Ulu Öndər
Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatında bu vacib məsələ öz əksini
geniş tapmışdır
Hər bir xalqın
milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, kimliyini,
özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna
rol oynamış fenomen şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlıdır. Belə missiyanı daşıyanlar
daim ali məqsədlər uğrunda mübarizənin önündə dayanıblar.
Ulu Öndər
Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edərkən xalqın
zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu
şərtləndirən amilləri qorumağı ən vacib məsələ kimi dövlət siyasətinə çevirmişdi.
Həmin dövrdə respublikaya rəhbərliyin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi,
qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Ümummilli Lider azərbaycançılıq
məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına imkan verməməklə
yanaşı, milli məfkurə və düşüncə sahibi olan
ziyalıları da qorumuşdu. Bu isə olduqca vacib məsələ idi.
Azərbaycanın
dövlət müstəqilliyinin ilk illərində, kifayət qədər gərgin və taleyüklü bir məqamda
xalqa rəhbərlik missiyasını öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin yürütdüyü
siyasət bu dəfə də xalqın tarixi ənənələrinin, milli-mənəvi dəyərlərinin, özünəməxsusluğunun
qorunub saxlanılmasına, qloballaşmanın mənfi təsirlərinin aradan qaldırılmasına
xidmət kimi yaddaşlara yazıldı.
Bütün varlığı
ilə ali mənəvi dəyərlərə bağlı olan Ulu Öndər yeni ictimai-iqtisadi formasiyada
mənəviyyat məsələlərinin xüsusi diqqət mərkəzində saxlanılmasının vacibliyini düzgün
qiymətləndirərək, bu istiqamətdə sistemli və ardıcıl siyasət yürütdü, milli dəyərlərin,
əxlaq normalarının ictimai şüurda möhkəmlənməsinə, eyni zamanda, mədəni sərvətin
qorunub yaşadılmasına çalışdı. Qərbin kosmopolit ideyalarının sürətlə yayıldığı
bir dövrdə milli məfkurənin mühafizəsi, habelə azərbaycançılığın mühüm komponenti
olan ana dilinin inkişaf etdirilməsi, dini dəyərlərin, adət-ənənələrin gənc nəslə
aşılanması istiqamətində həmin illərdə kompleks
tədbirlər həyata keçirildi.
Xalqımızın
milli düşüncə və şüurunda tarixi ənənələrə söykənmiş əxlaq kateqoriyasının dərin
kök salması bütün dövrlərdə özünü göstərib. Ulu Öndər bunu yaxşı bildiyi üçün bu
amilə xüsusi diqqət yetirilməsini nəinki vacib sayır, hətta, yeri gəldikcə hamıdan
ciddi tələb edirdi.
Ümummilli
Lider sadəlik, düzgünlük, vicdanlılıq, ləyaqətlilik, məğrurluq, mərdlik, cəsarətlilik
kimi normaları daim uca tutaraq, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu
keyfiyyətlərə malik olmasına ciddi yanaşırdı.
Məhz buna görə də idarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, ədalətə
bağlı olması da onun zəngin mənəviyyatından irəli gəlirdi. Heydər Əliyev gücün siyasətinə
qarşı qanunun gücünü qoyaraq hesab edirdi ki, "haqlı həmişə güclüdür”.
Milli-mənəvi
dəyərlərə bağlı olan Ümummilli Liderin ciddiliyinin humanistliyini üstələməməsi onun dahiliyini və
müdrikliyini təsdiqləyirdi. Keçmişlərdə səhvlərə yol vermiş bəzilərini bağışlaması
da buradan irəli gələn keyfiyyətlərindən idi: "Mən dəfələrlə demişəm, heç kəsə damğa
vurmaq olmaz. Heç kimi keçmiş səhvlərinə görə cəmiyyətdən təcrid etmək olmaz. Əgər
bir adam dünən səhv etmişdirsə, yolunu azmışdırsa və bu gün düz yolla gedirsə, xalqla
birlikdədirsə, qanuna riayət edirsə, buna söz yoxdur”.
Müxtəlif dövlət
tədbirlərində gəncləri mənəviyyat, əxlaq, təlim-tərbiyə məsələlərinə xüsusi həssaslıqla
yanaşmağa çağıran Ulu Öndər bunu daim diqqətdə saxlayırdı. Ötən əsrin 90-cı illərinin
sonuna doğru Azərbaycan gəncliyi müxtəlif yad təsirlərə, yabançı neqativ dəyərlərin,
ictimai şüurda həzm olunmayan "ənənələrin” hücumuna məruz qalırdı. Həmin dövrdə
xalqın qəlibləşmiş milli-mənəvi, əxlaqi dəyərlərini sıradan çıxarmağa yönələn "universal”
və ya "kosmopolit” dəyərlərin gənclər arasında təbliği geniş vüsət almışdı ki, bu da Ümummilli Lider
Heydər Əliyevi ciddi narahat edən məsələlər
idi.
Bəşəri və
milli ideallar, zəngin mənəvi dəyərlər ifrat praqmatikləşmiş kapital münasibətləri
fonunda müəyyən aşınmaya məruz qalır. Belə bir şəraitdə gənclərdə milli mənlik şüurunu
qoruyub saxlamaq, özünüdərki gücləndirmək son dərəcə aktual problem kimi önə çıxır.
Yeni yüzilliyin əvvəlində Azərbaycanın da belə bir vəziyyətlə üzləşmək təhlükəsində
olduğunu görən Ulu Öndər xüsusilə də gəncləri milli-mənəvi dəyərlərə, adət-ənənələrə
hörmətlə yanaşmağa, onları mənəvi ucalığa dəvət edirdi: "Ümumbəşəri dəyərlər, Azərbaycan
xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Nə qədər
var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün
mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə
qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək
mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş
illərdən daha çox lazımdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi
dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir,
keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı
bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi
yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
2001-ci il
avqustun 13-də belə bir tarixi bəyanatın verilməsi o dövrün sosial-ictimai reallıqlarından
irəli gəlirdi. Məsələ burasındadır ki, 90-cı illərdə yeni münasibətlər sisteminə
keçid insanların təkcə yaşayış tərzinə deyil, ümumiyyətlə, dünyagörüşünə də təsir
edir, xüsusən də gənc nəslin milli ruhda yetişməsinə mane olurdu. 1998-ci il avqustun
6-da mətbuat üzərində senzuranın birdəfəlik aradan qaldırılması, cəmiyyətdə tam
demokratik, azad mühitin formalaşması şəraitində kütləvi informasiya vasitələrinin
fəaliyyətində xaotik vəziyyətin yaranması
yaddan çıxa bilməz. Bundan sui-istifadə edən
bəzi mətbu orqanlar mənəvi dəyərlərdən uzaq olan, açıq-saçıq materiallara - yazılara,
fotolara yer verir, bilərəkdən, ya bilməyərəkdən cəmiyyətdə mənəvi dəyərlərin aşınması prosesində fəal iştirak edirdilər.
Cəmiyyətin
yüksək milli ideallar uğrunda səfərbər edilməsində, xalqın özünəməxsusluğunu şərtləndirən
dəyərlərin gənc nəslə aşılanmasında, yüksək bədii-estetik zövqün, musiqi duyumunun
formalaşmasında, insanların maariflənməsində, obyektiv informasiya təminatında həlledici
rol oynamalı olan televiziyaların əksəriyyətində də tamamilə fərqli mənzərə baş alıb gedirdi. Kommersiya maraqlarına hesablanan
bayağı və primitiv verilişlərin, filmlərin sayının getdikcə artması cəmiyyətin mütərəqqi
inkişaf harmoniyasına zərbə vurur, əxlaqi dəyərlərin deqradasiyası prosesini sürətləndirir,
gənc nəsildə meşşan həyat tərzinə marağı artırırdı. Müharibə şəraitində yaşayan,
torpaqlarının 20 faizi işğal altında olan, təxminən 1 milyon vətəndaşı qaçqın və
məcburi köçkün kimi yaşayan Azərbaycanda hərbi-vətənpərvərlik verilişlərinin azlığı
kifayət qədər narahatlıq doğuran məqamlardan idi.
2001-ci il
13 avqust tarixli bəyanatında Ulu Öndər Heydər Əliyev çox həssas və vacib məqamlara
toxunur, ölkə vətəndaşlarını ziyanlı meyillərə qarşı mübarizə aparmağa, milli-mənəvi,
əxlaqi dəyərləri mühafizə etməyə çağırırdı: "Ölkəmizin dərdi var, bu, ümumi dərddir.
O da Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və xüsusən bu torpaqlardan
didərgin düşmüş, çadırlarda yaşayan insanların öz yerlərinə-yurdlarına qaytarılması
dərdidir. Hələ ki, bunun mümkün olmadığı halda onların o çadırlarda minimum yaşayışını
təmin etmək - bunlar bizim ümumi dərdimizdir. Amma bir qütbdə həddindən artıq zənginləşmiş,
bəzi hallarda qanunsuz zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş,
harınlaşmış insanlar və onların övladları eyş-işrət içərisindədir, o biri tərəfdən,
çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər əziyyətlər çəkirlər. Hər bir
vətənpərvər insan düşünməlidir ki, əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə,
mən bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zənginləşmiş adamlar var”.
Əlbəttə, cəmiyyətin
tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğan müqavimət hissinin
qabarıq şəkildə üzə çıxması da Ümummilli Lider amili ilə şərtlənir. Hər bir məsələdə
Ulu Öndərin ideyalarına söykənən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin,
milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması
ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət
başçısının milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun
siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir.
Dövlət başçısı
daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri
də məhz azərbaycançılıqdır. Ümummilli Lider Heydər Əliyevin müdrikliklə irəli sürdüyü
azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində,
ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici
məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının
milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər
bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri
ilə qürur duymalıdır.
Sağlam mənəviyyatlı,
yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla
həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Onun sağlamlığı, əsasən, bir göstəricidə
- iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Bu gün dünya Azərbaycanda baş verən görünməmiş
iqtisadi tərəqqinin şahididir.
Azərbaycan
Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən
onlarca fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun böyüməkdə olan
gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə
qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin
mühüm məqamlarıdır. Bütün bunlar, eyni zamanda, mənəvi yüksəlişə, intibaha xidmət
edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan verib.
Onu da unutmayaq
ki, ölkədə klassik irs və milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr mühüm əhəmiyyət daşıyır. Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ICESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri
birləşdirən ümumi ortaq xətt də məhz milli genofondun, milli-mənəvi irsin qorunması
məqsədi daşıyır.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”