Milli Məclisin sədri Sahibə Qafarova iyulun 9-da Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova çıxışında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının təkcə ekoloji deyil, həm də humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri məsələ olduğunu bildirib. Onun sözlərinə görə, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur, dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir.
Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaratdığını vurğulayan Milli Məclisin sədri qeyd edib ki, onun səmərəliliyi milli səviyyədə tətbiqindən asılıdır. Bu baxımdan parlamentlərin beynəlxalq humanitar hüququn prinsiplərinin milli qanunvericilikdə əks etdirilməsində, icrasına nəzarətin gücləndirilməsində, ətraf mühitə vurulan zərərə görə hüquqi məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsində və münaqişədən sonrakı ekoloji bərpa prosesinin dəstəklənməsində mühüm rol oynadığı bildirilib.
Parlamentin sədri Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit üçün yaratdığı dağıdıcı nəticələrə diqqət çəkərək bildirib ki, otuz il davam etmiş işğal dövründə meşələr qırılıb, torpaqlar deqradasiyaya uğrayıb, su ehtiyatları çirkləndirilib, biomüxtəliflik məhv edilib, təbii sərvətlər qanunsuz istismar olunub. Ərazilərdə basdırılmış bir milyondan artıq mina həm insanlar, həm də təbiət üçün ciddi təhlükə yaratmaqda davam edir, ekoloji bərpa prosesini və məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngidir.
S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə, ekosistemlərin bərpası, meşələrin salınması və yaşıl enerji layihələrini həyata keçirir. Qeyd olunub ki, Milli Məclis milli hüquqi çərçivənin gücləndirilməsi istiqamətində qanunvericiliyi təkmilləşdirir. Bu çərçivədə 2024-cü ildə Cinayət Məcəlləsinə "Ekosid" maddəsi əlavə olunaraq ekosid sülh və bəşəriyyət əleyhinə cinayət kimi təsbit edilib, həmçinin "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlar qəbul edilib.
Milli Məclisin sədri COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkil etdiyi Parlament Görüşünün Yekun Sənədinə də toxunaraq bildirib ki, sənəddə parlamentlər münaqişələrin ətraf mühitə təsirlərinin qarşısının alınmasına, minaların vurduğu ekoloji zərər barədə məlumatlılığın artırılmasına və ekosidlə mübarizə sahəsində qanunvericilik təşəbbüslərinin gücləndirilməsinə çağırılır. Onun sözlərinə görə, bu yanaşma COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın mövqeyini əks etdirir.
Çıxışının sonunda Sahibə Qafarova beynəlxalq humanitar hüququn həyata keçirilməsinin gücləndirilməsi və gələcək nəsillər üçün daha təhlükəsiz, dayanıqlı gələcəyin təmin olunması istiqamətində birgə səylərin davam etdirilməsinə çağırıb.