12 Noyabr 2026 09:10
172
Mədəniyyət
A- A+
Elmə və milli-mədəni irsə həsr olunan ömür

Elmə və milli-mədəni irsə həsr olunan ömür


Hər bir xalqın mənəvi sərvətini qoruyan, tarixi yaddaşını yaşadan, elmi və mədəni irsini gələcək nəsillərə ötürən şəxsiyyətlər var. Onlar ömürlərini yalnız seçdikləri peşəyə deyil, bütövlükdə cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına həsr edirlər. Belə insanların həyat yolu şəxsi uğurların hüdudlarını aşaraq xalqın mədəniyyət salnaməsinin ayrılmaz hissəsinə çevrilir.

Azərbaycan kitabxanaşünaslıq elminin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, professor, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun 75 illik yubileyi münasibətilə onun zəngin həyat və fəaliyyət yoluna nəzər salarkən ilk növbədə belə bir qənaətə gəlirsən: bu, kitaba, elmə, mədəniyyətə və Vətənə xidmətə həsr olunmuş mənalı ömürdür.

Kərim Tahirov 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində ali təhsil almışdır. 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasında əmək fəaliyyətinə başlamış, burada müxtəlif vəzifələrdə çalışaraq kitabxana işinin nəzəri və praktiki əsaslarını dərindən mənimsəmişdir. Sıravi kitabxanaçıdan rəhbər vəzifəyədək keçdiyi peşəkar yol onun zəngin təcrübəsinin, idarəçilik və təşkilatçılıq bacarıqlarının formalaşmasında mühüm rol oynamışdır. Lakin onun fəaliyyətini yalnız tutduğu vəzifələrlə səciyyələndirmək doğru olmazdı. Çünki Kərim Tahirovun həyat və fəaliyyətində əsas müəyyənedici cəhət vəzifədən daha çox missiyaya sədaqətdir. O, kitabxanaçılığı, sadəcə, informasiya xidmətinin təşkili deyil, xalqın intellektual potensialının inkişafına, milli yaddaşın qorunmasına və mədəni irsin yaşadılmasına xidmət edən mühüm ictimai fəaliyyət sahəsi kimi qəbul edir.

Kərim Tahirov 1983-2000-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparatında çalışaraq Kitabxana və Muzey İşləri Baş İdarəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. 2000-2005-ci illərdə o, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmiş, 2005-ci ildən bu günədək həmin mötəbər mədəniyyət müəssisəsinə rəhbərlik edir.

Professor Kərim Tahirov beynəlxalq kitabxana əməkdaşlığının inkişafında da fəal iştirak edir. O, Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının (IFLA), Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının (CENL), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının, 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvüdür. 2023-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Antropologiya elmləri üzrə Ekspert Şurasının üzvü, Türk Dünyası Milli Kitabxanaları Birliyinin yaradıcısı və 2024-cü ildən isə sədridir.

Azərbaycan Milli Kitabxanasına rəhbərlik edən professor Kərim Tahirovun fəaliyyəti bu mədəniyyət ocağının inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Milli Kitabxana xalqın tarixini, ədəbiyyatını, elmini və mədəniyyətini özündə yaşadan mənəvi xəzinədir. Burada qorunan hər bir kitab, əlyazma, dövri mətbuat nümunəsi və digər informasiya daşıyıcısı keçmişlə gələcək arasında qurulan mənəvi körpüdür. Belə bir müəssisəyə rəhbərlik etmək yüksək peşəkarlıqla yanaşı, böyük məsuliyyət, geniş dünyagörüşü və dövlətçilik düşüncəsi tələb edir.

Kərim Tahirov azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiq ictimai xadim olaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki mərhələsində kitaba, kitabxana sahəsinə diqqət və qayğısının araşdırıcılarından biri olaraq öz şəxsi müşahidələrini qələmə almışdır. "Heydər Əliyev və Milli Kitabxana" adlı monoqrafiyasında böyük şəxsiyyətin kitab və kitabxana haqqında dahiyanə fikirlərini, habelə ötən əsrin çox çətin olan 90-cı illərində dəfələrlə milli kitabxanada olmasını və bu elm məbədinə göstərdiyi yüksək münasibəti, Ulu Öndərin irsinin təbliğinə həsr olunmuş "Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin biblioqrafik göstəriciləri", "Heydər Əliyev. Biblioqrafiya" kitablarının elmi redaktoru olmuşdur.

Kərim Tahirov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ideyalarının həyata keçirilməsində yaxından iştirak edən ziyalı kimi, dövlət başçısının rəhbərliyi altında mədəniyyət sahəsində qazanılan uğurlarımızın da fəal təbliğatçılarındandır. Dünyanın 22 ölkəsinin milli kitabxanalarında "Azərbaycan ədəbiyyatı guşələri"nin təşkili və onların mütəmadi olaraq yeni ədəbiyyatla təmin olunması da cənab Prezidentimizin 44 günlük Vətən müharibəsində tarixi qələbəmizə və ərazi bütövlüyümüzün bərpa edilməsi yolunda qazandığı uğurların və azad Qarabağda həyata keçirdiyi dinc bərpa-quruculuq işlərinin geniş təbliğinə yönəlmişdir.

Kərim Tahirovun rəhbər kimi fəaliyyətinin başlıca xüsusiyyətlərindən biri ənənə ilə müasirliyin vəhdətinə nail olmaqdır. O, Milli Kitabxananın zəngin ənənələrini qorumaqla yanaşı, onun fəaliyyətinin müasir informasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirmişdir.

Elektron kitabxana xidmətlərinin inkişafı, rəqəmsal resursların yaradılması, kitabxana fondlarının elektron mühitdə təbliği, beynəlxalq əlaqələrin genişləndirilməsi və oxuculara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi bu istiqamətdə həyata keçirilən işlərin mühüm tərkib hissəsidir. Onun rəhbərliyi dövründə Milli Kitabxana yalnız zəngin kitab fondlarının mühafizə edildiyi müəssisə kimi deyil, həm də elmi-mədəni tədbirlərin, kitab təqdimatlarının, yubiley mərasimlərinin, sərgilərin, beynəlxalq görüşlərin və intellektual müzakirələrin keçirildiyi nüfuzlu ictimai məkana çevrilmişdir. Dünyanın aparıcı kitabxana və informasiya mərkəzləri ilə əməkdaşlığın inkişafı, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin xarici ölkələrdə tanıdılması istiqamətində görülən işlər də bu fəaliyyətin mühüm nəticələrindəndir.

Kərim Tahirovun rəhbərliyi ilə 2019-cu ildən həyata keçirilən "Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı" layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihənin əsas məqsədi xarici ölkələrin kitabxana və muzeylərində mühafizə olunan Azərbaycanla bağlı nəşrlərin və əlyazmaların müəyyənləşdirilməsi, sənədləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsidir.

Bu istiqamətdə dünyanın müxtəlif milli kitabxana və muzeylərində qorunan Azərbaycan klassiklərinin qiymətli əlyazmaları araşdırılmış, onların elektron surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin edilmişdir. Milli Kitabxanada Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi və digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin əlyazma nüsxələri əsasında elektron məlumat bazası yaradılmışdır. Hazırda bazada 560 əlyazmanın elektron nüsxəsi mövcuddur. Onlardan 200-nün elektron nüsxəsi nəşr edilərək Milli Kitabxananın nadir kitablar fonduna verilmişdir. Layihə çərçivəsində Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsərinin nadir əlyazma nüsxəsinin 11 dekabr 2025-ci ildə Azərbaycan Milli Kitabxanasına hədiyyə edilməsi də milli-mədəni irsimizin qorunması baxımından əlamətdar hadisə olmuşdur.

Hər bir rəhbərin fəaliyyəti yalnız qəbul etdiyi qərarlarla deyil, insanlarla münasibəti, kollektivdə yaratdığı mənəvi mühit və əməkdaşlarına aşıladığı məsuliyyət hissi ilə də ölçülür. Kərim Tahirovun şəxsiyyətini səciyyələndirən mühüm xüsusiyyətlərdən biri zəngin peşəkar təcrübəsini ümumi işin inkişafına yönəltməsidir. Bilik, intellekt və mənəvi dəyərlər üzərində qurulmuş kitabxana kimi bir müəssisədə rəhbərin özünün də daim öyrənməyə, axtarışa və yeniliyə açıq olması xüsusi əhəmiyyət daşıyır. Onun həyat və fəaliyyət yolu göstərir ki, əsl rəhbərlik yalnız idarə etmək deyil, həm də inkişaf üçün şərait yaratmaq, kollektivin potensialını üzə çıxarmaq, peşəkar təşəbbüsləri dəstəkləmək və insanları ümumi məqsəd ətrafında birləşdirmək bacarığıdır. Ziyalılıq insanın yalnız biliyi və elmi dərəcəsi ilə deyil, daşıdığı məsuliyyət, mənəvi mövqeyi, sözünə və əməyinə münasibəti ilə müəyyən olunur. Bu baxımdan, professor Kərim Tahirovun çoxillik fəaliyyəti onun həyat amalının elmə, kitaba və mədəniyyətə xidmət olduğunu nümayiş etdirir.

Professor Kərim Tahirov eyni zamanda Azərbaycan kitabxanaşünaslıq elminin inkişafına mühüm töhfələr vermiş tanınmış alimdir. Onun elmi yaradıcılığının əsas istiqamətlərindən birini Azərbaycan Milli Kitabxanasının tarixi, inkişaf mərhələləri və kitabxana işinin nəzəri-praktiki problemlərinin araşdırılması təşkil edir.

Alimin "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923-2008-ci illər)" monoqrafiyası milli kitabxana tariximizin öyrənilməsi baxımından əhəmiyyətli elmi əsərlərdən biridir.

Azərbaycanda ilk kitabxana ensiklopediyasının hazırlanmasına rəhbərlik etməsi və onun baş redaktoru olması da Kərim Tahirovun elmi təşkilatçılıq qabiliyyətinin və kitabxanaşünaslıq sahəsinə verdiyi töhfələrin bariz nümunəsidir.

150-dən artıq kitab və kitabçanın müəllifi, tərtibçisi və redaktoru, 250-dən çox elmi məqalənin müəllifi olan professorun yaradıcılığı zəngin mövzu dairəsi və praktik əhəmiyyəti ilə seçilir. Onun əsərlərində kitabxanaların cəmiyyətdəki rolu, informasiya resurslarının təşkili, milli kitabxana ənənələrinin qorunması və müasir kitabxana xidmətlərinin inkişafı kimi aktual məsələlər geniş əksini tapır. Kərim Tahirovun çoxşaxəli fəaliyyətində pedaqoji iş də xüsusi yer tutur. Bakı Dövlət Universitetindəki elmi-pedaqoji fəaliyyəti, gənc mütəxəssislərin hazırlanmasında iştirakı, kitabxanaşünaslıq sahəsində yeni elmi yanaşmaların təbliği onun müəllim-alim kimi xidmətlərinin göstəricisidir. 2013-cü ildə professor elmi adına layiq görülməsi onun elmi və pedaqoji fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Professor Kərim Tahirovun Azərbaycan mədəniyyətinin və kitabxana işinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2013-cü ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 2021-ci ildə kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Əmək" ordeninə, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına layiq görülmüşdür.

Bu təltiflər onun uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətə, milli mədəniyyətimizin qorunması və inkişafına verdiyi töhfələrə dövlət səviyyəsində göstərilən ehtiramın ifadəsidir. 75 yaş insan həyatında yalnız yubiley tarixi deyil. Bu, illərin topladığı təcrübənin, zəhmətin bəhrəsinin, qazanılmış nüfuzun və mənəvi dəyərlərin daha aydın göründüyü bir mərhələdir. Professor Kərim Tahirovun ömür yolu bir daha sübut edir ki, həqiqi ziyalı öz həyatını əməli ilə mənalandırır.

O, kitabı qorumağı xalqın yaddaşını qorumaq, elmi inkişaf etdirməyi cəmiyyətin gələcəyinə xidmət göstərmək, mədəniyyətə qayğını isə milli kimliyə sədaqət kimi qəbul edən ziyalılardandır. Bu gün Azərbaycan Milli Kitabxanasının rəhbəri kimi qarşısında duran vəzifələr nə qədər məsuliyyətlidirsə, illər ərzində qazandığı təcrübə və formalaşdırdığı peşəkar baxış da bir o qədər əhəmiyyətlidir.

Kərim Tahirovun 75 illik yubileyi münasibətilə onun həyat və fəaliyyətinə nəzər salarkən bir həqiqəti xüsusi vurğulamaq lazımdır: kitabın işığına həsr olunmuş ömür heç vaxt yalnız bir insanın şəxsi taleyi olaraq qalmır. Belə ömürlər bütöv bir nəslin yaddaşında yaşayır, elm və mədəniyyət tariximizdə özünəməxsus iz buraxır.

Hörmətli Kərim müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, tükənməz enerji və yeni yaradıcılıq uğurları ilə yanaşı, zəngin təcrübəsi və ziyalı mövqeyilə Azərbaycan Milli Kitabxanasının inkişafına, milli-mənəvi sərvətlərimizin qorunmasına və kitabxanaşünaslıq elmimizin tərəqqisinə yorulmadan  xidmət etməyi arzulayırıq.


Anar İSGƏNDƏROV,

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub

09:40
12 Noyabr

KOSMİK Akademiyanın uğuru, "AIREX 26" sərgisinin sorağı, "İstisu"yun Şanxay səfəri

09:35
12 Noyabr

Firavanlıq bolluqdan başlayır

09:30
12 Noyabr

Dövlət suverenliyimizin və davamlı inkişafımızın hüquqi qarantı

09:25
12 Noyabr

Danimarkada Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

09:20
12 Noyabr

Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 

09:15
12 Noyabr

Elmə və milli-mədəni irsə həsr olunan ömür

09:10
12 Noyabr

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

09:05
12 Noyabr

Beynəlxalq hüquqi müstəvidə yeni epoxanın ideoloji manifesti

09:00
12 Noyabr

ABŞ və Çinin süni intellekt sahəsində əlaqələri dünyaya nə vəd edir?

08:55
12 Noyabr

"COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir"

08:50
12 Noyabr

Zəfər salnaməsinin əks-sədası

08:45
12 Noyabr

Azad torpaqlarda başlayan yeni həyat

08:40
12 Noyabr

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

08:35
12 Noyabr

Abdulkadir URALOÜLU: "Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır "

08:30
12 Noyabr

Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmazlığı bir daha təsdiq olundu

08:25
12 Noyabr

Beynəlxalq iqlim gündəliyində növbəti səhifə - COP31: Türkiyə ev sahibi, Azərbaycan fəal iştirakçıdır

08:20
12 Noyabr

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

08:15
12 Noyabr

Əbədi Zəfərin Xankəndi sədası

08:10
12 Noyabr

Lider- xalq birliyi   

08:05
12 Noyabr

Azərbaycan-Türkiyə: sarsılmaz birlik, əbədi qardaşlıq, ortaq maraq

08:00
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!