№ 299
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 31 mart tarixli 634 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 929; 2025, № 5, maddə 507, № 9, maddələr 858, 870, № 11, maddə 1093; 2026, № 6, maddə 592; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 10 iyul tarixli 212 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4.1.21-1-ci yarımbənd əlavə edilsin:
“4.1.21-1. Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:
4.1.21-1.1. minatəmizləyənin minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmasını və ya bu zaman aldığı xəsarətdən həyatını itirməsini təsdiq edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilən arayış;
4.1.21-1.2. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin ölüm haqqında şəhadətnaməsinin surəti;
4.1.21-1.3. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə özünün doğum haqqında şəhadətnaməsinin, baba və nənələrinə münasibətdə özünün və birinci növbədən digər qohumlarının doğum haqqında və ölüm haqqında şəhadətnamələrinin, habelə vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;
4.1.21-1.4. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin dul arvadı (əri) ilə nikahı haqqında şəhadətnamə;
4.1.21-1.5. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
4.1.21-1.6. minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı;”.
2. 7.4-cü bəndə “adı verilmiş şəxsin,” sözlərindən sonra “minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin,” sözləri əlavə edilsin.
3. 8.1.2.3-cü və 8.2.2.2-ci yarımbəndlərə “adı verilmiş şəxsin” sözlərindən sonra “, habelə minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin” sözləri əlavə edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 16 ” “ sentyabr ” 2026-cı il