25 Aprel 2026 09:10
202
Mədəniyyət
A- A+
Bakının memarlıq simfoniyası

Bakının memarlıq simfoniyası


Əl izlərinin naxışa çevrildiyi qədim binaların arası ilə keçmişə səyahət edib, İçərişəhərin dar küçələrindən, ecazkar Şirvanşahlar sarayından keçib əsrlərin yadigarı əfsanəvi Qız qalasının sehrindən çıxaraq günəş şüalarını əks etdirən şüşə fasadlı müasir memarlığın simfoniyası ilə üzləşirsən. Bunlar küləklər şəhəri Bakının əsrarəngiz məkanlarıdır. Klassikanın incə estetikası  ilə modernizmin sadəliyinin harmoniyasını özündə daşıyan şəhərin memarlığı Şərqin dəbdəbəsi ilə Qərbin estetik nizamını bir araya gətirir.

"Bakı qiymətli şəhərdir. Relyefi çox gözəldir və bu, hər şəhərə qismət olmur. Bakı amfiteatra bənzəyir, Xəzər dənizi isə onun səhnəsidir", - sözləri ilə söhbətə başlayan Elm və Təhsil Nazirliyinin Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı ilə tarixi bu günə daşıyan Bakı memarlığından danışdıq. 

İlk olaraq şəhərin relyefindən söz açan Rizvan Qarabağlı qeyd edir ki,  belə relyefə malik  ərazidə şəhəri pilləvari salmaq lazımdır ki, hər kəs mavi Xəzərin gözəlliyini seyr edə, bol oksigenli dəniz havasını ciyərinə çəkə bilsin. "Ləpədöyəndə, dənizə yaxın hissələrdə azmərtəbəli binalar tikmək, yuxarıya qalxdıqca isə mərtəbələrin sayını artırmaq lazımdır. Amma bəzən dənizə yaxın ərazilərdə də çoxmərtəbəli binaların tikintisinə rast gəlirik. Bakı qədim şəhərdir, onun qədimliyinin hər mərhələsini saxlamaq lazımdır", - deyir memar. 


Müasir şəhərsalma memarlığının ən gözəl nümunəsi


"Bu baxımdan, Ağ Şəhər müasir dövrümüzün ən gözəl şəhərsalma memarlığıdır", - deyən müsahibimiz bildirir ki, burada pilləvari tikinti gözlənilir - dəniz sahilinə endikcə mərtəbələrin sayı  azalır. İkincisi, bu ərazidə su kanalizasiya sistemi çox  yaxşı qurulub. Yağış  suları başqa kollektora axıdılır. Tullantı suları isə təmizləyici qurğularla ötürülərək Hövsan Aerasiya stansiyasına gedir. Eləcə də Qarabağda salınan bütün şəhər və kəndlərimiz "ağıllı"dır. Orada da kanalizasiya sistemi yaxşı qurulub, binalar relyefə uyğundur və bütün normativ qaydalara əməl olunur. 

Həmsöhbətimiz, həmçinin dənizə yaxın ərazilərdə tikinti zamanı Xəzərdəki periodik dəyişmələrin də nəzərə alınmasının vacibliyini vurğulayır: "V yüzillikdə Xəzər o qədər çəkilmişdi ki, Bakı qalasından - indiki İçərişəhərdən Səbail qəsrinə (Bayıl qalası) dəvə karvanları ilə gedib gəlirmişlər. XIII əsrə kimi dənizin səviyyəsi o qədər qalxdı ki, Qız qalası suyun içində qaldı. Həmçinin Səbail qəsri. Xəzər sakit dəniz deyil. Dənizin geri qayıtması tikinti zamanı mütləq nəzərə alınmalı amillər sırasındadır. Bu baxımdan, qeyd etdiyimiz kimi, dəniz kənarındakı tikililər azmərtəbəli olmalıdır". 

Bakı memarlığı bir neçə hissədən ibarətdir. İçərişəhər maşınsız, qala şəhərdir. Onun forştatı isə kapitalist dövrünü əhatə edir. XIX əsrin sonu XX əsrin əvvəllərində neft səltənəti zamanında eklektika, barokko, rokoko, klassik, modern, qotika - Qərb memarlıq üslublarında çöl şəhər tikilib, formalaşıb. Bu dövrə Avropa memarlığı xasdır. Növbəti mərhələdə isə sovet dövrü memarlığı üstünlük təşkil edir. "Bu dövrdə mikrorayonlar salındı. Hətta kapitalist dövrü memarlığı olan bayır şəhərdə də sovet dövrünə məxsus binalar tikildi. Bir növ burada pozuntu getdi. Müasir dövrdə memarlığımız yaxşı inkişaf edir, amma müəyyən tikinti norma qaydaları pozulur. Bu da ondan irəli gəlir ki, tikinti işləri bəzən səriştəsiz "mühəndis"lərə həvalə olunur", - deyə R.Qarabağlı bildirir.  

O qeyd edir ki, binaların tikintisi 25, 50, 100 ilə hesablanır və buna əsasən də təsnifatlara bölünür: "Bina tikilməmişdən öncə onun yer səthi öyrənilməli, qatlar müəyyən olunmalıdır. Bəzən daha aşağı qatlarda duru lay ola bilər ki, bu da çökməyə səbəb olur. Bundan başqa, yarı hissəsi qayalıq, daşlıq, digər hissəsi qumluğa düşə bilər. Belə halda binaya svay, yəni onu yerin daha möhkəm qatına ötürmək üçün dirək vurulmalıdır. Ümumiyyətlə, tikinti üçün ərazi ayrılanda onun 40 faizində bina tikilə bilər, qalan 60 faiz hissəsində isə sakinlərin asudə vaxt keçirmələri üçün yaşıllıq zonası, idman, uşaqlar üçün əyləncə sahəsi salınmalıdır. Bu qaydalar da bəzən pozulur. Binalar bir-birinə yaxın tikilir. Beləliklə, şəhərin mikroiqlimi pozulur. Bakı küləkli şəhərdir, ona görə də tikinti zamanı küləyin istiqaməti nəzərə alınmalı, iqlim öyrənilməlidir. Şəhərsalmada belə bir qanun var. Şəhər zonalara bölünür: sənaye, istirahət, idman, yaşayış zonaları. Küləyin çox əsdiyi istiqamətdə sənaye zonası salmaq olmaz, çünki orada atılan tullantılar, zavodun tüstüsü, qoxular şəhərə yayılır. 

Müsahibimiz bildirir ki, mövcud şəhərdə rekonstruksiya işlərinin aparılması boş sahədə şəhər salmaqdan daha çətindir. Çünki qonşuluqda tikilən göydələnlər tarixi binalara zərər verə bilir. Tarixi binalar ayaqda güclə dayanırlar, yaxınlıqda digər bina üçün özül qazmaq ona ciddi ziyan vura və çökmə səbəb ola bilər. 


Xalq memarlığından peşəkar memarlığa...


Rizvan Qarabağlı Azərbaycanda fəaliyyət göstərmiş memarlıq məktəblərindən də söz açdı. Həmsöhbətimiz deyir ki, Orta əsrlərdə Azərbaycanda 4 adda memarlıq məktəbləri formalaşıb: Şirvan, Aran, Marağa-Naxçıvan, Qəzvin-Həmədan. Bu regional memarlıq məktəbləri də özlüyündə yerli memarlıq məktəblərinə bölünüblər. Məsələn, Şirvanın Bakı və Abşeron memarlıq məktəbləri, Aranın Qarabağ memarlıq məktəbi, hətta Qarabağ memarlıq məktəbinin özü də 3 dövrə bölünüb. XII yüzillikdən XVI yüzilliyə qədər Əli Məcdəddin, XIX əsrə qədər Şeyx Bəhaəddin, XIX əsrin sonu XX əsrin əvvəli isə Kərbalayi Səfixan Qarabağinin memarlıq məktəbi mövcud olub. Marağa-Naxçıvan memarlıq məktəbində Əcəmi Naxçivani, Əhməd ibn Əyyub əl Hafiz xüsusi xidmətləri ilə seçiliblər. Bu məktəblər bir-birindən həm tikinti materialları, həm də memarlıq üslubları ilə fərqlənirlər. Ümumilikdə isə yaradılan nümunələrin hər biri Azərbaycan memarlıq məktəbini xarakterizə edir. 

R.Qarabağlı ötən əsrlərdə Bakıda Avropa memarlıq üslubunun geniş yayılmasının səbəblərindən danışıb. O bildirir ki, həmin dövrlərdə xalqın içindən çıxan, xalq memarlığını yaşadan memarlardan başqa professional memarlıq da var idi: "Xalq memarlığı ənənə şəklində babadan, atadan övladlarına keçirdi. Məsələn, Kərbalayi Səfixan bu sənəti atasından öyrənmişdi. XII yüzillikdə professional məktəb yox idi. Sovet dövründə peşəkar memarlığın ilk nümayəndələri isə Mikayıl Hüseynov və Sadıq Dadaşov idi. Onlar sovet dövründə Bakı şəhərinin formalaşmasında böyük rol oynadılar. Azərbaycan Milli Elmlər Akademiyasının binası, "Elmlər Akademiyası", "Nizami Gəncəvi", "Nəriman Nərimanov" stansiyalarının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və digər bir çox layihələrin müəllifləri  Mikayıl Hüseynov və Sadıq Dadaşov idilər. Mikayıl Hüseynov layihələrinin tikilmə sayına görə dünyada üçüncü yerdə qərarlaşan memardır. O vaxt azərbaycanlı memarlar az olduğuna görə əcnəbi memarlar bura ayaq açdılar. Onlar bu sahə üzrə ali təhsil alan mütəxəssislər idi. O vaxt polyaklar, ruslar, digər əcnəbi tələbələr, eyni zamanda azərbaycanlılar da Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsil alırdılar. XIX əsrin sonlarında bu institutu yaxşı biliklə bitirənlər oldu. Həmin dövrdə 15 sovet respublikası içərisində ən çox tikinti harada aparılırdısa, məzunları həmin yerə göndərirdilər. Bakı tikinti tempinə görə Nyu Yorku ötüb keçmişdi, çünki burada neft mandatları var idi, milyonerlər xaricdə gördükləri binaların layihələrini alaraq, memarlara oxşar binalar tikdirirdilər. İosif Ploşko, Adolf Eyxler, Nikolay Bayev, İosif Qoslavski - onların hamısı təyinatla Bakıya gəlmişdilər. Həmin dövrdə avropalaşmanın səbəbi də bu idi. Çünki bu memarların hamısı Avropa memarlıq üslubunu mənimsəmişdilər və öz memarlıq ənənələrini Azərbaycana gətirmişdilər", - deyir mütəxəssis. 


Klassika ilə modernizmin vəhdəti


Qədim Bakı həmahəngliyi qoruyaraq həm də dünyanın müasir şəhərlərindən birinə çevrilir. Bu gözəl şəhəri görmək üçün uzaq-uzaq ölkələrdən Azərbaycana üz tutanların sayı az deyil. Təbii ki, paytaxtımızda ziyarətçiləri cəlb edən həm də müasir memarlıq nümunələridir. 

Müasirləşən Bakının modernizm üslubunun özünəməxsus olduğunu vurğulayan R.Qarabağlı deyir ki, bu gün Bakıda elə binalar var ki, onlar Avropa şəhərlərindəkilərdən daha gözəldir. Məsələn, Alov qüllələri Bakının simvoluna çevrilib. Heç yerdə bu binalar yoxdur. "Dünya sürətlə inkişaf edir. Memarlıq da inkişaf etməlidir, amma bu, o demək deyil ki, ünvansız bina tikilməlidir. Binanın harada tikilməsindən asılı olmayaraq, onun  ünvanını və Azərbaycan memarlığının nümunəsi olduğunu göstərməlidir. Ünvansız binalar dünyanın hansı yerində tikilsə də, onun Azərbaycana məxsusluğu bilinməz. Buna görə də memarlıq nümunələrində milliliyin qorunub saxlanmasına diqqət edilməlidir. "Memarlıq xalqın simasıdır. Hər hansı ölkəyə gedəndə ora çatan kimi xalq haqqında fikir formalaşdıran onun memarlığıdır. Müasir binalar tikmək olar, amma orada milliliyi göstərən müəyyən atributlardan istifadə etmək olar. Məsələn, şüşə fasadlar içərisində bir şəbəkə də istifadə edilə bilər. Tbilisi prospektində yerləşən Qafqaz Baku City Hotel and Residences hotelinin binasında oxvari tağlar yer alıb ki, bu, Azərbaycan memarlığına nümunədir. Modern üslubda olan gözəl memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzidir. Zaha Hadidin bu əsəri müasir üslubda tikilsə də, orada oxvari tağlar yer alıb. Güman ki, Zaha Hadid bu layihədə Dənizkənarı Milli Parkda yerləşən "Mirvari" restoranından bəhrələnib. 

Memar söyləyir ki, yeni tikilən binaların çoxu həyat obrazlarını əks etdirirlər. Bəzən belə binalar inkişaf etmiş ölkələrdə çoxdan tikilmiş olur və biz ondan əxz eləyirik.  Əxz etmək memarlığa xas xüsusiyyətdir.

Müsahibimiz bu gün Bakı-Abşeron memarlığına xarakterik olan inşaat materialları, üslublar barədə sualımızı da cavablandırır. O deyir ki, Abşeron-Bakı memarlığında yerli inşaat materialı əhəng daşıdır. "Əhəng daşı təbəqəli yonulma xüsusiyyətinə malikdir. Hətta ondan büst, heykəl də yonmaq olur. Ona görə Bakıda təbəqəli yonma daş memarlığı özünü qabarıq göstərir. Bu binaları hansı ölkədə tiksən dərhal deyəcəklər ki, Bakı memarlığına məxsusdur. İsmailiyyə binası, Səadət sarayı, 28 Mayda yerləşən alman kirxası qotik üslubunda tikilmiş binalardır, amma onlar artıq Bakılaşıb, paytaxtın memarlıq siluetini özündə əks etdirir. Bakı memarlığı Gürcüstan, Qərbi Azərbaycan, İran, Orta Asiya memarlığından kəskin surətdə fərqlənir. Bakıda binaların fasadında qoyulmuş bəzək elementləri əllə yonulub, amma digər ölkələrdə binalara vurulan ornamentlər plastikdir, tökmədir. Bakıda binalardakı bəzəklər əl işi olduğundan onun üzərindən fasadı çıxarmaq təhlükəlidir. Onlar üzlük daşı deyil, yükdaşıyan divardır, hörülüb. Bu baxımdan, Bakının memarlığı olduqca qiymətlidir", - deyə o bildirir. 

Bakı dəyərli tarixə şahidlik etmiş şəhərdir. Keçmişlə bu günün qovuşduğu,  modernizmin ruhunu özündə yaşadan və gələcəyə daşıyan unikal memarlıq ünvanıdır.

Şair Əliağa Kürçaylının dediyi kimi:


Uzaq elli əziz dostum soruşdu:

Sizin Bakı söylə, necə şəhərdir?

Dedim: - Qardaş, mənim doğma şəhərim

Yazılmamış, oxunmamış əsərdir.


Çiçək desən - könül açan çiçəyi,

Külək desən - ev uçuran küləyi.

Qasırğada ağ dalğalar çiçəyi,

Sakit gündə gözü mavi Xəzərdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb

08:55
25 Aprel

Əqli mülkiyyət: zənginlik və inkişaf institutu

08:50
25 Aprel

Ustad nasir

08:45
25 Aprel

Sözün gücü ilə insanlığa xidmət göstərən ədib

08:40
25 Aprel

Etibarlı və əlverişli investisiya məkanı

08:35
25 Aprel

Ortaq gələcək naminə: Azərbaycanın sistemyaradıcı rolu

08:30
25 Aprel

Azərbaycanın yaratdığı reallıqlar erməni saxtakarlığını da fiaskoya uğradır

08:25
25 Aprel

Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar

08:20
25 Aprel

Qlobal forumlar məkanında davamlı təhsil

08:15
25 Aprel

2026-cı ilin birinci rübünün nəticələri ilə bağlı müşavirə keçirilib

08:10
25 Aprel

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

08:05
25 Aprel

İlham Əliyevin uzaqgörən strategiyası

08:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!