Özbəkistandan söz düşəndə ilk növbədə göz önünə geniş pambıq tarlaları gəlir. Lakin bu ölkənin iqtisadiyyatında pambıqçılıqla yanaşı, sənayenin və kənd təsərrüfatının bir sıra digər sahələri də önəm daşıyır. Neft-qaz sektorunun isə xüsusi yeri var.
İndiyədək Özbəkistanın ərazisində onlarca neft və qaz yatağı aşkar olunub. Bu yataqların arasında onilliklərdir istismar edilənlər də, təzə kəşf olunanlar da var. Yataqların bəziləri ölkənin öz mütəxəssisləri tərəfindən, bəziləri xarici şirkətlərlə birgə işlənir. Respublikada eləcə də neftin və qazın emalı ilə məşğul olan müəssisələrin geniş şəbəkəsi fəaliyyət göstərir.
Odur ki, "Özbəkneftqaz" Səhmdar Cəmiyyəti genişmiqyaslı iş aparır. Onun fəaliyyətinə karbohidrogenlərin hasilatı, emalı və satışı daxildir. Cəmiyyət eləcə də təbii qazın nəqli - idxalı və ixracını həyata keçirir. Qazın saxlanması və əhaliyə çatdırılması da "Özbəkneftqaz"ın üzərinə düşür. Bu, dinamik inkişaf edərək ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verən müasir şirkətdir. "Özbəkneftqaz" respublikanın büdcəsinə ən çox vergi ödəyən şirkətlər arasında ikinci yerdədir.
Ölkədə "2017-2021-ci illərdə karbohidrogen xammalının hasilatının artırılması üzrə Proqram" uğurla yerinə yetirilib. Proqram perspektivli sahə və yataqlarda quyuların qazılması və obyektlərin tikilməsi, eləcə də onların müasir texnologiyalarla təchiz edilməsi hesabına hasilatın sabit saxlanılması və artırılması məqsədi daşıyırdı.
Özbəkistanın neft yataqları əsasən Qaraqalpaq Muxtar Respublikasının, eləcə də Əndican, Buxara, Qaşqadərya, Nəməngan, Surxandərya və Fərqanə vilayətlərinin ərazisində yerləşir. Hasilatın əsas hissəsi ölkənin cənub-qərb regionlarındakı yataqlardan əldə olunur. Digər rayonlardakı neft hasilatı obyektləri həcmcə kiçikdir və quyuların debiti də böyük deyil.
"Əndican" neft yatağı Fərqanə vadisinin şərq hissəsində yerləşir. "Əndican" 1937-ci ildə istismara daxil olub və vaxtilə Fərqanədə ən böyük neft yatağı sayılıb. Sözügedən vadinin şərq hissəsində "Boston" adlı daha bir yataq yerləşir. Yaxınlıqdakı "İzbaskənd" yatağı da Fərqanə vadisinin neftlə zəngin ərazi olduğunu təsdiqləyir.
Özbəkistan əsasən qaz yataqları ilə tanınır. "Qazlı" adından göründüyü kimi, ən zəngin mavi yanacaq mənbələrindən biridir. Burada az miqdarda neft və kondensat ehtiyatları da mövcuddur. Yatağın neftli-qazlı ərazisi 460 kvadrat kilometrə çatır.
"Qazlı" çoxdan kəşf edilsə də, keçən əsrin 60-cı illərinin əvvəllərindən istismar olunur. Yataqdan çıxarılan qaz ölkədən xaricə də ixrac edilir. Neft isə Özbəkistanın öz daxili ehtiyaclarına sərf olunur.
Özbəkistanın daha bir zəngin qaz-kondensat yatağı Buxara vilayətinin qərb hissəsində yerləşir. Bu, 1980-ci ildə kəşf edilən "Qandım" yatağıdır. Yataq Buxara-Xivə neftli-qazlı rayonuna aiddir. Bu yatağın işlənməsi "Qandım-Xayzak-Şadı" neft layihəsi çərçivəsində həyata keçirilib. Əməliyyatçı kimi Rusiyanın "LUKOYL" şirkəti çıxış edib.
2010-cu ilin mart ayında kəşf olunmuş "Təvəkkəl" ölkənin gənc yataqlarındandır. Özbəkistanın daha neçə-neçə neft-qaz yatağının adını çəkmək mümkündür.
Bu ilin əvvəlində isə Amerika Birləşmiş Ştatlarının "Epsilon Development Company" (EDC) şirkəti Özbəkistanın cənubundakı Qaşqadərya rayonunda yeni qaz-kondensat yatağı kəşf edib. Qeyd olunur ki, yatağın ehtiyatları 4 milyard kubmetr qaz və 64 min ton qaz kondensatı səviyyəsində qiymətləndirilir. Yaxın vaxtlarda quyudan 168 millimetr diametrli qaz xətti çəkiləcək, hasil edilən qaz əhalinin ehtiyaclarına yönəldiləcək.
2019-cu ilin əvvəlindən Özbəkistanda fəaliyyət göstərən EDC şirkəti çətin bərpa olunan karbohidrogen ehtiyatlarının hasilatı üzrə ixtisaslaşıb. Şirkət 2019-2023-cü illər arasında ölkəyə
5,2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Qeyd edək ki, hazırda EDC Özbəkistanın "Mübarək", "Kultak-Kamaşi", "Surxan", "Qərbi Fərqanə" və "Üstyurd" investisiya neft-qaz bloklarının işlənməsi ilə məşğuldur.
Özbəkistanın neft-qaz emalı sahəsinə gəldikdə isə Şurtan, Mübarək, Üstyurd, Buxaradakı qaz-kimya komplekslərini, qaz emalı zavodlarını misal göstərmək olar. Bunlar böyük layihə gücü olan müəssisələrdir. Təkcə Mübarək şəhərindəki qaz emalı zavodunun 3 min, Üstyurd qaz-kimya kompleksinin 1500 işçisi var.
Özbəkistanın neft-qaz sənayesinin mütəxəssisləri azərbaycanlı həmkarlarına böyük hörmətlə yanaşır, onların bu sahədəki təcrübəsini yüksək qiymətləndirirlər. "Özbəknetqaz"ın Azərbaycanda keçirilməsi artıq ənənə halını almış Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində dəfələrlə iştirak etməsi bunu bir daha təsdiqləyir. Özbəkistanın sözügedən şirkəti bu yaxınlarda öz işini tamamlamış "Bakı Enerji Həftəsi"nin, o cümlədən 27-ci Xəzər Neft-Qaz Sərgisinin də fəal iştirakçısı idi. Burada özbək mütəxəssisləri Azərbaycanın və bir sıra digər ölkələrin neft-qaz işçiləri ilə sıx təmasda oldular, işgüzar söhbətlər apararaq gələcək uğurlu əməkdaşlığın, tərəfdaşlığın konturlarını müəyyənləşdirdilər.
"Özbəkneftqaz" Səhmdar Cəmiyyətinin Biznesin perspektiv inkişafı departamentinin aparıcı mütəxəssisi Əlyor Abdulacanov onunla birlikdə Bakıya gələn nümayəndə heyətinin fikrini ifadə edərək dedi: "Bu, sərgidə ilk iştirakımız deyil. Biz bu tədbirə SOCAR-ın tərəfdaşı kimi gəlirik. Bizim azərbaycanlı həmkarlarımızla birgə işlərimiz var. Burada eyni zamanda digər mövcud və potensial tərəfdaşlarımızla görüşürük. Sərgiyə gəldikdə isə onu deyə bilərik ki, tədbir həmişə olduğu kimi, yenə də yüksək səviyyədə təşkil edilib. Biz hələ də Prezident
İlham Əliyevin sərgiyə gəlişinin xoş təsiri altındayıq. Digər sərgilərdə də olmuşuq, ancaq belə yüksək səviyyədə sərgi və təşkilatçılıq görməmişik".
Flora SADIQLI,
"Azərbaycan"