Azərbaycan neft geologiyası elminin inkişafında mühüm rol oynamış görkəmli alimlərdən biri olan akademik Ələşrəf Əlizadə zəngin elmi fəaliyyəti və mühüm kəşfləri ilə adını tarixə yazmış şəxsiyyətlərdəndir. Onun apardığı tədqiqatlar yalnız Azərbaycanın deyil, bütövlükdə keçmiş SSRİ məkanında neft-qaz geologiyasının inkişafına ciddi töhfələr verib. Alimin həyat yolu, elmi axtarışları və əldə etdiyi nailiyyətlər bu gün də gənc tədqiqatçılar üçün örnək hesab olunur.
Ələşrəf Əlizadə 1911-ci il aprelin 24-də Şamaxıda dünyaya gəlib. 1930-cu ildə Azərbaycan Neft İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub. 1935-ci ildə institutun Geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1934-cü ildə əmək fəaliyyətinə başladığı "Azneftkəşfiyyat" trestində 1942-ci ilədək işləyən Ələşrəf Əlizadə 1942-1946-cı illərdə partiyanın rəhbər orqanlarında çalışıb. Amma o, böyük vurğunluqla, məsuliyyətlə bağlı olduğu elm yolu ilə irəliləyib. 1944-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi alıb.
Ələşrəf Əlizadə 1938-1948-ci illərdə Azərbaycan SSR EA-nın İ.M.Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının üzvü olub. O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) təsisçilərindən biri olub. Həmin il akademiyanın həqiqi üzvü seçilib.
Ələşrəf Əlizadə 1943-cü ildə ilk dəfə Dövlət mükafatına yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə layiq görülüb. İkinci dəfə isə bu mükafatı 1946-cı ildə kiçikhəcmli elektroperforator cihazını işləyib hazırladığına görə alıb. 1946-1948-ci illərdə "Azneft" Birliyinin rəisi vəzifəsində çalışıb, 1948-ci ildə isə "Azneftkəşfiyyat" Birliyinə rəis təyin edilib. 1949-1954-cü illərdə Türkmənistan Dövlət Universitetində və Türkmənistan SSR Elmlər Akademiyasında çalışıb. 1938-1946 və 1954-1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dərs deyib. Alim 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının professoru, 1959-1970-ci illərdə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru olub. Ələşrəf Əlizadə 1977-ci ildən fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda davam etdirib. 1977-1985-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda "Regional geologiya və tektonika" şöbəsinə rəhbərlik edib.
Akademik Ələşrəf Əlizadənin adı həm də regional geologiya, geotektonika və neft-qaz geologiyası sahəsində böyük mütəxəssis, Azərbaycanın və Türkmənistanın məhsuldar qat (orta pliosen) çöküntülərində neft və qaz yataqlarının əmələ gəlməsi qanunauyğunluğunu müəyyən edənlərdən və Azərbaycanın mezozoy nefti haqqında elmin əsasını qoyanlardan, paleogenin və neogenin biostratiqrafik tədqiqatçılardan, yeni neft və qaz-kondensat yataqlarını kəşf edənlərdən biri kimi xatırlanır. O, Azərbaycanın əsas neft rayonlarında geoloji-tədqiqat işləri də həyata keçirib, bir sıra mühüm neft və qaz-kondensat yataqlarının açılmasında bilavasitə iştirak edib, Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olub. Akademik Türkmənistanda Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib və Akçaqılın faunasını tədqiq edib.
Ə.Əlizadənin rəhbərliyi ilə 60 elmlər və fəlsəfə doktoru hazırlanıb. Akademik regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid yüzlərlə elmi əsərin, o cümlədən 30 monoqrafiyanın müəllifidir. "Yer və zəlzələlər", "Azərbaycanın Açıqgölü", "Türkmənistanın Açıqgölü", "Azərbaycanın Sarmatı", "Azərbaycanın paleogen yataqları" və digər əsərləri bu gün də dəyərli mənbə hesab olunur.
Ələşrəf Əlizadə 1971-ci ildə SSRİ-nin Fəxri Neftçisi, elə həmin il Türkmənistan SSR-in Əməkdar Elm və Texnika Xadimi adlarına layiq görülüb. O, Ümumittifaq Paleontologiya Cəmiyyətinin fəxri üzvü (1976), Qubkin adına mükafatın laureatı (1973) idi. SSRİ Ali Sovetinin (2-ci çağırış, 1946) deputatı olub. "Qırmızı Əmək Bayrağı" ordeni (1966) və medallarla təltif edilib.
1985-ci il martın 22-də Bakıda vəfat edən akademikin elmi irsi Azərbaycan geologiya və neft-qaz elminin inkişafında misilsiz rol oynayıb. Həyatını elmə, tədqiqatlara və yeni kəşflərə həsr edən görkəmli alim yalnız geologiyanın nəzəri və praktik sahələrinə deyil, həm də ölkənin iqtisadi potensialına böyük töhfə verib.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"