Orta Dəhliz Azərbaycanın yalnız iqtisadi deyil, eləcə də geosiyasi mövqeyinin möhkəmlənməsinə və inkişafının dayanıqlı olmasına imkan verir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Orta Dəhliz təkcə Avropa ilə Asiya arasında ticarət dəhlizi funksiyasını yerinə yetirmir, onun qlobal xarakter daşıyan mühüm siyasi mahiyyəti var.
AZƏRTAC xəbər verir ki, Orta Dəhlizin və onun aparıcı seqmentinə çevriləcək Zəngəzur dəhlizinin istər ABŞ, istərsə də Avropa tərəfindən dəstəklənməsi də təsadüfi deyil. Geosiyasi baxımdan Orta Dəhliz Rusiya və Şimal dəhlizinə alternativ olaraq meydana gəlib, Çin və Avropa arasında ticarət üçün alternativ marşrut kimi diqqəti cəlb edir. Bu, Rusiyanın regionda dominant mövqeyini zəiflətmək potensialına malikdir. O, həmçinin Çinin Moskvadan strateji asılılığını aradan qaldırır və ticarət marşrutlarını şaxələndirmək imkanı verir.
Türkiyə Orta Dəhlizin mərkəzində yerləşir və dəhlizin formalaşmasında böyük rolu var. Türkiyə Azərbaycanı Avropa ilə, ölkəmiz isə Türkiyəni Mərkəzi Asiya ilə birləşdirir ki, bu da rəsmi Ankaranın regiondakı siyasi və iqtisadi təsir imkanlarını artırır. Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu, Marmaray və İstanbul hava limanı kimi infrastruktur layihələri ilə Orta Dəhlizinin səmərəsini artıran mühüm bir dövlətə çevrilib. Dəhliz vasitəsilə Türkiyə Avropaya strateji təsir gücü əldə edir.
Mərkəzi Asiya respublikaları (Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) bu layihədə mühüm dayanacaqlardır. Orta Dəhliz bu dövlətlərə dənizə çıxış imkanı yaradıb ki, bu da onların qlobal ticarət şəbəkəsinə qoşulmasını təmin edib. Məhz Orta Dəhlizə görə Çin bu ölkələrə külli miqdarda sərmayə yatırıb, infrastruktur inşa edir. Nəticədə həmin ölkələrin iqtisadiyyatları inkişaf edir, güclənir və dünya siyasətində subyekt kimi qəbul edilir.
Orta Dəhlizin ən vacib yeri Cənubi Qafqazla Xəzər dənizi arasında keçiddir. Azərbaycan və Gürcüstan dəhlizin bu hissəsində mühüm rol oynayan ölkələrdir. Xəzər dənizi ilə nəqliyyat Asiya ilə Avropa arasında sürətli və səmərəli əlaqəni təmin edir.
Avropa İttifaqı (Aİ) Orta Dəhlizi Çin ilə ticarətdə strateji alternativ kimi görür. Bu dəhliz Aİ üçün enerji və ticarət təchizatı marşrutlarını şaxələndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Aİ bu dəhliz vasitəsilə Rusiyadan enerji və ticarət asılılığını azaltmağı düşünür. Orta Dəhliz Aİ-yə Qərb və Şərq arasında yeni əməkdaşlıq sahəsi yaradaraq Asiya ilə birbaşa iqtisadi əlaqələr qurmağa imkanı verib.
Bütün bunlarla yanaşı, Orta Dəhliz enerji nəqli baxımından da böyük əhəmiyyətli və beynəlxalq kəsb edən bir layihədir. Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan kimi enerji ilə zəngin ölkələrin karbohidrogen ehtiyatları, istehsal etdikləri alternativ enerji Orta Dəhliz vasitəsilə Avropaya nəql olunacaq. Bu Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət kəsb edir.
Göründüyü kimi, Orta Dəhliz sadəcə iki qitəni birləşdirən ticarət yolu deyil, eyni zamanda, qlobal siyasi proseslərin fonunda əhəmiyyətli layihədir. Bu dəhlizə qlobal region dövlətləri ilə yanaşı, qlobal güclər də maraq göstərir və öz geosiyasi maraqlarının təmin olunmasına can atırlar. Azərbaycan bu dəhliz üçün geniş infrastruktur yaratması və onun öz üzərindən keçməsini təmin etməsi, iqtisadi gəlirlə yanaşı, siyasi divident də qazandırır.
Orta Dəhlizə ABŞ-ın maraq göstərməsinin səbəbi son rəsmi Vaşinqton ilə Mərkəzi Asiya respublikaları arasındakı əməkdaşlıq əlaqəsinin artmasındadır. ABŞ bu regiona sərmayə yatıraraq burda nadir yer metallarının istehsalına və ixracına başlayacaq. Yüklərin daşınması da Azərbaycan üzərindən həyata keçiriləcək ki, bu da yaxın gələcəkdə ölkəmizin iqtisadi və siyasi inkişafının yeni mərhələsinin başlayacağından xəbər verir.