev” ordeni ilə təltif edilmisiniz.
Bilirsiniz,
Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyırıq. Bütün dövrlərdə bizim
çox sıx səmimi yoldaşlıq münasibətlərimiz olubdur. Biz yol yoldaşı olmuşuq və
1994-cü ilin yay aylarında "Əsrin kontraktı”nın hazırlanması üçün son danışıqlar
prosesində iştirak etmişik. Amerikanın Hyuston şəhərində bir aydan çox qalmışdıq.
Danışıqlar çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki tərəf istəyirdi
ki, özü üçün ən məqbul şərtləri əldə etsin. Nəticə etibarilə biz hesab edirəm ki,
çox məqbul kompromisə gələrək Azərbaycan üçün ən gözəl şərtləri əldə etdik. O şərtlər
bugünkü pay bölgüsündə öz əksini tapıb. Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana
çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz
müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90
faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı
deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə
işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki
biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın
yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz "Apart” hotelində
qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, hotelin yeməklərindən bir qədər yorulmuşduq.
Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu,
unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm
ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin
yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir
çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə
və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır.
Onu da bilirdim ki, Ulu Öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı.
Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir.
Xatırlayıram ki, 1997-ci ildə "Abşeron” yatağı üzrə kontrakt imzalanandan sonra
seysmik işləri aparılmışdı və kəşfiyyat quyusunun yeri müəyyən edilmişdi. Xoşbəxt
müəllim də o vaxt xarici tərəfdaşlara demişdi ki, onlar quyunun yerini səhv seçiblər,
orada heç bir ehtiyat olmayacaq. Onlar da dedilər ki, yaşlı kişidir, bizim seysmik
qurğularımız, mütəxəssislərimiz, minlərlə işçimiz, milyardlarla dollar ticarət dövriyyəmiz
var, kapitallaşdırmamız 10 milyardlarla ölçülür. İndi bir geoloq burada nə isə deyir.
Əhəmiyyət vermədilər və peşman oldular. Çünki onlar Xoşbəxt müəllimə qulaq asmadılar,
quyunu qazdılar və o da boşa çıxdı. Beləliklə, müqaviləyə xitam verildi və onlar
da məcbur olub Azərbaycandan, o yataqdan çıxdılar. Amma ondan bir neçə il sonra
başqa bir şirkət "Abşeron” yatağına maraq göstərdi. Yenidən kontrakt imzalandı,
kəşfiyyat quyusunun yeri düzgün seçildi və böyük ehtiyatlar aşkarlandı.
Hələ o vaxt
- 1990-cı illərdə Xoşbəxt müəllim deyirdi ki, "Abşeron” yatağında ən azı 300 milyard
kubmetr qaz var. Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu
təsdiqlədi. Eyni nəticəyə xarici şirkət də gəldi və biz "Abşeron”dan 1,5 milyard
kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq. Bu, özlüyündə
bir göstəricidir. Xoşbəxt müəllimin sözləri ilə desək, o, Xəzər dənizinin cikini
də, bikini də bilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsində
Xoşbəxt müəllimin çox böyük zəhməti var. Çünki o, bütün zirvə görüşlərində iştirak
edirdi və onun sözü tədbirlərdə tam həqiqət kimi qəbul olunurdu. İki il bundan əvvəl
Xəzərin hüquqi statusu müəyyən olundu, razılaşma əldə edildi. Ancaq o vaxta qədər
bir çox mübahisələr olurdu və bizim nümayəndə heyətində Xoşbəxt müəllimin olması
mövqeyimizi həmişə gücləndirirdi.
Bir məsələni
də bildirmək istəyirəm, vaxt keçdikcə bunların hamısı unudulur. O da "Şahdəniz”
yatağının işlənməsi ilə bağlıdır. 1996-cı ildə kontrakt imzalanmalı idi, bütün danışıqlar
başa çatmışdı. Ancaq iqtidar üzvlərindən biri etiraz edirdi ki, bu, imzalanmamalıdır.
Onun heç bir əsası yox idi, o adamın, ümumiyyətlə, neft-qaz sənayesindən xəbəri
yox idi. O, sadəcə olaraq, neftçilər tərəfindən hasil edilmiş və emalçılar tərəfindən
emal olunmuş neft və neft məhsullarını xaricə sataraq öz cibini doldururdu. Ancaq
heç bir əsas olmadan qəti etiraz bildirdi və o vaxt Heydər Əliyev Dövlət Neft Şirkətinin
bütün rəhbərliyini dəvət etdi, hər birinə söz verdi. Hər biri çıxış edərkən dedi
ki, bu kontrakt mütləq imzalanmalıdır və şərtlər bizim üçün ən məqbul şərtlərdir,
o cümlədən Xoşbəxt müəllim. Yadımdadır, Ulu Öndər Xoşbəxt müəllimin sözünə böyük
diqqətlə qulaq asırdı. Məhz Xoşbəxt müəllimin, eləcə də ümumi fikir belə idi ki,
kontrakt mütləq imzalanmalıdır. İndi təsəvvür edin, əgər "Şahdəniz” kontraktı
1996-cı ildə imzalanmasaydı, nə Bakı-Tbilisi-Ərzurum, nə TANAP, nə də "Cənub qaz
dəhlizi” olacaqdı. Beləliklə, Azərbaycanın qaz təminatı nə vəziyyətdə olacaqdı?
Əgər "Şahdəniz” qazı olmasaydı, biz öz tələbatımızı ödəyə bilməyəcəkdik. Ona nə
qədər investisiyalar qoyuldu və bu gün Azərbaycan dünya miqyasında, Avrasiyada qaz
ixrac edən ölkəyə çevrilibdir.
Belə hadisələr
çoxdur, vaxtı gəldikcə mən bunları açıqlayacağam. Bir daha demək istəyirəm ki, Xoşbəxt
müəllim gözəl insandır, gözəl alimdir, gözəl mütəxəssisdir. Bu gün ona təqdim ediləcək
ən ali mükafat bir daha onu göstərir ki, Azərbaycan dövləti və xalqı Xoşbəxt müəllimin
fəaliyyətini yüksək qiymətləndirir.
Buraya gələrkən
baxıb gördüm ki, Xoşbəxt müəllimdə Azərbaycanın yalnız "Vətənə xidmətə görə” ordeni
yoxdur. Onu da saxlamışam 95 illik yubileyinə.
Xoşbəxt Yusifzadə:
İndi mən gərək yaşayam.
Prezident
İlham Əliyev: Həm yaşamaq, həm işləmək. İşlər çoxdur. Bir şeyi də bildirməliyəm,
Xoşbəxt müəllimlə biz daim əlaqədəyik. Hər bir yeni kəşfiyyat quyusu qazılanda,
yaxud da ki, hansısa bir quyuda yaxşı debit olanda, mənə birinci Xoşbəxt müəllim
xəbər verir. Ona görə o, mənə zəng edəndə bilirəm ki, məni şad xəbərlə sevindirəcək.
***
Sonra Xoşbəxt
Yusifzadənin "Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı oxundu.
Daha sonra
Prezident İlham Əliyev "Heydər Əliyev” ordenini Xoşbəxt Yusifzadəyə təqdim etdi.
***
Prezident
İlham Əliyev: Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm
ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin.
Sonra Xoşbəxt
Yusifzadə çıxış edərək dedi:
- Mən necə
danışım, heç özüm də bilmirəm. Məni o qədər təriflədiniz ki, mənim haqqımda o qədər
yaxşı söz dediniz ki, gözümdən yaş gəldi. Yadıma düşdü, İranda idik. Cənab Heydər
Əliyev orada məni tərif elədi. Bu, Heydər Əliyev ilə axırıncı dəfə biz İranda olanda
olmuşdu. Mən protokola görə ən axırda dayanmışdım. Gəlib mənim yanımdan keçəndə
dedi: Gördün, səni nə qədər təriflədim, nə qədər yaxşı sözlər dedim. Dedim ki, hörmətli
Prezident, o qədər gözəl sözlər dediniz ki, mənim gözümdən yaş gəldi. Dedi, bura
bax, gözünün yaşını sil, özün də get iranlılarla söhbətini davam elə, Allaha şükür,
danışmağa da həvəsin var.
İndi o qədər
mənə yaxşı sözlər dediniz, o qədər gözəl sözlər dediniz ki, mən bunların cavabında
söz deməyə çətinlik çəkirəm. Nə deyim ki, buna bərabər olsun. Elə mənə Heydər Əliyevin
ordeninin verilməsi. Mən Heydər Əliyevin qarşısında həmişə baş əyirəm. O, Azərbaycanda
birinci ordeni mənə verdi, elə Siz də. Təkrar etmək istəmirəm. Sonra da onun adı
ilə bağlı olan nə alıramsa, bu, mənim üçün çox böyük hədiyyədir, çox böyük bir mükafatdır.
Bilirsiniz,
mən Heydər Əliyevlə 1969-cu ildə tanış olmuşam. 1970-ci ildə Xəzərin cənubdan şimalına
qədər bütün işlənməsini bizə tapşırdılar. Onda Heydər Əliyev məni birliyin baş geoloqu
təyin elədi. O, respublikaya rəhbərliyə gələndə neft sənayesinin vəziyyəti bir o
qədər də yaxşı deyildi. Çünki dənizin dərinliyi 40 metrə qədər olan sahələrində
yataqlar kəşf olunmuşdu, amma dərinə getməyə nə bizdə gəmi vardı, nə də maliyyə.
Vəziyyətimiz çox çətin idi. Onda o, bizi yığdı, söhbət etdi, birlikdə qərara gəldik
ki, gəmilər alınmalıdır və digər işlər görülməlidir. Bir neçə il ərzində 11 üzən
qazma qurğusu alındı. Əvvəlcə özüqalxan, sonra yarımbatan gəmilər alındı və dənizdə
kəşfiyyat işləri başlandı. "Azəri”, "Çıraq”, "Günəşli”, "Bahar” və başqa yataqlar
- onların kəşf olunması elə o vaxtın nailiyyətləridir. Bu yataqlar kəşf olundu,
daha nə lazımdır? Deməli, bunlara platforma lazımdır, dərin özüllər zavodunun tikilməsi
lazımdır. O vaxt, sovet hökuməti vaxtı onu Həştərxanda tikmək istəyirdilər. Onu,
450 milyon dollarlıq zavodun Bakıda tikilməsi hər adamın işi deyildi. Bunu ancaq
Heydər Əliyev kimi adam edə bilərdi, o da alındı.
Heydər Əliyev
o vaxtlar elə işlər görürdü, sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, gələcəkdə
bunlar hamısı Azərbaycana lazım olacaq. Onun bünövrəsini cənab Heydər Əliyev elə
sovet vaxtında qoymuşdu. O, bunları etdi, sonra Azərbaycan müstəqil olandan sonra
yenə həyat belə gətirdi ki, Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik edəndə
də yenə neft sənayesinin vəziyyəti çox pis idi. Ümumiyyətlə, sovet hökuməti axırıncı
illərdə neft sənayesinə bir o qədər fikir vermirdi. Çünki Azərbaycan dənizdə işlədiyi
üçün xərc çox gedirdi. Başqa yerlərdə yataqlar açılmışdı - Sibirdə, Tatarıstanda.
Ona görə də Azərbaycana o qədər də fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil
olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə
boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti daha
da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərliyə gələndə yenə neft
sənayesi ilə maraqlandı, bütün respublikada dəyişikliklər etdiyi kimi, dedi ki,
neft sənayesində də nə etmək olar.
Orada yataqlar
açılmışdı. Hərdən hörmətli İlham müəllim deyir, yaxşı ki, o vaxtlar bunları işlətməmisiniz,
yoxsa, indi bizim üçün bir şey qalmazdı. Sovet vaxtında bunları biz işlədə bilməmişdik.
İndi bunları işlətməkdən ötrü yenə bizdə nə pul var idi, nə texnika var idi. Onda
Heydər Əliyev, hörmətli Prezident belə qərara gəldi ki, gəlin, xariciləri dəvət
edək. O vaxtlar xarici sözünü deyəndə Azərbaycanda buna bir cür baxırdılar. Görəsən,
bu, nə olan şeydir, niyə, bizim öz təcrübəmiz yoxdur ki? Amma təcrübəmiz də var
idi, ağlımız da, pulumuz yox idi, texnika yox idi. Ona görə də biz mütləq bunu etməliydik.
Bir də ki, xarici şirkətlərlə iş görmək bir əcaib şey deyildi. Dünyanın bütün dövlətləri,
elə lap böyük Amerika da, İngiltərə də, ələlxüsus dənizdə iş görəndə. Çünki bunlar
baha başa gəlirdi.
Ona görə də
qərara alındı ki, mütləq xarici şirkətlərlə müqavilə bağlansın. O vaxt danışıqlar
getdi. O vaxtlar bunlar başlanmasaydı, o vaxt, əlbəttə, bu kontrakt işlənməsəydi,
buna qol çəkilməsəydi, cənab İlham Əliyev demişkən, indi Allah bilir biz nə gündə
idik. Bunu da elədi, bunu da başladı. O gün deyir ki, "Azəri-Çıraq”dan çıxarılan
neftin miqdarı 500 milyonu keçdi. Bu, 500 milyon nədir, bu, neft nədir, bunun qiyməti
nə qədərdir? Görün, indi bunun bizim üçün nə qədər əhəmiyyəti oldu.
İndi həyatdır
da, Heydər Əliyev dünyasını dəyişdi. Onun yerinə cənab İlham Əliyev gəldi. İndi
cənab İlham Əliyev gələndə, əlbəttə, cavandır, fikirləşirdi, hərənin bir fikri var
idi. Amma bir neçə ildən, bir neçə işdən sonra cənab İlham Əliyev bütün aləmə, nəinki
Azərbaycana, bütün Avropaya, bütün dünyaya özünü təsdiq elədi ki, doğrudan da, bu
respublikaya gözəl bir rəhbər gəlib.
Onun gördüyü
işləri saymaqla qurtaran deyil. İndi bu qədər məktəblər tikilir, bu qədər yollar
çəkilir. Hərdən mən çaşıram ki, bunlar yox idi, indi nə qədərdir. Olanları da pis
vəziyyətə düşmüşdü. Azərbaycan öz simasını 180 dərəcə dəyişib. Odur ki, mən hərdən
bunu təkrar edirəm, 15-20 il, ya 10 il Azərbaycanda olmayan adam, gəlib Azərbaycana
baxanda təəccüb edir. Doğrudan da, bu qısa müddətdə belə işlər görülüb. Ümumiyyətlə,
cənab İlham Əliyev Azərbaycana, bütün dünyaya başa saldı ki, müstəqillik, Azərbaycanın
müstəqil olması nə deməkdir. Mən bunu çox yaxşı bilirəm. Çünki mən 60 ilimi,
90-nın 60 ilini sovet vaxtında yaşamışam, 30 ilini müstəqillik dövründə.
O dövrlə bu
dövrü müqayisə edəndə, mən müstəqilliyin ləzzətini yaxşı bilirəm. Başqaları bəlkə
də elə-belə hiss edir. Ləzzətini görürəm, heyran oluram. Bir sözümüz yox idi, gedirdik,
elə müdafiə etməyə. Bir quyu almaq üçün bir həftə qalırdım Moskvada, isbat edim
ki, bu quyunu vermək lazımdır, bu quyunu qazmaq lazımdır. İndi özümüz öz ağamızıq,
quyumuzu da qazırıq, hərdən boş da çıxa bilər. Özümüzük də, özümüzünküdür, qoy,
necə çıxar elə də çıxsın. İndi bütün bunlar cənab İlham Əliyevin gördüyü işlərin
nəticəsidir.
Dünən mən
bu məlumatlara qulaq asdım. Düz gecə saat 11-dək qulaq asdım. Gör, hələ bu il nə
qədər yeniliklər əldə olunub, elə hər il. Sonra müqayisənizə qulaq asdım. Allaha
şükür, Allah ona bir yaddaş verib ki, məndən də yaxşı bilir, nə vaxt nə almışam.
O rəqəmləri bir-bir, - özü də hərdən xanımım da oturur bir yerdə baxırıq - ingilis
dilində, bir dənə kağız yox, bu qədər şeyi yadda saxlamaq. Bunlar hamısı necə yadda
qalıb, bir-bir bunların hamısı deyilir.
Hə, bir də
bir şeyi qeyd edim, ayın 11-də Pirşağıda mənim 90 illiyimi keçirdilər. Bunlar mənim
70 illiyimdə dedilər eləyək, 80-də dedilər. Axırı dedim, 90 ildir də. Orada bir
söz dedim. Biri deyir ki, gəlin, Xoşbəxtin yaşını çevirək 91-ə, tərsinə 19 deyək.
Dedim, necə deyirsiniz deyin, doxsan doxsandır, istəyirsən tərsinə de, istəyirsən
düzünə de.
Sonra orada
bir şeyi təkrar etdim. Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir,
şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək
olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim
idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka
çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə
yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə
bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka
ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan
gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi
evi neynirsən?
İndi bir kənddə,
mənim balaca kəndimdə gör nə qədər dəyişikliklər olub. İndi də söz gəldi, gərək
deyim. Atam Pirşağıda ev tikdirəndə bizim bu evimiz demək olar, kəndin bütün evlərindən
yaxşı idi. İndi o qədər gözəl evlər tikilib ki, bizim ev bunların yanında komaya
oxşayır. Bu dəyişikliklərin hamısı bizim müstəqilliyimizin vaxtında yarandı. Bu,
böyük işdir. Ona görə mən Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Mehriban xanım,
Sizin haqqınızda danışım. Bu gün oxudum, görürəm saytınızda məni təbrik etmisiniz.
Axşamadək dözməmisiniz, elə gündüz təbrik etmisiniz. Mən Sizdən də çox razıyam.
Sizin haqqınızda o dəfə danışdım. Sizin gördüyünüz işlərin də hamısı göz qabağındadır
- istər Azərbaycan üçün, istər bütün dünya üçün. Siz Azərbaycanı bütün Avropaya
tanıtmısınız. İndi Avropada elə bir ölkə yoxdur ki, Azərbaycanı tanımasın. Gedirsiniz
kəndlərə, gedirsiniz məktəblərə, bağçalara, camaatdan xəbər tutursunuz. Uşaqlarla
bir yerdə şəkil çəkdirirsiniz.
İndi İlham
Əliyev haqqında demək istəmirəm, o, artıq bunları edə-edə gedir. İndi Siz də yarışa
girmisiniz, görək kim çox adamla görüşər, kim onların qayğılarına daha çox qalar.
Mən Sizə də
uzun ömür, cansağlığı arzulayıram, hər halda biz ayyarım Hyustonda bir yerdə külüng
vurmuşuq. Mən həmişə təkrar edirəm ki, Siz, bizim bacımız, arxamızca həmişə su atırdınız
ki, işiniz yaxşı getsin. O da bir günlər idi. İndi də əl-ələ verin İlham müəllimlə,
Prezidentimizlə əl-ələ verin, bu respublikanın inkişafı üçün, gələcəyi üçün əlinizdən
nə gəlirsə edin. Yəqin neftçilər arasında məndən yaşlısı yoxdur. Bəlkə orada rəhbər
işçilər də var, onların hamısının adından demək istəyirəm öz sözümüzü, biz sizin
arxanızda dağ kimi dayanmışıq, hər nə olsa, harada olsa. Çünki neft sənayesi Azərbaycanın
dayağıdır. Neft sənayesi, indi qeyri-neft sektoru deyirlər, mənim sözüm yoxdur.
Əlbəttə, ilk illər neft sənayesindən başqa bizim əlimizdə elə bir şey yox idi ki,
respublikanı qabağa aparaq.
Birinci növbədə,
əlbəttə, ən tez gəlir götürmək üçün əsas element neft idi. Respublikanın vəziyyətini
ancaq neft sənayesi ilə düzəltmək olardı. Ona görə də cənab Heydər Əliyev taktikanı
düzgün seçdi. Onun neft strategiyası Azərbaycanı bu dərəcəyə gətirib çıxardı. İndi
amma elə vaxtıdır ki, başqa işə keçmək olar. Harada? Neft sənayesi öz sözünü dedi.
Buna baxmayaraq, hələ büdcənin 56-57 faizi neftdən gəlir. Buna sözümüz yoxdur, amma
qeyri-neft sektorunu inkişaf etdirmək olar. Ona görə də indi vaxtdır, onu da başlamısınız,
çox gözəl başlamısınız, gözəl də nəticələr əldə edirsiniz. İl-ildən də bunlar, əlbəttə,
daha da yaxşı olacaq.
Sağ olun,
çox sağ olun. Mən Sizə çox minnətdaram ki, bu qədər adam yığılıb bura, onların hamısı
məni də çox istəyirlər, başa düşürəm. Amma Siz dövlət başçısısınız, onların da hamısı
gəlib buraya. Mən hamınıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, burada iştirak
edirsiniz. Sizə indi nə arzulayıram - ömrünüz gəlsin-getsin, doxsanda dayanmayasınız.
Nə qədər qüvvəniz var işləyəsiniz, ölkəyə, dövlətə xeyir verəsiniz. Sizin hamınıza
uzun ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm.
Diqqətinizə
görə çox sağ olun.
***
Yubiley mərasimi
konsert proqramı ilə davam etdi.