Bura 2011-ci ildə dünyanın 7 möcüzəsindən
biri kimi qəbul edilib...
Yer kürəsinin oksigen təminatının 20 faizi
buranın payına düşür...
Bura həm də planetimizin "ağciyərləri” adlandırılır.
Söhbət ərazisinə görə dünyanın ən böyük tropik meşələri olan Amazon meşələrindən
gedir.
Bu meşələr dünyanın ikinci ən böyük çayı
olan Amazon çayının vadisində yerləşir. 6400 kilometr uzunluğa malik Amazon çayının
110 qolu var. Çay və onun qolları suyu 9 ölkənin - Peru, Braziliya, Kolumbiya, Venesuela,
Ekvador, Boliviya, Qayana, Surinama və Fransa Qvianası - ərazisindən toplayaraq
okeana daşıyırlar. Amazon meşələri də məhz bu ölkələrin ərazisinə düşür.
Yer kürəsinin bütün tropik meşələrinin yarıdan
çoxunu təşkil edən Amazonun sahəsi 5 milyon kvadratmetrdən artıqdır. Meşələrin özlərinin
yaşı isə 55 milyon ildən yuxarıdır.
Amazon cəngəlliklərində insanların məskunlaşma
tarixi 11200 il əvvələ gedib çıxır. İlk böyük qəbilələrin məskənləri 13-cü əsrin
əvvəllərində meşə ilə çayın sərhəd zolaqlarında əmələ gəlməyə başlayıb. Avropalıların
ayağı yalnız 16-cı əsrin ortalarında Amazon torpaqlarına dəyib. Bura gələn ilk şəxs
isə Amazonun adını tarixə yazdıran Fransisko Orellana olub.
Əfsanəyə görə, bu adın verilməsinə səbəb
ekspedisiya əsnasında ispanıyalıların bir vəhşi tayfanın qadınlarını məhz qədim
yunan mifologiyasındakı "Amazon” qadınları kimi döyüşkən, mübariz kimi görmələri
olub.
Amazon meşələrində 400-500 hindu qəbiləsi
yaşayır. Onlardan 75-ə yaxını, ümumiyyətlə, ətraf aləmlə heç bir kontakt qurmadan
həyat sürür. Ümumilikdə bu meşələrdə yaşayan hinduların sayı 400 min nəfərdən çoxdur.
Bu torpaq çox sayda çağırılmamış qonağın
həyatına son qoyub; bəziləri yerli qəbilələrin qurbanı olub, bəziləri tropik xəstəliklərə
tutularaq canını verib, bəziləri isə insan ayağı dəyməyən sıx cəngəlliklərdə yolunu
itirərək, yemək və ya içməli su əldə edə bilmədiyinə görə ölüb. Bununla yanaşı,
ərazinin öyrənilməsi ilə bağlı elmi işlərin aparıldığı illərdə bir çox kəşflər edilib.
Burada 40 mindən çox bitki aşkar edilib.
Araşdırılıb ki, bu bitkilərin bir çoxu nadir xüsusiyyətlərə malikdir və ciddi
xəstəliklərin sağaldılmasına kömək edə biləcək bahalı dərman preparatlarında istifadə
olunur.
Amazon meşələri dünyanın ən zəngin canlı
aləminə (150 min bitki, 75 min ağac, 1300 quş, 3000 balıq, 2,5 milyon həşərat növü)
malik ərazidir. Amazonun tədqiqatı ilə əlaqədar elmi araşdırmalar davam edir. Hələ
də orada yaşayan canlı aləmin dəqiq siyahısı müəyyən edilməyib. Çünki olduqca sıx
olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməsinə imkan vermir.
Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir.
Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri
də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə
təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara rast gəlinib. Müasir
həyatla heç bir əlaqələri olmadığından tədqiqatçılar onlarla və yaşadıqları yaxın
ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəliblər.
Təəssüf ki, bu cür zəngin təbiət gündən-günə
məhv olmaqdadır. Təkcə Peru ərazisində qanunsuz mədənçilik fəaliyyəti nəticəsində
2001-ci ildən sonrakı dövr ərzində təxminən 2 milyon hektar Amazon meşəsi məhv olub.
Təkcə bu il Braziliyanın Amazon meşələrində 72 mindən çox yanğın baş verib. Bundan
başqa meşəliklər qırılıb satılır. Bu ərazinin məhv olması dünyada oksigen ehtiyatlarının
da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çoxalmasına gətirib çıxarır.
Kaliforniya universitetinin alimləri Amazon
tropik meşələrinin quruma təhlükəsi ilə üz-üzə olduğunu bildirirlər. Onlar bunun
səbəbini istixana qazlarının artması ilə izah edirlər.
2018-ci ildə alimlərin apardığı hesablamalar
göstərib ki, Amazon meşələrinin 17 faizi bərpaolunmaz formada məhv edilib. Daha
8 faizə yaxın ərazini də eyni aqibət gözləyir. Bu isə yalnız Amazoniya sakinlərini
deyil, Yer kürəsinin oksigenlə təminatı baxımından bütün bəşəriyyəti narahat edən
bir problemdir.
Xəyalə MURADLI,
"Azərbaycan”