Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri Azərbaycanın geosiyasi və iqtisadi strategiyasını aydın şəkildə nümayiş etdirib. Səfər boyu təqdim edilən layihələr, hərbi hissələrə Döyüş bayraqlarının təqdim edilməsi və Azərbaycan Televiziyasına verilən geniş müsahibə, əslində, vahid bir konsepsiyanın müxtəlif istiqamətlərini tamamlayıb: Naxçıvanın təhlükəsiz, müasir, iqtisadi cəhətdən güclü və Azərbaycanı Türk dünyası ilə daha sıx birləşdirən strateji mərkəzə çevrilməsi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O bildirib ki, səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcı sayıla bilər. Prezidentin Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxması və dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olması regionun inkişafında nəqliyyat və ekoloji yanaşmanın ön plana çəkildiyini göstərir.
Deputat qeyd edib ki, Naxçıvanda “Şəms-1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanışlıq da səfərin mühüm məqamlarından olub. Enerji təhlükəsizliyi iqtisadi müstəqilliyin, rəqabət qabiliyyətinin və yeni investisiya imkanlarının əsas dayaqlarından biridir. Naxçıvan Regional DOST Mərkəzinin açılışı dövlət xidmətlərinin və sosial siyasətin müasir standartlar əsasında təşkilinin daha bir nümunəsidir.
Müsahibimiz onu da bildirib ki, Prezidentin “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş PlanI” ilə tanış olması isə məsələyə daha geniş perspektivdən baxıldığını nümayiş etdirir.
Mədəni irslə bağlı addımlar səfərin ayrıca mənəvi xəttini təşkil edib. Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq və Əcəmi Naxçıvaninin abidəsinin açılışı Naxçıvanın yalnız iqtisadi və strateji əhəmiyyətini deyil, Azərbaycan dövlətçilik və mədəniyyət tarixindəki misilsiz yerini önə çıxardı.
“Səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması Naxçıvanın Azərbaycanın təhlükəsizlik sistemindəki xüsusi rolunu bir daha təsdiqlədi. Bugünkü Naxçıvan güclü ordunun, müasir hərbi imkanların və yüksək döyüş hazırlığının təminat verdiyi strateji qaladır”, - deyə deputat qeyd edib.
Deputat qeyd edib ki, bütün bu hadisələrin fonunda Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi səfərin siyasi-strateji mahiyyətini daha aydın şəkildə ortaya qoyub: “Dövlətimizin başçısının müsahibədə Naxçıvanın gələcəyi, enerji, nəqliyyat, regional bağlantılar, Zəngəzur dəhlizi, Ermənistanla münasibətlər və Azərbaycanın qarşısında açılan yeni imkanlarla bağlı fikirləri göstərdi ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, yeni regional geosiyasi və iqtisadi düzənin mühüm qovşaqlarından biri kimi nəzərdən keçirilir. Prezidentin mövqeyinə görə, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantı yaradacaq və bu bağlantı daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinin mühüm hissəsinə çevriləcək.
Prezidentin müsahibəsində Ermənistanla bağlı səsləndirdiyi fikirlər də yeni regional reallığın mahiyyətini göstərir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra regionda yeni münasibətlər sisteminin qurulmasına çalışır”.
Deputat vurğulayıb ki, bu səfər Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində olduğu kimi, gələcək strategiyasında da xüsusi yer tutduğunu bir daha göstərib: “Əgər ötən əsrin ən ağır illərində bu qədim torpaq Heydər Əliyevin siyasi iradəsi və naxçıvanlıların qəhrəmanlığı ilə qorunmuşdusa, bu gün həmin torpağın qarşısında tamamilə yeni tarixi missiya dayanır. Naxçıvan artıq yalnız qorunan sərhəd məkanı deyil, Azərbaycanı Türk dünyasına, Türkiyəni Mərkəzi Asiyaya, Şərqi Qərbə bağlayan böyük geosiyasi körpünün mühüm dayaqlarından biridir.
Bu mənada Prezident İlham Əliyevin səfərindən dünyaya verilən mesaj son dərəcə aydındır: Azərbaycan öz gələcəyini özü müəyyənləşdirir, öz yollarını özü qurur və regional reallıqların formalaşmasında passiv müşahidəçi deyil, əsas təşəbbüskar dövlətlərdən biridir. Naxçıvanda qoyulan hər bir təməl, açılan hər bir obyekt və verilən hər bir Döyüş bayrağı əslində Azərbaycanın yeni əsrdə qarşısına qoyduğu böyük məqsədlərin ayrı-ayrı ifadələridir. Bu məqsəd isə yalnız inkişaf edən Naxçıvan deyil, güclənən Azərbaycan və dəyişən Cənubi Qafqazın sabahıdır”.