29 Aprel 2026 09:25
151
Mədəniyyət
A- A+
"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"


Sənət adamları ilə tanışlıq və görüşlər həmişə maraqlı, yaddaqalan olur. Uzun zaman unudulmur, həmsöhbətini həmişə düşündürür. Çünki onların həyat və yaradıcılıq yolları bir-birinə bənzəmir, fərqli olur. Həm rəssam, həm də həkim olan Rəhim Həşimovla da söhbətimiz maraqlı keçdi. Bir anlıq da olsa, sənət aləminin dərinliklərinə baş vurduq. Bilmədiyimiz, eşitmədiyimiz bəzi dəyərli mətləblərdən hali olduq. 

Əvvəlcə R.Həşimovun keçdiyi ömür yolunu asta-asta üzü keçmişə doğru vərəqlədik. Öyrəndik ki, 1979-cu ildə Sumqayıtda dünyaya göz açıb. Uşaqlıq illərindən rəssamlığa marağı yaranıb. Bu sahə sirli-sehrli bir aləm kimi onu özünə çəkib. Sehrinə düşdüyü bu sənətin ardınca gedən Rəhim Həşimov 1986-cı ildə Bülbül adına 2 nömrəli incəsənət məktəbinə üz tutub. Burada vurğunu olduğu rəssamlıq sənətinin sirlərini öyrənməyə başlayıb. Amma Rəhim həm də həkim olmaq istəyirdi. Və bir müddətdən sonra ürəyində tumurcuqlayan bu arzunu da reallaşdırıb. 

2007-ci ildən fəal yaradıcılıq işlərinə başlayan Rəhim Həşımov çox keçmir ki, İntiqam Ağayev və İqbal Həsənəlizadə kimi istedadlı rəssamlarla tanış olur. Bu dostluq və  tanışlıq gənc rəssama böyük təsir göstərir, yaradıcılığında yeni səhifə açılır. Qarşılıqlı xoş münasibətlərdən yeni ideyalar, yeni fikirlər doğulur. Zaman keçdikcə yaradıcılıq duyğuları onu sənət dünyasının dərinliklərinə aparır. 2015-2016-cı illərdə "Femina" adlı fərdi sərgisi keçirilir. Bundan başqa, gənc rəssam həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən bir çox kollektiv sərgilərdə iştirak edir. Rəhim Həşımov eyni zamanda Sumqayıt şəhərindəki xəstəxanaların birində cərrah-travmatoloq işləyir. 

Rəssamlıq qabiliyyətinin özündə nə vaxt, hansı yaşda olanda hiss etdiyindən söz açan Rəhim Həşimov dedi ki, bəzən insanların istedadlı olduğu təsadüfən ortaya çıxır: "Rəssamlıq qabiliyyətimin olduğunu valideynlərim məndən əvvəl hiss etmişdilər. Bir-iki dəfə özümü sınayandan sonra gördüm ki, doğrudan da, əl qabiliyyətim yaxşıdır, çəkdiklərimdə rəssamlıq əlamətləri müşahidə olunur. Bütün bunlar rəssamlığa maraq və həvəsimi gündən-günə artırırdı. Buna görə də hələ kiçik yaşlarımdan valideynlərim məni incəsənət sahəsinə yönəltdilər. Demək olar ki, həm həkimlik peşəsinə yiyələnməkdə, həm də rəssamlıq sənətini öyrənməyimdə valideynlərim çox böyük rol oynadılar. Buna görə bütün ömrüm boyu onlara minnətdaram". 

Söhbətimiz zamanı rəssam-həkim ilk dəfə çəkdiyi rəsm nümunələrindən söz açdı. Dedi ki, illər öncə çəkdiyi əsəri tam xatırlaya bilmir: "Yadımda qalan odur ki, ilk dəfə babamın portretini çəkmişdim. Tanınmış rəssamlar bu işimi maraqla qarşılamışdılar və yüksək dəyər vermişdilər. Təbiidir ki, belə başlanğıc yaradıcılıq üçün qalanmaqda olan həvəs ocağını daha da gur alovlandırdı. 2007-ci ildə rəssam kimi fəaliyyətə başlayandan sonra çəkdiyim və Bakıdakı Muzey Mərkəzində sərgilənən "Corat bağları"nı ilk rəsmim adlandırardım. Bu əsər mənə olduqca doğmadır. Çünki bu əsərimdə uşaqlıqdan bəri xatirələrimdə yaşayan Corat bağlarını təsəvvürümdəki kimi təsvir etməyə çalışmışdım. Əsər hazır olanda baxıb gördüm ki, hər şeyi olduğu kimi təsvir etməyi bacarmışam, əziyyətim hədər getməyib". 

Rəhim bu gün eyni sevgi ilə həkim kimi də çalışır. Deyir ki, əslində, kiçik yaşlarından həm rəssam, həm də həkim olmaq istəyib: "Şükürlər olsun ki, valideynlərimin diqqət və qayğısı sayəsində arzuma qovuşmuşam. İşlərim çox olduğuna görə bir müddət rəssamlığa ara vermişdim. Sonra yavaş-yavaş işlərimi qaydasına saldım, yeni ideyalarla, təzə fikirlərlə yaradıcılıq yollarında yaşıl işıq yandırdım".

Rəssamlıq və həkimlik Rəhim Həşimov üçün sanki qoşa qanadlardır. Deyir ki, həkimliklə rəssamlıq sanki qəlbində, ürəyində bir-birini tamamlayır: "Biri olanda, digəri olmayanda özümü rahatsız hiss edirəm, darıxıram. Sanki nəsə çatmır, nəyisə salıb itirmişəm. Mənə sual verəndə ki, sənin üçün hansı əzizdir, zarafatla deyirəm ki, travmatologiya mənim hobbimdir. Əslində isə elə deyil, hər ikisi ilə ciddi məşğul oluram. Ən əsası odur ki, rəssamlığım həkimliyimə, həkimliyim də rəssamlığıma mane olmur, əksinə, bir-birini tamamlayır. Bəzən xəstəxanada iş rejimim xeyli gərgin olur. Xüsusən də əgər travmatologiya cərrahısansa, yaradıcılığa vaxt çox qalmır. Vaxtımın əksər hissəsi xəstələrə qulluqda və əməliyyat otaqlarında keçdiyindən, yaradıcılıqla məşğul olmağa yalnız gecələr vaxt ayırıram". 

Çəkdiyi rəsm əsərlərinə diqqətlə baxanda aydın görünür ki, Rəhim Həşimov daha çox qadın portretləri çəkir. Yəqin ki, bu, onun gözəllik vurğunu olduğundan irəli gəlir. Bu barədə fikrini öyrənəndə dedi ki, tamamilə doğrudur: "Kimisi gözəllik aşiqi olduğunu natürmortla, kimisi təbiətlə vurğulayır. Mən isə gözəlliyi bu şəkildə görürəm və bu formada ifadə etməyi sevirəm. Düşünürəm ki, bir-birinə bənzəməyən qadın portretləri baxanlara zövq verir".

Haqqında yazılan məqalələrdən birində oxuduq ki, Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi görkəmli rəssamların əsərlərindən ilhamlanaraq portretlər çəkir. Düşündük ki, görəsən, bu, təkrarçılığa yol açmır ki? Dedi ki, xeyr: "Görkəmli rəssamların əsərlərinə baxmaq, onlardan ilhamlanmaq sənətkar üçün elə də ziyanlı deyil. Çünki baxışlar, düşüncələr bir-birindən fərqlidir. Bu fəqlilikdə də bir qanunauyğunluq var. Bəlkə kimsə başqa cür düşünə bilər, amma mənə görə belə deyil. Bilirsinizmi, axı mən həmin əsərləri təkrar təsvir etmirəm, necə deyərlər, üzünü köçürmürəm. Mövzu qadın obrazı və ya fovizm üslubu ola bilər. Mən ancaq öz həyatıma aid olan mövzular üzərində işləyirəm. Xəyalımda canlandırdıqlarımı kətan üzərinə köçürürəm. Əsərlərimdə təsvir etdiyim obrazların əksəriyyəti yaxından tanıdığım insanlar, yaddaşımda qalan xatirələr və hadisələrdir. Buna görə də, yaratdıqlarım təkrarçılıqdan xeyli uzaqdır".

Rəssam əlində fırça rənglər dünyasına qədəm qoyanda hansı hisslər keçirdiyindən, ümumiyyətlə, yaradıcılığın necə bir hiss olduğundan da danışdı: "Mənim üçün yaradıcılıq o hissdir ki, reallıqdan bir qədər uzaqlaşırsan, öz dünyanla, yaradıcı fikirlərinlə baş-başa qalırsan, həmin hisslərdən doğulan təəssüratları rənglərin dili ilə ifadə edirsən. Mən fikir aləmimdə olan hadisələri, obrazları reallıqdan müəyyən qədər fərqli formada ifadə etməyi çox sevirəm. Bununla insanlara hər şeyi eyni cür görməməyin, həyata fərqli gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm. Həmçinin əsərlərimdə olan gözəllikləri nümayiş etdirməklə rəssamlıq dünyasında özümdən sonra pozulmayan bir iz qoymağa çalışıram".

2015-2016-cı illərdə rəssamın "Femina" adlı fərdi sərgisi keçirilib. Xeyli  ziyarətçisi olub, gələnlər əsərlərinə böyük maraqla baxıblar. Ondan sonra fərdi sərgiləri olmayıb, amma kollektiv sərgilərdə iştirak edib. Rəhim Həşimovun əsərlərindən biri hazırda Ankaradakı Mövlana Muzeyində nümayiş olunur. Dediyinə görə, rəssam yaxın zamanlarda bir neçə fərdi sərgi keçirməyi də planlaşdırır.

Hansı əsər üzərində çalışdığından söz açan Rəhim Həşimov dedi ki, hazırda Kür çayı tablosu üzərində işləyir. Bu, görkəmli bəstəkar Cahangir Cahangirovun "Ana Kür" mahnısına həsr olunmuş bir əsər olacaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsrailin hava zərbələri nəticəsində Livanda beş nəfər həlak olub  

10:15
29 Aprel

UEFA Çempionlar Liqası: “PSJ” “Bavariya”nı məğlub edib  

10:14
29 Aprel

“Daily Mail”: Tramp və Kral III Çarlzın uzaq qohum olduqları ehtimal edilir  

10:12
29 Aprel

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır  

10:08
29 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!