13 Fevral 2024 10:00
869
İQTİSADİYYAT
A- A+
"Muğan Muğan olsa..." 

"Muğan Muğan olsa..." 

 

Fermer Əliməmməd kişi: "Belə getsə, bu qış Muğan biri üç edəcək"

 

Neftçala şəhərindən çıxıb üzü cənuba doğru gedirik. Bu yerləri tanımadığımı güman edən yol yoldaşım keçib getdiyimiz kəndlərin adlarını sadalayır. "Həsənabad kəndində bir neçə il bundan əvvəl olmuşam. Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ata-anası ilə görüşüb haqqında yazı hazırlamışam", - deyirəm. 
Bir neçə binadan ibarət olan yerə çatanda həmsöhbətim deyir ki, qabaqlar bura "26-lar" qəsəbəsi adlanırdı, sovet hökuməti süqut edəndən sonra dağılıb getdi: "Yod Zavodu, neft müəssisələri, rusların yaşadığı çoxlu evlər var idi gördüyünüz bu yerdə. Yaşayış evlərinin yaxınlığında olduğu üçün Yod Zavodunu 10-15 il əvvəl Fövqəladə Hallar Nazirliyi söküb dağıtdı, zavodu kənar yerə - Xəzərin sahilinə köçürdülər. İllər keçdikcə ruslar da buradan köçüb getdilər. "26-lar" adı da onların ardınca cəhənnəmə vasil oldu". 
Buruqların arası ilə bir neçə kilometr getdikdən sonra qarşıda göz işlədikcə uzanan geniş bir düzənlik görünür. Bir neçə gün öncə yağan qar tam əriməmişdi, adda-budda yerlərdə hələ də qalırdı. Sükan arxasında oturub diqqətlə sulu-palçıqlı yola baxan Əliməmməd Yəhyayevdən qarın yağmasının onlar üçün bir çətinlik, problem yaradıb-yaratmadığını soruşuram: "Nə çətinlik, əksinə, hər bir kənd təsərrüfatı işçisi, istər heyvandar olsun, istərsə əkinçi, sevinir. Bu qar Allahın göndərdiyi bərəkətdir. Çoxdan idi yanvar ayında Muğana qar yağmırdı. Bu il, maşallah olsun, iki dəfə yağıb. Özü də yaxşı yağıb ha! Bu qar özünü yazda göstərəcək. Doyunca su içən dəmyə torpaq taxılın, otun inkişafına səbəb olacaq. Torpaqdan hələlik seçilməyən otlar Novruz bayramından bir neçə gün sonra hər gün, deyərdim, hər saat baş qaldırır. O zaman gördüyünüz bu düzlər yaşıl xalıya bənzəyir. Qoyunlar yeyib ətə-cana gəlir, quzular analarından doyunca süd əmib atılıb-düşürlər", - deyir.
- Bəs indi bu qarlı-şaxtalı günlərdə qoyunlar nə yeyirlər" - deyə soruşuram. 
Müsahibim fikirləşmədən: 
- Yaxşı heyvandar, təsərrüfatçı qışın çətin günlərini qabaqcadan görməli, yay aylarında yoncasını, bəlimini, arpasını tədarük etməli, tövləsində, pəyəsində, çobanın, habelə özünün qaldığı evində səliqə-sahman yaratmalıdır. Bunu mən çoxillik təcrübəmə görə deyirəm. Yayda dədə-baba yurdumuz Lerikə gedirik. Heyvanları yaylağa aparırıq. Amma vaxtaşırı olaraq buraya da baş çəkirik ki, yataqdakı ev-eşiyə, təsərrüfata ziyan toxunmasın. Əslinə qalsa, ömrümüzün çoxu burada keçir. Lerikdən olan bəzi adamlar elə yayı da burada qalırlar. Neftçala camaatı ilə qaynayıb-qarışmışıq. Qohum olanlarımız da çoxdur. Mən özüm oğlumun birinə Xıllı qəsəbəsindən olan dostumun qızını almışam. 
Maşın geniş düzlə irəliləyir. Uzaqdan fermerlərin evləri görünür. Ölməz şairimiz Səməd Vurğunun "Muğan" poemasından sürücüsünə xitabən söylədiyi şeir yadıma düşür: 

Maşını sür görək, Anatoli, sür. 
Bu yaxın komada dincələk bir az. 
Qoyun sürüləri nə çox görünür! 
Bir dələmə tapıb içsək, pis olmaz. 
 
Çıxır qarşımıza qoca bir çoban, 
Çiyni yapıncılı, boyu çinartək. 
Azacıq çal düşmüş qaşlar altından 
Qırğı baxışları gülümsəyərək. 

... -Kimsən, haralısan? Danış, ay çoban. 
-Dağıstan əhliyəm, ləzgiyəm, qardaş! 
Qışda yerimizdir qədimdən Muğan, 
Biz ona həmdəmik, o bizə sirdaş. 

- Yaxşı, nə verəcək sənə bu qışlaq? 
Yoxsa, bir qoyunun iki olacaq? 
Çoban gülümsəyir bilmirəm nədən, 
Verir cavabını fikirləşmədən: 

- Muğan Muğan olsa, biri üç eylər, 
Muğan tufan olsa, üçü heç eylər. 

Yaxınlaşdıqca sıralanmış evlər diqqətimi cəlb edir. Onların bir çoxunun bağ-bağçası da var. Bir neçə il əvvəl qoyun yataqlarına gələn yola çınqıl da döşənib. Sıralanan elektrik dirəkləri burada işıq olduğundan xəbər verir. Bunları görüb Əliməmməd kişiyə deyirəm:
- Buralarda əməlli-başlı kənd salınıb ki...
- Keçən əsrin 30-cu illərindən bu yerlər Lerik rayonuna qışlaq otlaq sahəsi kimi təhkim edilib. Lerikdəki qoyunçuluq təsərrüfatlarının böyük bir hissəsi qışı burada, qalanı Biləsuvar rayonunun ərazisində keçirir. Sovetlər zamanında indi gördüyünüz bu yerlərdə Lerikin 18 min hektar qış otlaq sahəsi olub. Bunun 1000 hektarı Veri kəndindəki sovxoza məxsus idi. Veri ərazi nümayəndəliyi Lerikin bir neçə kəndini özündə birləşdirir. Onlardan biri də bizim Akinəheyran kəndidir. "Kinə" talış dilində "qız", "xanım" mənasını verir. Atam rəhmətlik Hüseyn kişi  uzun müddət bu sovxozda çoban işləyib. Payızda köç-külfət buraya gəlməyimiz, yazda qoyun qırxıldıqdan sonra Veriyə qayıtmağımız uşaqlıq illərimin ən şirin xatirələridir. Doğum şəhadətnaməmdə anadan olduğum yer Lerikin Akinəheyran kəndi yazılsa da, əslində, 1960-cı ildə burada dünyaya göz açmışam. Qoyun-quzu sürüsünü otarmağım, digər işlərdə atama yaxından kömək etməyim mənim ilk əmək kitabçamdır. O günləri, çətinliyi görməsəydim, bəlkə də, həyatda öz yerimi tapa bilməzdim. 
Ə.Yəhyayev əvvəlcə "Niva"sını qoyun sürüsünün yanına sürür. Maşından düşürük. Çoban yanımıza gəlir. Hər biri pələngi xatırladan köpəklər dörd tərəfdən bizi əhatəyə alır. Ə.Yəhyayev mənə baxaraq, "Qorxma, məni tanıyırlar", - deyir. Çobanla tanış oluruq. Öyrənirik ki, Yusif Həsənov da Lerikdəndir. Uzun illərdir fermer Əliməmməd kişinin təsərrüfatında işləyir. Hal-əhval tutub işlərinin necə getdiyi ilə maraqlanırıq.  
- Hər şey qaydasındadır. Yanvar ayında yağan qar işlərimizin daha da yaxşı olacağından xəbər verir. Düzdür, indi acı aylardır. Qoyunu hərlədirik ki, gəzsin, qarın-yağışın isladaraq yumşaltdığı səksöyüldən, yovşan otundan yesin. Axşamçağı yatağa qayıdanda yoncasını, arpasını veririk. Sağ olsun Əliməmməd dayı, kifayət qədər qış tədarükü görüb. Nə qədər yağıb qarlasa da, qorxumuz yoxdur. Çətini Novruz bayramına kimidir. Yazda buralar yamyaşıl olur.
- Bəs özünüzün şəraitiniz necədir? 
- Lap yaxşı. Ayrıca çoban evi var, orada qalıram. Suyu, işığı, odun sobası var. Çobana bundan artıq nə lazımdır. 
Çobanla sağollaşıb yenidən maşına otururuq. Digər sürünün yanına gedirik. Ə.Yəhyayev ora çatanda maşının sürətini azaldıb dövrə vuraraq dayanır. Bildirir ki, bunlar təzə doğan qoyunlardır, çox uzağa aparmırıq ki, yorulmasınlar. Sonra gülümsəyərək əlavə edir: "Balaları axı axşamçağı onlardan süd istəyəcəklər". 
Əliməmməd kişi ilə birlikdə qoyun yatağına gedirik. Çox çəkmir, sürülərdən təxminən 700-800 metr kənarda görünən qoyun damlarının, xeyli aralıda tikilmiş yaşayış evinin yanına çatırıq. Evə qalxmazdan əvvəl o bizi həyətdə öz təsərrüfatı ilə tanış edir, yonca, bəlim tayalarını göstərir. Quzuların saxlanıldığı küzə (qamışdan olan alçaq dam) baxırıq. Bildirir ki, həyətdə toyuğu, ördəyi var, ətə, südə, yağa, yumurtaya pul vermirlər. Sonra da həyətdəki iri dəmir çəni göstərərək deyir: "Bu çən də bizim su mənbəyimizdir. 6 ton su tutur. İçməli suyun bir maşınını 35 manata gətizdiririk. Çəndən kiçik elektrik nasosu ilə bu su evə ötürülür. Mətbəxdə, hamamda ondan istifadə edirik. Qoyunları, mal-qaranı isə Kür çayından çəkilən kanalla gələn su ilə suvarırıq. Rayonun Suvarma Sistemləri İdarəsinin işçiləri də sağ olsunlar, bizi həmişə nəzərə alırlar. Buna görə idarənin rəisi Elçin Əsədovun adını xüsusilə qeyd etmək istəyirəm". Qəfil mövzunun səmtini dəyişir: "Hə, bəsdir, həyətdə danışdıq. İndi isə gəl mənim ev şəraitimlə tanış ol, bir stəkan çayımı iç". 
Döşəməsi yerdən təxminən 5-6 mişar daşı hündürlükdə olan evin eyvanına qalxırıq. Odun sobası buranı əməlli-başlı isidib. Oradan yerinə xalça döşənmiş iri bir otağa keçirik. Böyük masanın ətrafında söhbətimiz davam edir. Əliməmməd kişi keçdiyi həyat yolundan, işindən, ailəsindən, övladlarından danışır:
- Vallah, əslinə qalsa, deməyə bir o qədər də sözüm qalmayıb. Yol boyu çoxunu söylədim. Onu əlavə edə bilərəm ki, Lerikdə orta məktəbi bitirib Lənkəran Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşam. Oranı qurtarandan sonra bir müddət Veri sovxozunda ferma müdiri oldum. Sonra sovet hakimiyyəti devrildi. Atam sovxozda çoban, mən də ferma müdiri olduğumuz üçün payımıza müəyyən qədər heyvan düşdü. Sovxozdan torpaq payımızı da aldıq. 230 hektar qış otlaq sahəsində 630 baş doğar qoyun, 170 baş quzum var. 50 baş inək saxlayıram. Süni mayalanma yolu ilə 10 baş buzov almışam. Hər buzova görə 100 manat subsidiya veriblər. Mal-qaranı qış dövründən salamat çıxarmaq üçün 1500 bağlama yonca, 2 min bağlama bəlim kipi, 15 ton arpa, 2 ton kəpək, 15 ton şəkər çuğunduru tədarük etmişəm. Bunlardan əlavə, 9 arı ailəsi varımdır. "Niva" minik, KamAZ yük maşınımız işimizə yarayır. Çörəyə gəldikdə isə Lerikdəki pay torpağımızda buğda əkib ruzimizi götürürük. Üç oğlum, iki qızım var. Qızlarımı köçürmüşəm, oğlanlarımı evləndirmişəm. Hər birinin öz ailəsi, evi-eşiyi var. 11 nəvə babasıyam. Böyük nəvəm 8-ci sinifdə oxuyur. Oğlanlarımdan Nəbi Bakıda, Natiq dədə-baba yurdunda - Lerikin Akinəheyran kəndində yaşayır. Böyük oğlum Nail isə mənimlə birlikdə olur. Yaratdığımız MMC onun adınadır. Təsərrüfatın icraçı rəhbəri mən özüməm. Övladlarımdan narazı deyiləm. İşləyib ailələrini dolandırırlar. Bir ata kimi mənim də nəzərim həmişə onların üstündədir. Çatışmayan işləri olsa, köməyimi əsirgəmirəm. Türklər demiş, qarım Rəfiqə xanım da çox zəhmətkeşdir. O da gözünü açıb qoyun-quzu görüb. Atası Hacıməmməd kişi ömrü boyu heyvandarlıqla məşğul olub. 82 yaşının olmasına baxmayaraq, qayınatam, maşallah, qıvraqdır. Bizdən bir az aralı - Xəzər dənizinə yaxın yerləşir onun yatağı. 
Söhbətin bu yerində Nail çay gətirir. Əliməmməd kişi oğluna deyir: "A bala, yeməyə gör nə var? Anana səhər dedim axı, bəlkə, qonağımız oldu". Nail cəld addımlarla gedib bir azdan əlində gətirdiyi çörəyi, pendiri süfrəyə qoyub yenidən qayıdır. Bu dəfə iri buludda ət soyutması, qatıq gətirir. Əliməmməd kişi: "Hə, günorta yeməyinin vaxtından xeyli keçib, mədəni boş qoymaq olmaz. Xüsusən də qışın soyuqlu günlərində. Necə deyərlər, kasıbın olanından. Keçi ətidir, ziyanı-filanı yoxdur". 
Elə bu vaxt işıqlar da yanır. Əliməmməd kişi oğluna televizoru açmağı xahiş edir. Mən də yeri gəlmişkən öz marağımı gizlətməyib işığın verilməsi vəziyyətini soruşuram. Əliməmməd kişinin cavabı uzun olur:
- Qışın günüdür. Küləkli, qarlı havalarda hər yerdə olduğu kimi, burada da bəzən kəsilir. Amma uzun müddətə yox. İşıqçılar baş vermiş qəzanı tezliklə aradan qaldırırlar. Bu televizor olmasa, çölün düzündə kor və kar kimi olarıq. Dünyadan xəbərimiz olmaz. Dünya isə çalxalanır. Allah axırını xeyrə calasın. Fransa, Almaniya və digər Avropa ölkələri dinc dayanmırlar. Qarabağda qazanılan qələbəni qəbul edə bilmir, Ermənistanı müdafiə edirlər. Ancaq xalqımız, ordumuz yumruq kimi bir olub Prezident, Ali Baş Komandan  İlham Əliyevin arxasında möhkəm dayanıb. Bu birlik 30 ildən sonra hamımıza sonsuz sevinc yaşatdı. Belə bir zəfər Azərbaycanın tarixində heç vaxt olmayıb. Ermənilər xaricdə olan havadarlarının ətəyindən möhkəm yapışaraq yenidən müharibə törətmək istəyirlər. Hər cür hiyləyə, məkrə əl atırlar. Lakin xeyri yoxdur. Artıq 90-cı illərin ölkəsi deyilik. İndi güclü-qüdrətli ordumuz var və gün keçdikcə o daha da qüvvətlənir. İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində keçən ilin sentyabrında Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər yerlər də erməni separatçılarından tamamilə təmizləndi. Bildiyimiz kimi, indi oralarda böyük tikinti-quruculuq işləri görülür. Açıq danışacam. Öz içimizdən olan bəzi-bəzi ünsürlər İlham Əliyevin gördüyü işin qədir-qiymətini aşağı salmağa çalışır, ona dodaq büzürlər. Ancaq dərk etmirlər ki, İlham Əliyevin siyasi səriştəsi nəticəsində bu qələbə qazanıldı. Eybi yox, vaxt gələcək ki, onlar da haqq yoluna gəlib peşman olacaqlar. Bunları nəzərə alıb fevralın 7-də ailə üzvlərimlə birlikdə İlham Əliyevə səs verdik. Yeri gəlmişkən, bir məsələ haqqında da öz fikrimi bildirmək istəyirəm. Dövlətimiz, şəxsən Prezident İlham Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi, fermerlərin maddi və mənəvi marağının artırılması üçün çox işlər görüb. Süni mayalanma yolu ilə aldığımız hər buzova subsidiya verilir, bütün vergilərdən azadıq, indi kəndlinin texnika sarıdan müşkül işi yoxdur. Bu siyahını daha da uzatmaq olar. Lakin problemlər də var. Mən qoyun saxlayıram. Yazda onun yununu qırxıb bilmirəm nə edim. Yuna heç kim yiyə durmur. Halbuki o, qiymətli xammaldır. Bir şey dəyərindən ucuz qiymətləndiriləndə deyirlər ki, şor qiymətinədir. İndi şor da yundan bahadır. Lerikdə əvvəllər xalçaçılıq olub. Əlaqədar təşkilatlar bu məsələ ilə bağlı bizim rayonda da iş görə bilərlər. Xalça sexi açsalar, çox yaxşı olar. Bunun üçün istənilən qədər işçi qüvvəsi və yun var. Bundan sonra inanıram ki, Azərbaycanda turizmin inkişafı sürətlənəcək. Cənub bölgəsinə gələn qonaqlar Lerikdə olarkən burada toxunan xalçaları suvenir kimi alıb öz ölkələrinə apara bilərlər.
Saata baxıram, 16-nı göstərir. "Çox sağ olun, süfrəniz və söhbətiniz üçün. Qış günü qısa olur. Odur ki, icazə versəydiniz, yola düşərdik", - deyirəm. 
Həyətə düşürük. Ə.Yəhyayev sükan arxasına keçir. Gəldiyimiz yolla geri qayıdırıq. Yenə gözlərim önündə 3-4 saat öncə gördüyüm düzlər canlanır, yadıma S.Vurğunun "Muğan" poemasındakı həmin şeir parçası düşür. Şair böyük təvazökarlıqla ürəyindən süzülüb gələn misraların bəlkə də yaddaşlarda qalmayacağını, aşıqların sazında çalınmayacağını güman edirdi. Lakin o, qoca çobanın dilindən dediyi "Muğan Muğan olsa, biri üç eylər, Muğan tufan olsa, üçü heç eylər" müdrik kəlamın yadigar qalacağını, nəsildən nəslə keçərək yaşayacağına əmin idi. Və bu əminlik sonradan özünü doğrultdu. Deyilənlərə görə, keçən əsrin ortalarında Muğana elə güclü qar yağır, qış o qədər sərt keçir ki, Dağıstandan qışlağa gələn çobanlar təkcə çomaqlarını götürüb geri qayıtmağa macal tapa bilirlər. 
Əliməmməd kişi deyir ki, bu qış Muğan üçün əlverişli keçir. Deməli, sağlıq olsa, bir qoyun əkiz bala verib üç baş olacaq. 

Seyran CAVADOV, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!