Yeni Dövlət Proqramında aqrar sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və müasir xidmətlərlə təminatının yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, proqram yalnız istehsalın artırılmasını deyil, eyni zamanda fermerlərin maliyyə, informasiya və texnoloji xidmətlərə çıxış imkanlarının gücləndirilməsini də nəzərdə tutur.
“Bu istiqamətdə əsas prioritetlərdən biri maliyyə əlçatanlığının artırılmasıdır. Son dövrlərdə kənd təsərrüfatı kredit kooperativlərinin dəstəklənməsi və subsidiyalaşdırılması ilə bağlı yeni mexanizmlərin tətbiqinə başlanılıb. Eyni zamanda, fermerlərin güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və aqrar sahənin maliyyələşdirilməsinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Proqram çərçivəsində kiçik və orta fermer təsərrüfatlarının müasir texnologiyalara, innovativ həllərə və bilik resurslarına çıxışının yaxşılaşdırılması da mühüm yer tutur. Əsas məqsədlərdən biri aqrar informasiya xidmətlərinin daha da genişləndirilməsi və fermerlərə operativ, dəqiq və praktik məlumatların çatdırılmasıdır. Bu xidmətlər vasitəsilə fermerlərə əkin strukturu, məhsul seçimi, texnoloji proseslər və bazar imkanları barədə müasir məlumatlar təqdim olunacaq”, – deyə nazir müavini qeyd edib.
Nazir müavini vurğulayıb ki, rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Fermerlərin hansı ərazidə, hansı bitkini daha səmərəli becərə biləcəyi, hansı təsərrüfat fəaliyyətinin daha yüksəkgəlirlilik təmin edəcəyi, eləcə də hansı texnologiyaların tətbiqinin məqsədəuyğun olduğu barədə məlumatlandırılması məhsuldarlığın yüksəldilməsinə və resurslardan daha səmərəli istifadəyə imkan yaradacaq. Aqrar informasiya sistemlərinin inkişafı, rəqəmsal həllərin geniş tətbiqi və innovativ texnologiyaların təşviqi nəticəsində fermerlərin qərarvermə imkanları genişlənəcək, kənd təsərrüfatında rəqabət qabiliyyəti və istehsal səmərəliliyi daha da artacaq”.