44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalan Əliqismət Yaqublunun adı çəkiləndə dağlar diyarı Lerikdə kiçik də, böyük də qürur hissi keçirir. Bu Vətən sevdalısı şərəfli ölümü ilə ürəklərdə özünə əzəmətli abidə ucaldıb. Odur ki, heç vaxt unudulmur, hər an ehtiramla xatırlanır.
Şəhidlik zirvəsindən gələcəyə boylanan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, şəhid baş leytenant Əliqismət Yaqublunun 34 yaşı tamam oldu. Doğum günü ilə bağlı Lerik Rayon Mədəniyyət Mərkəzində tədbir keçirildi. Rayon rəhbərliyinin, idarə və müəssisələrin əməkdaşlarının, ziyalıların, şəhid ailələrinin, eləcə də şəhər sakinlərinin iştirak etdikləri tədbirdə əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anıldı.
Çıxış edənlər şəhidin döyüş yolu haqqında danışaraq bildirdilər ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Əliqismət Yaqublu Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi ön cəbhəyə yollanıb. O, Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin çox sayda canlı qüvvəsini məhv edib. 2020-ci il noyabrın 5-də Daşaltı kəndində qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Şücaətə görə" medallarına layiq görülüb.
Şəhidin xatirəsinə həsr olunmuş tədbirdə məktəblilər Vətənimizə və şəhidlərə həsr olunan şeirlər söylədilər, musiqiçilər vətənpərvərlik haqqında mahnılar oxudular.
İştirakçılar şəhidin ailə üzvlərinə dərin hörmət və minnətdarlığını söyləməklə canından keçərək torpağı qanı bahasına Vətən edən qəhrəmanların xatirəsinin hər zaman qəlblərdə yaşayacağını vurğuladılar.
Yekunda şəhidin atası çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Zəfər ORUCOÜLU