Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri və səfər çərçivəsində müsahibəsində söylədiyi fikirlər, səsləndirdiyi bəyanatlar Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “interpressnews.ge”, “1tv.ge”, “bpn.ge” informasiya portalları və televiziyaları dövlətimizin başçısının İkinci Qarabağ müharibəsində Ermənistanın təslim olması, Azərbaycanın enerji siyasəti, eləcə də Ermənistan AES-in region üçün yaratdığı təhlükələr barədə fikirlərindən materiallar dərc ediblər.
Azərbaycan Prezidentinin nitqindən gətirilən sitatda deyilir: “İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar Üçtərəfli Bəyanat imzalanmışdır - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş naziri. Əslində, bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu. O vaxt hələ işğal altında olan, - müharibə yolu ilə hələ biz o bölgələri azad etməmişdik, – Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Təbii ki, Ermənistan bunu könüllü etməmişdir, biz onu məcbur etdik. Kimisə müharibə şəraitində məcbur edirsənsə, deməli, həmin o tərəf kapitulyasiyaya uğrayır. Yəni bu termində hər hansı bir alçaldıcı, yaxud da ki, təhqiramiz bir məna axtarmaq lazım deyil. Bu, sadəcə olaraq, reallıqdır”.
Digər materiallarda Prezident İlham Əliyevə istinadla deyilir ki, Azərbaycan Avropa bazarına elektrik enerjisi tədarük etmək istəyir və bunun yeganə yolu Gürcüstandan və Türkiyədən keçir: “Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur. Qonşu ölkələrə ixrac imkanlarımızı genişləndirərək biz, eyni zamanda, Avropa bazarına da çıxacağıq. Çünki biz indi Avropaya neftimizlə, qazımızla çıxmışıq. Ancaq biz elektrik enerjisi ilə də çıxmaq istəyirik. Bu gün yeganə marşrut Gürcüstan, Türkiyə, ondan sonra Avropa marşrutudur. Bunu biz genişləndirməliyik. O cümlədən Qara dəniz enerji kabelinin layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırdır. Amma ikinci xətt olsa, bu ancaq bizim gücümüzü artıracaq. Özü də yəqin ki, siz də xatırlayırsınız, hələ 2024-cü ilin noyabrında COP29 zamanı Qazaxıstan, Özbəkistan prezidentləri və mən Xəzərin dibi ilə elektrik kabelinin çəkilişini razılaşdırdıq, saziş imzaladıq. Yəni ona da biz hazır olmalıyıq”.
Digər materialda isə Ermənistan AES-in yaratdığı təhlükə barədə, eləcə də Ermənistanın enerji təminatı ilə bağlı fikirlər yer alıb.