Təqribən il yarım əvvəl Azərbaycanın lotereya bazarında başlanan yenilik - "Azərlotereya"nın "Poz-Qazan" ani lotereyası indiyədək minlərlə insana uduş gətirib. Hər gün "Poz-Qazan" məntəqələrində çox sayda müxtəlif məbləğlər udulur, "Bakı KOB Evi"ndə isə daha böyük uduş qaliblərinin növbəsi yaranır.
"Poz-Qazan" barədə danışarkən ilk növbədə uduşlu biletlər və onun xoşbəxt alıcılara qazandırdığı məbləğlər yada düşür. Bilet satışının özünün olduqca sərfəli biznes olması isə çoxlarının diqqətini cəlb edir. Bu sahənin gətirdiyi gəlirə və ən əsası biznesə başlama imkanına görə "Poz-Qazan" məntəqəsi açmaq ölkədə ən sərfəli biznes növlərindən biridir.
"Azərlotereya"nın məlumatlarına görə, Azərbaycanda 2500-ə yaxın, daha dəqiqi 2470 ədəd "Poz-Qazan" satış nöqtəsi var. Satış nöqtələri isə fərqlidir. Ani lotereya biletlərini lotereya satış nöqtələrindən, "Misli" məntəqələrindən, "Azərpoçt" şöbələri, eləcə də müxtəlif metrostansiyalar və bəzi supermarketlərdəki satış yerlərindən əldə etmək mümkündür.
Bu biznesdən ən çox regionlardakı kiçik sahibkarlar faydalanırlar. Satış nöqtələrinin 740-ı Bakı, Abşeron və Sumqayıtda, 1730-u isə regionlarda yerləşir.
"Poz-Qazan" məntəqəsi açmaq ölkədə biznesə başlamaq üçün ən asan üsullardan biridir. Məntəqə açmaq üçün ilk növbədə müvafiq yer tapıb, "Azərlotereya"nın distribütorlarında qeydiyyatdan keçmək lazımdır. Bu zaman məntəqə sahibindən şəxsiyyət vəsiqəsi, 3x4 ölçülü şəkil və satış məkanı barədə məlumat tələb olunur.
"Olduqca asan prosesdir. Baxırsınız, harada uyğun yer var, gedib "Azərlotereya"ya müraciət edirsiniz. Onlar da həmin ərazidə qanuni satış etmək üçün sənəd verirlər, işə başlayırsan", - deyə Bakının Nərimanov ərazisində "Poz-Qazan" məntəqəsi işlədən Əjdər Yarəhmədov prosesi belə izah edir. Bunun əsasında "Azərlotereya"nın distribütoru həmin şəxsə sertifikat verir. Həmin sertifikat ilə qeyd olunan ərazidə satış nöqtəsi açıb fəaliyyətə başlaya bilərsən.
"Poz-Qazan" məntəqəsi işlədən Sevda Məmmədova isə bildirir ki, bəzən yer axtarmağa da ehtiyac olmur: "Azərlotereya"nın distribütorları yer tövsiyə edirlər. Yer seçilir, razılıq əldə edilir və işləməyə başlayırlar".
Onun sözlərinə görə, "Poz-Qazan" biletlərinin satış məntəqəsinin açılması ilə bağlı "Azərlotereya"dan sertifikat almaq kifayət edir: "Biletləri verirlər, satmaq bizlikdir". Lotereya satıcılarına qoyulan tələblər də sadədir - səliqəli görünüş, dürüst və məsuliyyətli olmaq, satış nöqtəsini səliqəli saxlamaq... Satıcı "Azərlotereya"nın təqdim etdiyi geyimdə olmalı və oyun qaydalarını əzbər bilməlidir.
Lotereyanın ləzzəti uduşlardır - "Poz-Qazan" bu sahədə məşhurdur. İndiyədək 100 və 200 min manatlıq böyük uduşlar, onlarca 10-25 min manatlıq, yüzlərlə 1000 manatlıq, eləcə də minlərlə daha aşağı məbləğli uduşlar lotereya biletlərinə marağı artırıb. Bu yaxınlarda Goranboy şəhərində Aslan Aslanov "Şans yağışı" ani lotereyasından 200 min manat qazanıb.
"Bizdə böyük uduşlar az deyil, Azərbaycanda, bəlkə də, ilk 25 min manatı mənim satdığım lotereyada udublar. Yaxşı xatırlayıram, həmin alıcı 2 bilet almışdı, biri heç nə udmadı, digəri 25 min manat uddu. Sevindiyindən şoka düşmüşdü", - deyə "Xalqlar Dostluğu" tərəfdə, "Poz-Qazan" məntəqəsində çalışan Sevda Məmmədova ilk böyük uduşu xatırlayır.
Göründüyü kimi, bu biznes qadınlar üçün də stimulvericidir. Lotereya sektorunda xanım satıcıların varlığı belə deməyə əsas verir. Lotereya biznesinin əlverişli olması qadın sahibkarlığının inkişafı baxımından müsbət meyardır. Satış işinin həyata keçirilməsi prosesinin asan olması, qoyulan tələblərin qadınlara uyğunluğu onlarda bu biznesə maraq yaradır.
Satış məntəqələrinin yerləşmə məsələsində yeganə ciddi tələb - "Poz-Qazan" məntəqəsinin məktəb və bağçalardan uzaqda olmasıdır. "Azərlotereya"nın tətbiq etdiyi sosial məsuliyyət qaydalarına görə lotereya satış məntəqələri məktəb və bağçalardan azı 100 metr məsafədə olmalıdır. "Uşaqlara bilet satılmır - bütün biletlərin üzərində 18+ yazılıb", - deyə satıcılar dərhal bu məsələyə nöqtə qoyurlar.
Satış məntəqələrinin bir-birindən aralıqda yerləşməsi məsafəsinə gəlincə: "Onlar lap yaxında və ya uzaqda yerləşə bilər - biznesdir, onu sahibkarlar özləri tənzimləyir", - deyə distribütor şirkətlərində bildirirlər. Buna baxmayaraq satıcıların fikrincə, "yeri elə seçmək lazımdır ki, daha əvvəl satış edən başqasına mane olmayasan. Bu, həm onun, həm də sənin gəlirlərini azalda bilər. Ona görə də yeni məntəqə üçün gediş-gəliş olan yerə üstünlük verilməlidir, amma çalışmaq lazımdır ki, lap yaxında başqa məntəqə olmasın".
Burada məntəqə sahibinin gəliri birbaşa satışın həcmindən asılıdır - Gündəlik satışın həcmi fərqlidir, 800, 1000, 1200 manat olur", - deyə Əjdər Yarəhmədov bildirir. Təcrübə göstərir ki, gün ərzində satış məntəqələrində normal halda minimum 600 manat, maksimum isə 3500 manata yaxın məbləğində satış etmək mümkündür. Nəticədə satıcının gündəlik qazancı 40 manatdan 200 manatadək dəyişir. Amma hava şəraitindən asılı olaraq küçədə fəaliyyət göstərən "Poz-Qazan" məntəqələrində satış həcmi fərqli ola bilər.
Daha bir müsbət cəhət odur ki, "Azərlotereya"nın biletlərini satan məntəqələr sadələşdirilmiş vergiödəyiciləridir. Bu, Vergi Məcəlləsinin 218.4.2-ci maddəsi ilə tənzimlənir. Lakin bu müddəa lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlərə aid deyildir. Bu gəlirlər həmin məcəllənin 218-1.1.6-maddəsinə uyğun olaraq vergidən azaddır. Satıcılar ancaq lotereya təşkilatçısının ona verdiyi haqq (mükafat)dan 4 faiz sadələşdirilmiş vergi ödəyirlər (Vergi Məcəlləsi, maddə 219.4-1, maddə 220.9-1).
Satış nöqtələrinin sayının çox olmasına və gündən-günə artmasına baxmayaraq, "Azərlotereya" və onun ərazi nümayəndələri hər birinə ciddi nəzarət edirlər. Bəzi pozuntular verilmiş sertifikatın ləğvinə və məntəqənin bağlanmasına səbəb ola bilər. "Bileti dəyərindən baha satdıqda, alıcı ilə düzgün rəftar etmədikdə, "Məsuliyyətli Satıcı" proqramının şərtlərinə əməl etməyəndə əvvəlcə xəbərdarlıq edilir, təkrar baş verdikdə isə sertifikat blok edilir". Bəzi hallarda isə sertifikat dərhal ləğv edilir. Bura insanları uduşlarda aldatmaq, biletlərə müdaxilə olunması kimi hallar aiddir.
Hazırda 1700-ə yaxın agent "Azərlotereya"nın təşkil etdiyi sertifikasiya prosesindən keçib və lotereya oyunlarının satışını həyata keçirmək üçün müvafiq sertifikatla təmin edilib.
Nəhayət, "Poz-Qazan" biznesinin daha bir üstünlüyü odur ki, bu biznesi reklam və ya təbliğ etməyə ehtiyac yoxdur. "Azərlotereya"nın həyata keçirdiyi marketinq və təbliğat aksiyaları bütün məntəqələrə diqqəti artırır. "Azərlotereya" marketinq fəaliyyətinin düzgün tənzimlənməsi və idarəsi üçün marketinq strategiyasına xüsusi önəm verir. Markanın və məhsulun dəyərini formalaşdırmaq, analizlərin nəticəsində fəaliyyətin doğru təşkil edilməsi istiqamətində televiziya və radio, eləcə də rəqəmsal sahədə aktiv reklam yerləşdirilməsi, həmçinin outdoor çalışmaları (billboard, scroller, rəqəmsal monitorlar) böyük əhəmiyyət daşıyır", - deyə şirkətin marketinq üzrə meneceri Nərmin Yusifzadə bildirir.
Qeyd edək ki, "Azərlotereya"nın "Poz-Qazan" ani lotereya biletləri rəsmi distribütor və dilerlər vasitəsilə satılır. Bu bizneslə məşğul olmaq istəyənlər "Azərlotereya"ya müraciət edə bilərlər.