№ 304
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilsin.
2. Müəyyən edilsin ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 460, № 5 (II kitab), maddə 628, № 7, maddə 927; 2025, № 9, maddə 866) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə” bölməsinin 19-cu hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 460) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinin 19-cu hissəsi ləğv edilsin.
5. “Naxçıvan Müəllimlər İnstitutunun yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 7 sentyabr tarixli 416 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1079) 2-ci hissəsi ləğv edilsin.
6. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” “ sentyabr ” 2026-cı il